Azərbaycan Ermənistanla sülh müqaviləsinin mətni ilə bağlı İrəvana yeni təkliflər göndərib.
Ovqat.com-un məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, Ermənistan ağlabatan müddətdə sülh müqaviləsinin mətni ilə bağlı öz şərhlərini Azərbaycana təqdim edəcək.
Paşinyan bir daha bəyan edib ki, regionda dinc inkişafa alternativ yoxdur. Onun sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə dəyərdir. Bu baxımdan, Qarabağda humanitar böhranın aradan qaldırılması təxirəsalınmaz vəzifə olaraq qalır və Ermənistan bu istiqamətdə mümkün olan bütün səyləri göstərəcək.
Eyni zamanda, o qeyd edib ki, sərhəddə vəziyyət gərgin olaraq qalır, Azərbaycan Ermənistanla sərhəd boyunca və Qarabağdakı təmas xəttinə qoşun və texnika göndərməyə davam edir: “Qarabağın özündə də son dərəcədə ağır humanitar vəziyyət yaranıb”.
Baş nazir xatırladıb ki, bir gün əvvəl Rusiya tərəfindən göndərilən humanitar yardım partiyası Stepanakertə çatıb, bir avtomobillik yardım vəziyyətə ciddi təsir göstərmək iqtidarında deyil. Paşinyanın vurğulayıb ki, Ermənistandan və Fransadan göndərilən humanitar yardım maşınları hələ də Laçın dəhlizinin girişində, Kornidzor kəndi yaxınlığında gözləyir.
Beynəlxalq ictimaiyyətin blokadanın aradan qaldırılması üçün çağırışlar etməkdə davam etdiyini və diplomatik səylər göstərdiyini bildirən erməni baş naziri bu müzakirələrdə Qarabağın ermənilərinin də fəal şəkildə yer aldıqlarını da söyləyib. Bu baxımdan o, Azərbaycanla etibarlı beynəlxalq dialoq mexanizmi yaratmağa ümid edir. Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti də Qarabağ rəhbərliyini belə dialoqa həvəsləndirir.
Paylaş: