İran Zəngəzur dəhlizinə qarşı çıxmasını və Ermənistanı dəstəkləməsini iki səbəblə izah edir:
- Zəngəzur dəhlizi NATO qüvvələrinə lazımdır və bu yolla onlar Azərbaycanı və Orta Asiya ölkələrini silahlandıra bilərlər;
- Bu dəhlizin açılması İranın Qara dənizə çıxışını əngəlləyir və Hindistanla planlaşdırdığı Baharat yolunu bağlayır.
Bəs bu iddialar nə dərəcədə həqiqətdir?
Əvvəla, Zəngəzur dəhlizi ticari gediş-gəliş üçün nəzərdə tutulub və onun hərbi daşımalara az dəxli var. Əgər NATO-ya hərbi daşımalar lazım olarsa, bunu Gürcüstan üzərindən də reallaşdıra bilər. Baxmayaraq ki, hazırda Gürcüstanda ruspərəst hakimiyyət iqtidardadır və bu amil NATO-nun Orta Asiyaya açılımı qarşısında əngəlləyici rol oynayır. Amma İvanişviliyə bağlı hökmətin devrilib yerinə Qərbpərəstlərin gətirilməsi mümkündür və son zamanlar qonşu dövlətdə bu proseslərin getdiyini Tbilisinin özü də gizlətmir.
İran NATO-nun əlinə oynayır
İkincisi, İranın qızışdırması nəticəsində Ermənistan regional əməkdaşlığa yönəlmir, özünü beynəlxalq layihələrdən təcrid edir və istər-istəməz NATO dövlətlərinin himayəsinə sığınaraq, ayaqda qalmağa çalışır. Bu da nəticə etibarilə onun təhlükəsizlik və müdafiə strategiyasını dəyişməsinə gətirib çıxarır. İrəvanın yeni təhlükəsizlik və müdafiə strategiyası rus qoşunlarını öz ərazilərindən çıxarmaq və onların yerinə NATO qüvvələrini yerləşdirməkdir. Məlumdur ki, rus qoşunları əsasən bu ölkənin Türkiyə və İran sərhədlərini qoruyurdular. Rusiyanın Qərb dövlətlərinin hərbi qüvvələri ilə əvəz olunması, faktiki olaraq, Zəngəzurun NATO-nun plasdarmına çevrilməsi anlamına gəlir. İran həqiqətən də bu perspektivlə razılaşmaq istəmirsə, deməli, məntiqlə erməniləri yox, bizi müdafiə etməlidir. Biz isə bunun tamamilə əksini görürük. Belə çıxır ki, Zəngəzura yad ünsürlərin yerləşdirilməsi biz yox, İrəvan və Tehran istəyir. Daha doğrusu, İran strateji dərinlikdən uzaq siyasəti ilə bəlkə də özü də bilmədən, NATO-nun əlinə oynayır.
İrəvanın təklif etdiyi marşrut
O ki qaldı Zəngəzur dəhlizinin açılması ilə İranın Oman dənizindən Qara dənizə çıxmaq istədiyi nəqliyyat yolunun bağlanması məsələsinə, bu da inandırıcı deyil. Əvvəla ona görə, Azərbaycan Zəngəzuru ələ keçirmək niyyətində deyil. Sadəcə ordan keçən tarixi yolu bərpa etməyə çalışır. Bu isə Zəngəzur üzərindən Cənub-Şimal marşrutunun da fəaliyyət göstərməsinə heç bir maneə yaratmır.
İkincisi, Ermənistanın İrana təklif etdiyi marşrut rentabellilik baxımından da digər alternativlərinə uduzur. İlk növbədə ona görə ki, bu marşrut sıldırım qayalar, silsilə dağlar və dolanbac yollardan keçir. Nəticədə daşımaçılıq sahəsində ciddi risklər daşıyır.
Dİgər tərəfdən, bu yol alternativləri ilə müqayisədə ən uzun marşrutdur. İran sərhədlərindən Qara dənizə uzanan bu yolun uzunluğu hardasa 951 km-dir və bu yolun Gorus-Qafan xətti Azərbaycan ərazisindən keçir. Bu isə 3 ölkəyə tranzit haqqı ödənilməsi anlamına gəlir. Onun digər alternativi isə hələ də salınmayıb və bunun üçün hardasa 3 milyard dollar investisiya qoyulmalıdır. Amma nə İranın, nə də Ermənistanın bu imkanları yoxdur. Avropa dövlətləri isə, çətin ki, həm təhlükələrlə dolu, həm də rentabeliliyi mübahisə doğuran bu avaturist layihəyə vəsait yatırar.
Alternativlər
Halbuki Azərbaycanın təklif etdiyi Beyləqan-Poti yolu daha qısadır – 780 km. Üstəlik, dağdan-daşdan da keçmir və təhlükəsizdir.
Dəmir yolu potensialı
Ən əsası, İrəvanın təklif etdiyi marşrut üzərindən dəmir yolu çəkmək də asan deyil. Kilometrlərcə tunellərdən keçməli olan bu yola çəkilən xərcin nə zaman çıxarılacağı da bilinmir. Azərbaycanın təklif etdiyi marşrutlarda isə dəmir yolu nəqliyyatı da nəzərdə tutulur. Məsələn Naxçıvan üzərindən istər dəmir, istərsə də avtomobil yolu ilə Ermənistana çıxış cəmi 120 km. edir. Arazdəyəndən Poti limanına qədər məsafə isə 617 km-dir. Üst-üstə gələndə bu yol da İranın ümid bağladığı Zəngəzur dəhlizindən xeyli qısadır və dəmir yolu çəkmək üçün də əlverişlidir.
Ən qısa marşrut
Başqa bir alternativ də var: İranın Maku şəhəri üzərində Türkiyənin Hopa limanına çıxış. Cəmi 488 km.dir.
Bütün bu alternativlərə baxmayaraq, İranın illa da Ermənistan üzərindən Qara dənizə çıxmaq istəyi ticari hədəflərdən çox, avantüraya oxşayır. Ticarət isə avantürist layihələri sevmir. Görünür, məhz bu səbəbdən də G-20 zirvəsində İranın xəyallarını qurduğu Oman dənizi-Qara dəniz dəhlizi bir kənara atıldı və Hindistan-Yaxın Şərq-Avropa xəttinə üstünlük verildi. Beləcə, İran özü ilə bərabər bizim də, özünün də Cənub-Şimal dəhlizi projemizi ciddi təhlükə altında qoydu. Bununla belə, hesab edirəm ki, İran öz yanlış siyasətindən vaz keçib, ciddi projelərə yönəlsə, yenidən regionun inkişafı üçün böyük verən beynəlxalq layihələri üzərində anlaşıla bilər.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: