ABŞ Dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsində Türkiyənin Xarici İşlər naziri Hakan Fidanla telefon danışıqları ilə bağlı yaydığı paylaşımı silib.
Ovqat.com-un məlumatına görə, paylaşımda Blinken həmkarı ilə söhbətində Türkiyənin İsrail-Fələstin savaşı ilə əlaqədar mövqeyini “təşviq etdiyi”ni vurğulamışdı.
"Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə HƏMAS-ın İsrailə qarşı törətdiyi terror aktları ilə bağlı növbəti görüşümüz oldu. Türkiyənin atəşkəs çağırışını və HƏMAS-ın bütün girovları dərhal azad etməsini təşviq etdim”, - paylaşımda bildirilirdi.
Maraqlıdır ki, Blinkenin paylaşımında irəli sürdüyü fikirlər daha sonra ABŞ Dövlət Departamentinin görüşlə bağlı yaydığı yazılı açıqlamada da qeyd olunurdu: "İkili HƏMAS'ın İsrailə qarşı terror hücumunu müzakirə etdi. Blinken Türkiyənin davam edən əlaqəsini təşviq etdi və ABŞ-ın HƏMAS-ın hücumları dayandırması və bütün girovları azad etməsinə fokuslandığını bildirdi”. Dövlət Departamentinin eyni məzmunlu açıqlama verməsi Blinkenin öz paylaşımını niyə təcili sildiyi sualını ağla gətirir.
ABŞ yetkililərinin Türkiyə ilə bağlı sosial şəbəkə mesajlarını silməsi ilk hadisə deyil. Ötən həftə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada türk PUA-nın vurduğunu elan etdiyi paylaşımı da silmişdi. Belə ki, CENTCOM sosial media hesabındakı məlum paylaşımında Türkiyənin “regional təhlükəsizlik və sabitliyi təhdid edən fəaliyyətlərə qarşı olduqları və bənzər hadisələr baş verəcəyi təqdirdə ABŞ-ın özünümüdafiə hüquqlarından istifadə edəcəyi bildirilmişdı.
CENTCOM-un bu bəyanatı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisədən sonra verdiyi açıqlama ilə ziddiyyət təşkil edirdi. Pentaqon eyni hadisə ilə bağlı yaydığı yazılı açıqlamasında Türkiyənin PKK ilə mübarizədə haqlı təhlükəsizlik narahatlıqlarını qəbul etdikləri, Türkiyənin ən güclü və ən dəyərli NATO müttəfiqlərindən biri olduğu və ortaqlığın davam edəcəyi vurğulanırdı. Pentaqonun bu rəsmi bəyanatından sonra CENTCOM-un sosial media paylaşımını silməsi başadüşülən idi.
Blinkenin hansı səbəbdən öz paylaşımını silməsi isə aydın deyil.
Görünən budur ki, ABŞ yetkililərinə öz tələsik paylaşımlarını sildirən biri var və bu, böyük ehtimalla Türkiyədir.
Paylaş: