Xəbər lenti
Bu gün, 19:25
 
Ötən bazar günü Türkiyədə keçirilən referendumun ən yaxşı qiymətini ölkənin keçmiş Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay verdi.
Ovqat.com türk mətbuatına istinadən bildirir ki, 29 avqust 2007 - 24 Yanvar 2013-ci illər arasında Rəcəb Tayib Ərdoğan iqtidarının naziri olmuş Ə. Günay referendumun nəticələrini “Pirr zəfəri”nə bənzədərək deyib:
"İlk dəfədir ki, MSK sədri nəticələri rəsmən açıqlanmamış yarışın qalibini elan edir. Əslində isə bu, tam bir “Pirr zəfəri” idi"
Zənnimizcə, CHP-li keçmişi ilə tanınan Günayın referendumun nəticələrini məğlubiyyətə bərabər zəfər mənasını verən “Pirr qələbəsi”nə bənzətməsi təkcə onun nostalgiya hislərinin qabarmasından irəli gəlmir. 16 aprel referendumu bir sıra xüsusiyyətləri ilə də “Pirr qələbəs”inə bənzəyir.
Bu bənzərlik ilk növbədə “bəli” ilə “xeyr” səslərinin arasındakı kiçik fərqdən qaynaqlanır. Türkiyə MSK-nın açıqladığı rəsmi nəticələrə nəzər salsaq, bu cüzi qələbənin təxminən 1.5%-lik fərqlə əldə edildiyini görə bilərik: “Bəli”-51.4%, “Xeyr”-49, 6%.
Üstəlik, AKP iqtidarı bu nəticəni qazanmaq üçün hakimiyyət gücündən də maksimum istifadə etmiş, bir çox hallarda əks kampaniya aparan tərəflərin hüquqlarını məhdudlaşdırmışdı. Ölkədə elan olunan fövqəladə vəziyyətlə müxaliflərin seçki mitinqləri keçirməsinin qarşısını alınmış, radio və televiziyalarda onlara geniş yer verilməmiş, əksinə, bütün media qurumları “xeyr”çilərin əleyhinə təbliğatda səfərbər olunmuşdular. Xüsusilə 15 iyul çevriliş cəhdindən sonra ölkədə genişmiqyaslı repressiya siyasətinin yürüdülməsi, əks düşüncəli insanların birbaşa Ərdoğanın özü tərəfindən terrorçuluqda ittiham olunmaları vətəndaşlarda xof yaratmış, onların öz fikirlərini sərbəst ifadə etmələrinin əngəlləmişdir. Səsvermə günü bir çox yerlərdə muxtarların əhali üzərində qurduqları basqı nümunələrinin ortaya çıxması hakimiyyətin inzibati resurslardan öz xeyrinə istifadə etməsinin ən bariz nümunələrindəndir. Bütün bunlara baxmayaraq, “əvət”çilərin əldə etdiyi 1.5%-lik qələbə kral Pirrin öz dövrünün ən güclü silahı sayılan fillərlə mübarizə aparmasına rəğmən, məğlubiyyətə bərabər zəfər qazanmasına çox oxşayırdı.
Referendumda əldə edilən 1.5 faizlik üstünlüyün “Pirr qələbəsi”nə bənzəyən digər bir tərəfi hər iki sərkərdənin ciddi itkiylə üzləşməsiydi. Pirrin Askule döyüşlərində israrçı möqveyi öz canı bahasına başa gəldi və onun qurduğu səltənət tarixdən silindi. Ərdoğanın inadkarlığı və ritorikası isə Türkiyə hökumətini həm daxili, həm də xarici dayaqlardan mərhum edə bilər.
Təsadüfi deyil ki, AKP-MHP ittifaqının iki il öncəki parlament seçkilərinə nəzər salanda seçicilərin 60%-dən artığının səsini qazandıqlarını görə bilərik: AKP-49.49%, MHP-11.90%. Bu iki partiyanın son referendumda birgə topladığı səs isə təkcə AKP-nin iki il əvvəlki səsinə bərabər idi. Bu fakt da “evet”çilərin öz sosial bazalarının ən azı 10%-ni itirməsi deməkdir. Üstəlik, bu itkilərin böyük şəhərlərdə yaşanması gələcəkdəki böyük məğlubiyyətlərin xəbərçisi kimi görünür.
Son referendumda AKP hakimiyyətinin ən ciddi itkisi isə xarici arenada yaşandı. İndiyədək rəsmi Ankaranın yalnız Azərbaycan və bir neçə ərəb ölkələrindən başqa heç kim tərəfindən təbrik edilməməsi də bundan xəbər verir. Bunun tək istinası ABŞ prezidenti Trampın dünən R. T. Ərdoğana telefonla zəng etməsidir ki, Ağ evin digər sözçüləri tamamilə əks mövqe sərgilədilər və referenduma yekun qiymət vermək üçün ATƏT-in son hesabatını gözləyəcəklərini bildirdilər. ATƏT-in ilkin hesabatı isə Türkiyə rəsmilərini hövsələdən çıxaracaq mahiyyətdə idi və böyük ehtimalla yekun sənəd də buna uyğun hazırlanacaq. Üstəlik, gülü burnunda ABŞ prezidentinin qısa zaman ərzində ən müxtəlif məsələlərdə dəfələrlə öz mövqeyini dəyişməsi, etibarsız tərəfdaş kimi ad çıxarması da onun təmsil etdiyi dövlətin iradəsini ifadə etmədiyini göstərir.
Sözsüz ki, hakimiyyətdəki mövqeyini möhkəmlətmək istəyən R. T. Ərdoğanın istər xarici, istərsə də daxili dəstəyini itirməsi gələcək seçkilərdə uğrayacağı məğlubiyyətin əsas hərəkətverici qüvvəsinə çevrilə bilər. Necə ki, kral Pirr də Askule şəhərinə 3-cü hücumda məğlubiyyət şərbətini içdi. Hətta qətiyyətlə demək olar ki, uzun zamandan bəri Türkiyə siyasi idarəetmə mexanizmini əlində saxlayan AKP hakimiyyətinin bu mübahisəli və cüzi üstünlüyü indidən onun məğlubedilməzlik mifini darmadağın etdi və müxaliflərini daha aktiv mübarizələrə həvəsləndirdi.
Bütün bu amillərə nəzər salanda Ərtoğrul Günaya haqq verməmək mümkün deyil.
Heydər Oğuz



Ana səhifəyə qayıt        Baxış: 1 195          Tarix: 18-04-2017, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma