Qəzzada müharibənin davam etdiyi bir vaxtda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu gün “Fövqəladə Ərəb-İslam sammiti” keçiriləcək.
Ovqat.com-un məlumatına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu barədə bildirib.
Məlumatda qeyd olunur ki, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bu gün keçirilməsi planlaşdırılan zirvələrinin fövqəladə Ərəb-İslam sammiti kimi təşkil edilməsinə qərar verilib və bu qərar ortaq mövqe sərgilənməsi məqsədi daşıyır.
Rəsmi açıqlamada ortaq sammitin keçirilməsi qərarının Qəzza və Fələstin torpaqlarının baş verən misli görünməmiş hadisələrə ərəb və islam ölkələrinin dəstək verməsi, mövqeyini ifadə etməsi zərurətindən doğduğu bildirilir.
İsrailin Qəzza zolağına hücumlarının müzakirə ediləcəyi fövqəladə sammitdə beynəlxalq norma və qanunlara və ümumi humanitar prinsiplərə uyğun olaraq hərbi əməliyyatların dərhal dayandırılması, mülki şəxslərin müdafiəsi, girov və məhbusların azad edilməsi, Fələstin xalqının məcburi köçünün dayandırılması kimi tələblərin qəbul edilməsi gözlənilir.
Sammit Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan bin Abdullanın sədrliyi ilə keçiriləcək.
Paylaş: