“Görün hələ, bizim qonşularımız nə edirlər: Ermənistan bir-iki hərbi maşın alanda belə, hay-küy qoparırlar. Halbuki, özlərində atom bombasından başqa, demək olar ki, hər şey var, amma dünyanı inandırmağa çalışırlar ki, Ermənistan guya yeni təcavüz məqsədilə silahlanır”.
Ovqat.com xəbər verir ki, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində belə deyib.
Onun fikrincə, Ermənistan Fransadan sadəcə müdafiə silahları alır və onun buna tam hüququ var.
“Azərbaycan öz hərbi arsenalını artırmağa davam edir, eyni zamanda Ermənistanı bu və ya digər, hətta kiçik hərbi sövdələşmələr bağlamaqda ittiham edir, - deyən erməni spikerin sözlərinə görə, o, rəsmi şəkildə bəyan etmək istəyir ki, Ermənistanın heç kimə hücum etmək məqsədi yoxdur və beynəlxalq ictimaiyyət Azərbaycanın aldığı çox milyardlıq silahlara diqqət yetirməlidir: Bakıdan soruşmaq lazımdır ki, bu qədər silah onun nəyinə lazımdır?”.
Simonyan qeyd edib ki, hətta İsraildə hərbi əməliyyatların qızğın vaxtında azərbaycanlılar oradan silah alıblar.
Eyni zamanda, siyasətçi əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanla danışıqlar məsələsində konstruktivdir, görüşlər və yeni müzakirələrlə bağlı istənilən təklifi müzakirə etməyə hazırdır. Amma o, gözləyir ki, Bakı da konstruktivlik nümayiş etdirəcək və cəsarətli addımlar atacaq.
Paylaş: