Xəbər lenti


Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) onuncu sammiti başa çatıb.Tədbirə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sədrlik edib. 

 

Ovqat.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirildiyinə görə, Qazaxıstan rəhbəri qapanış nitqində qeyd edib ki, Qazaxıstanın təşəbbüsü ilə yaradılan Türk Dövlətlərinin Təşkilatı hazırda tam hüquqlu beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Tokayev TDT-nin gələcək inkişafında maraqlı olduğunu vurğulayıb və türk dövlətlərinin koordinasiyalı inkişafının təmin edilməsinin zəruriliyi barədə fikirlərini bildirib.

 

“Sammitdə “Türk dünyasının perspektivləri - 2040” adlı sənəd təsdiq edilib. Ən əsası biz qardaş ölkələrin birliyini gücləndirdik. Biz ümumi dəyərlərimizə sadiqliyimizi bütün dünyaya nümayiş etdirdik”, - deyə Kasım-Jomart Tokayev bildirib.

 

Zirvə görüşünə yekun vuran Tokayev təşkilata üzv dövlətlərin standartlarının və terminologiyasının sistemləşdirilməsini təklif edib, onun fəaliyyətinin optimallaşdırılması və beynəlxalq inteqrasiya üçün bir sıra təkliflər verib. Qazaxıstan Prezidenti həmçinin təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, ölkə rəhbərlərini regionlararası ticarəti genişləndirməyə və iqtisadiyyata sərmayə qoyuluşuna diqqət yetirməyə çağırıb.

 

Sonda iştirakçı ölkələrin liderləri Təşkilatın qarşısına bir sıra məqsəd və vəzifələr qoyub, həmçinin bəzi beynəlxalq müqavilələr imzalayıblar.

 

Müqavilələrin məzmunu açıqlanmasa da, fikrimizcə, imzalanan sənədlər Avropa İttifaqının “Qlobal Gateway” (“Qlobal Keçid”) layihəsində nəzərdə tutulan işlərin görülməsi istiqamətində atılacaq addımları əhatə edir.

 .

Qeyd edək ki, “Qlobal Gateway” (“Qlobal Keçid”) layihəsi Çinin 2020-ci ildə Aİ tərəfindən irəli sürülüb. Çinin “Bir Yol, Bir Kəmər” layihəsinə alternativ kimi irəli sürülən bu proje Mərkəzi Asiya və Afrika ölkələrinin iqtisadi inkişafını və Avropa ilə iqtisadi inteqrasiyasını nəzərdə tutur. Layihə çərçivəsində xüsusilə Orta Asiya ölkələrində alternativ enerji mənbələrinin yaradılması və Xəzər üzərindən Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə Avropaya nəql edilməsi öngörülür.

 

Yeri gəlmişkən, Orta Asiya ölkələrinin liderləri sentyabr ayında əvvəl ABŞ-a, daha sonra Almaniyaya səfər etmişdilər. ABŞ və Almaniya liderləri ilə görüşlərdə böyük ehtimalla “Qlobal Gateway” (“Qlobal Keçid”) layihəsinə başlamaq barədə müzakirələr aparılmışdı. Üzərindən ayyarım keçməmiş Türk Dövlətlər Təşkilatının Qazaxıstanda bir araya gəlməsi və müzakirələrdə regional iqtisadi əlaqlərlə yanaşı “beynəlxalq inteqrasiya” mövzusunun da masaya yatırılması bu ehtimalı gücləndirir. 

 

“Qlobal Gateway” (“Qlobal Keçid”) layihəsinə Avropa İnvestisiya Bankı və Aİ-nin 300 milyard dollardan çox maliyyə yatırması planlaşdırılıb. Orta Asiya liderlərinin 29 sentyabr 2023-cü il tarixli Berlin sammitində apardıqları müzakirələr barədə alman mediasında dərc olunan xəbərlərdə bildirilirdi:

 

“Energetika sahəsində gələcək əməkdaşlığa dair qərar beş Mərkəzi Asiya ölkəsinin liderləri ilə Scholz arasında Berlində keçirilən görüşdən sonra qəbul edilib. Almaniya da Aİ-nin “Qlobal Gateway” layihəsi vasitəsilə iqtisadi əlaqələri yaxşılaşdırmaq istəyir.

 

Almaniya və beş Mərkəzi Asiya dövləti aralarında iqtisadi əlaqələri inkişaf etdirmək qərarına gəliblər. Almaniya kansleri Olaf Şolz ilə Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan dövlət başçıları arasında paytaxt Berlində keçirilən görüşdən sonra açıqlanan birgə bəyannamədə “enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ enerji təchizatı üçün yeni marşrutların yaradılması” məqsədi qeyd edilib”. Vurğulanıb ki, Almaniya və Avropa ölkələri Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra Rusiyanın təbii qaz və neftindən asılılığını azaltmaq üçün səylərini sürətləndiriblər.

 

Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının və Şolzun bir araya gəldiyi görüşdə nəqliyyat və tranzit marşrutlarının yaxşılaşdırılması istiqamətində də addımların atılması qərara alınıb. Qonaq ölkələrin liderləri, Avropa İttifaqının (Aİ) rəqəmsallaşma, enerji, nəqliyyat kimi sahələrə sərmayə qoymağı və inkişaf etməkdə olan ölkələrin səhiyyə və təhsil sistemlərinə və elmi araşdırmalarına dəstək verməyi hədəfləyən 300 milyard avro dəyərində "Qlobal Gateway" layihəsinin 2027-ci ilə qədər tamamlanması gözlənilir. 

 

Bu layihələr Aİ tərəfindən inkişaf etməkdə olan ölkələri Avropa ilə daha sıx birləşdirmək üçün Çinin “İpək Yolu Təşəbbüsü”nə alternativ kimi baxılır. Almaniya kansleri Şolz Mərkəzi Asiya liderlərinə bildirib ki, ölkəsi bu təşəbbüsləri həm milli büdcə, həm də Aİ resursları ilə dəstəkləmək istəyir.

 

Olaf Scholz cümə axşamı digər liderlərdən bir gün əvvəl Almaniyaya gələn Qazaxıstan prezidenti Kasım Jomert Tokayevlə də görüşüb. Mərkəzi Asiya ölkələri arasında Qazaxıstan Almaniya üçün ticarət tərəfdaşı kimi prioritet mövqeyə malikdir”.

 


 

Maraqlıdır ki, TDT-nın Astana sammitinin keçirildiyi sırada Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov (Türkmənistanın kölgəyə çəkilən əsl rəhbəri) mediaya açıqlamasında Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq deyib: “Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir”.

 

O, həmçinin vurğulayıb ki, hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir: “Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq”.

 

Bütün bu məlumatlar Türk dövlətlərinin Aİ tərəfindən hazırlanan “Qlobal Gateway” (“Qlobal Keçid”) layihəsini artıq həyata keçirməyə başladıqlarını göstərir. 


Heydər Oğuz 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 971          Tarix: 4-11-2023, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma