Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə cəmləşməsi ilə bağlı məlumatların yayılmasından sonra Aİ-nin Ermənistandakı müşahidə missiyası bu sərhədyanı ərazilərdə patrul fəaliyyətini artırıb. Müşahidəçilər bu məlumatı Brüsselə ötürüblər.
Ovqat.com-un məlumatına görə, bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter “Armenpress”ə müsahibəsində bildirib.
“Azərbaycan qüvvələrinin toplanması ilə bağlı söz-söhbətlər, şayiələr yayılanda biz sərhədin bu hissələrində patrullarımızın sayını artırdıq. Biz mütəmadi olaraq gördüklərimizi Brüsselə çatdırırdıq. Biz həmçinin bu barədə X-də (keçmiş Twitter – Ovqat.com) yazıb, vəziyyəti yaxşılaşdırmağa, gərginliyi azaltmağa çağırdıq”, - deyə Ritter bildirib.
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter
Ritter İcevanda Aİ missiyasının operativ ofisinin açılmasına da toxunub və qeyd edib ki, bu, müşahidəçilərin Tavuş (Tovuz rayonu ilə qonşu – Ovqat.com) vilayətinin sərhədyanı rayonlarında sutka ərzində patrul xidmətinə imkan verəcək.
“Bu gün biz Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının Tavuş bölgəsində patrul xidməti aparmaq üçün İcevanda ofisini açdıq. Bundan əvvəl biz Martunidəki (Göyçə gölünün cənub sahilində - Ovqat.com) ofisimiz vasitəsilə bu ərazidə patrul xidməti həyata keçirirdik. Bura çatmaq üçün uzun yol qət etdik və patrulların sayı da az idi. İndi burada daimi bazamız olduğundan Azərbaycanla sərhəddə gecə-gündüz patrul xidməti apara bilərik”, - deyə o, vurğulayıb.
Markus Ritter həmçinin Aİ monitorinq missiyasının əsas qərargahının bu həftənin sonunda Yexeqnadzorda (Naxçıvanın şimalında, əvvəlki adı Keşişkənd) açılacağını açıqlayıb. “Bizim əsas qərargahımız bölünüb: biri Yexeqnadzorda, digəri İrəvanda. Beləliklə, cümə günündən etibarən bizim Yexeqnadzorda birgə qərargahımız olacaq. Daha sonra biz Naxçıvanla həmsərhəd ərazilərdə patrul xidməti həyata keçirmək üçün Yexeqnadzorda operativ baza açacağıq”, - deyə Aİ-nin müşahidə missiyasının rəhbəri əlavə edib.
Paylaş: