Xəbər lenti


Siyasi şərhçi: “Mümkündür ki, Qərb dövlətləri Ukraynaya yetərli silah verməsinlər və müharibə uzun illər ərzində davam etsin, amma...”

 

Soyuq havaların başlaması ilə Rusiya-Ukrayna cəbhəsində döyüş aktivliyi azalıb. Şübhə yox ki, hər iki tərəf qarşıdakı 4-5 ayda ən azından mövqeləri saxlamaq şərtilə növbəti ilin yazına daha yaxşı hazırlaşmağa çalışacaq. Xüsusən də maliyyə və silah sarıdan Qərbdən, ABŞ-dan birbaşa asılı olan Ukrayna.

 

Bir çox əlamətlərə görə, 2024-cü il bu müharibənin taleyində həlledici il olacaq. Bəs Qərb gələn il də Ukraynanı daha güclü şəkildə dəstəkləyəcəkmi? Sözsüz ki, çox şey bu sualın cavabından asılı olacaq.

 

“ABŞ Ukraynaya silahı yalnız cəbhəni saxlamaq üçün verir, Rusiyanı məğlub etmək üçün yox”.

 

Bu barədə “Newsweek” nəşri ekspertlərin açıqlamalarına istinadən məlumat yayıb.

 

Amerika jurnalı Vaşinqtonun mövqeyini belə izah edir ki, Kremlin Ukraynada strateji məğlubiyyəti Rusiya sərhədləri daxilində xaosa səbəb ola bilər: “Söhbət ola bilsin prezident Vladimir Putinin istefasından, regional hakimiyyət uğrunda amansız mübarizələrdən və bir də nüvə silahları ilə bağlı risklərdən (nəzarətsizlikdən) gedir”.

 

Qeyd olunur ki, Çindən artan təhlükə fonunda belə “Avrasiya anarxiyası” Ağ Ev üçün bir çox yeni problemlər yaradacaq.

 

Öz növbəsində NATO-nun Avropadakı müttəfiq qüvvələrinin keçmiş komandanı, general Filip Bridlav bildirib ki, Qərb Ukraynanın qalib gələcəyi zaman yaranacaq vəziyyətdən qorxur: “Təbii ki, heç kim Rusiyanın məğlub olacağı təqdirdə nə olacağını dəqiq proqnozlaşdıra bilməz. Amma bu qorxu Qərbdə bir çox siyasətçini iflic edir. Onlar bu riskin öhdəsindən necə gələcəklərini bilmirlər”.

 

Bridlav qeyd edib ki, bütün hərbi zabitlər və analitiklər bunu yanlış yanaşma adlandırsa da, Qərb Kiyevi ona lazım olan hər şeyin veriləcəyinə inandırmağa davam edir: “Bu da Ukraynaya ictimai dəstəyi zəiflədir”.

 

Çexiya prezidenti, istefada olan ordu generalı Petr Pavel isə deyib ki, Qərb Ukraynaya lazım olan hər şeyi verməlidir ki, ölkə öz ərazisinə uğurla nəzarəti bərpa edə bilsin. “Bizim Ukraynaya öz suverenliyini və sərhədləri üzərində nəzarəti bərpa etmək missiyasını uğurla başa çatdırmaq üçün lazım olan hər şeyi ona verməkdən başqa seçimimiz yoxdur: az versək, uğursuzluq həm də bizim olacaq. Rusiyanın qələbəsi isə gələcəkdə bizim əleyhimizə olacaq. Çünki bu, onlarda öz istədiklərini zorla əldə edə biləcəkləri barədə fikirləri gücləndirəcək və dünyanın bütün rejimlərinə Qərb demokratiyasının zəifliyinə arxalanmağa imkan verəcək”, - deyə o qeyd edib.

 

Rusiya, əlbəttə ki, tarixən işğalçı və yırtıcı bir dövlət. Bəs Moskva Ukraynada istədiyinə çatsa, nəticələr təsəvvür edilirmi? Xüsusən də həmsərhəd qonşu ölkələri nə gözləyir? Belə bir ümumi narahatlıq var ki, güc yolu ilə hədəfinə çatan Rusiya xüsusən də MDB üzvü olan yaxın qonşulara, “yaxın xaricə” münasibətdə analoji planlar qura bilər. Konkret olaraq Azərbaycanın əndişələnməsinə əsas varmı?

 

Bu arada Rusiya Dövlət Dumasının hakim partiyadan olan deputatı Yevgeni Fedorov bildirib ki, SSRİ-nin bütün keçmiş respublikaları İttifaqı qeyri-qanuni olaraq tərk edib. O daha sonra vurğulayıb: “Məsələn, götürək elə Qazaxıstanı. Qanunsuz olan hər şey həmişə mübahisəlidir. Ona görə də keçmiş Sovet İttifaqının bütün respublikalarını legitim hesab etməmək üçün əsaslar var”.

 

Deputat həmçinin bu ölkələrlə hüquqi münasibətlərin Putinin müəyyən etdiyi “qırmızı xətlər” prinsipləri əsasında qurulmasını təklif edib: “Yəni NATO-ya daxil olmamaq və anti-Rusiya xarakterli hərbi quruculuqla məşğul olmamaq. Bu isə beynəlxalq hüququn birgə sənədlərində öz əksini tapmalıdır”.

 

Bütün bunlar nəyin siqnallarıdır?

 

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında deyib ki, ABŞ-ın son zamanlar Ukraynaya silah təchizatını azaltması və respublikaçıların hakimiyyətə gəlməsi ilə bu yardımların tamamən dayandırılması ehtimalı dünya gündəminin əsas mövzusuna çevrilib: “Başda Kiyev olmaqla, bir çox paytaxtlarda bu məsələ ciddi şəkildə müzakirə edilir. Digər tərəfdən, Avropanın bir sıra ölkələrində sağ partiyalar hakimiyyətə gəlir və yeni hakimiyyətlər Rusiyaya qarşı kollektiv mübarizəyə həvəssiz yanaşırlar. Xüsusilə Şərqi Avropa ölkələrində bu tendensiya açıq şəkildə müşahidə olunur. Bununla belə, Qərb dövlətlərinin Ukraynanı tamamilə müdafiəsiz buraxma şansı yoxdur. Mümkündür ki, Qərb dövlətləri Ukraynaya yetərli silah verməsinlər və müharibə uzun illər ərzində davam etsin. Amma  Ukraynanın tamamilə Rusiyaya qurban verilməsi inandırıcı deyil”.

 

Siyasi şərhçinin fikrincə, Qərb ölkələrinin Ukraynanı ciddi şəkildə dəstəkləməməsinin bir sıra səbəbləri var: “İlk səbəblərdən biri ABŞ və Avropanın digər güclü dövlətlərinin Rusiyanın strateji məğlubiyyətini istəməmələridir. Qərb ölkələrinin fikrincə, Rusiya strateji məğlubiyyətə uğrayarsa, dağıla bilər. Bu isə dünyanın ən böyük nüvə gücü olan ölkədən xeyli sayda  nüvə dövlətinin ortaya çıxması və bu silahlar üzərində nəzarətin itirilməsi deməkdir. Nəzərə alsaq ki, parçalanmış Rusiya coğrafiyasında regional savaşlar da qaçılmaz olacaq, o zaman heç kim həmin dövlətlərin bir-birinə qarşı nüvə silahlarından istifadə etməyəcəklərinə zəmanət verə bilməz. Üstəlik, Rusiyanın həyati təhlükə anında nüvə silahlarından Qərb ölkələrinə qarşı istifadə etməyəcəyi də bəlli deyil. 

 

2-ci mühüm səbəb Rusiyanın təbii qaynaqlarının ölkənin mərkəzində yerləşməsi və dənizlə bağlantının olmamasıdır. Rusiya dağılarsa, həmin qaynaqların istismarı da çətinləşəcək. Onların hasilatı və indiki marşrut üzərindən nəqli mümkünsüzləşəcək. Hazırda Avropa ölkələri Rusiyanın təbii qaynaqlarına qarşı embarqolar qoysa da, bu sanksiyaların qalıcı olmasını arzulamırlar. Çünki Rusiyanı əvəz edəcək alternativlər azdır və sanksiyaların qalıcı hala gəlməsi sənayeləşmiş Avropa dövlətlərinə də ciddi zərər vurur. Odur ki, Qərb dövlətlərinə tamamilə dağılmış Rusiya yox, təsir gücünü tamamilə itirmiş Rusiya lazımdır. Təbii ki, bu durum nəticə etibarilə Rusiyanı zəiflədikcə parçalanmağa doğru aparar, amma bu ssenaridə parçalanmalar tədrici xarakter daşıyar və gözlənilən əks effektlər ortaya çıxmaz.  

 

3-cü səbəb, Rusiyanın strateji məğlubiyyəti ABŞ-ın da qlobal maraqlarına cavab vermir. Məlum olduğu kimi, ABŞ ”rus xofu"ndan istifadə edərək Avropanı özünə bağlayır. Bu xof yox olarsa, Avropa ölkələri müstəqilləşər və yeni qütb kimi ortaya çıxa bilər. SSRİ dağıldıqdan sonra Avropa İttifaqının müstəqil bir güc kimi ortaya çıxma təşəbbüsləri və tədricən ABŞ-ın himayəsindən uzaqlaşmağa can atması bunun ən bariz nümunəsidir. Təsəvvür edin, Avropanın müstəqilləşməsi təşəbbüsləri o həddə çatmışdı ki, hətta Fransa prezidenti Makron tərəfindən NATO-nun beyin ölümü keçirdiyi bildirilir və bu alyansdan kənar ordu yaratmaq ideyası irəli sürülürdü. Fikrimcə, Ukrayna savaşının da məhz bu açıqlamadan sonra baş verməsi təsadüfi deyil. ABŞ bu savaşla faktiki olaraq bütün Avropanı öz ətrafında birləşdirdi, müttəfiqlərin hərbi xərclərini ÜDM-lərinin 2%-ə qədər artırmağı bacardı. Sözsüz ki, “Rusiya xofu” olmasaydı, Vaşinqton buna nail ola bilməzdi. Bu baxımdan, Rusiya ilə ABŞ bir-birinə bağlı qoşa ulduz kimidirlər. Birinin yoxoluşu digərinin də qiyamətini hazırlayır".

 

Heydər Oğuzun fikrincə, Rusiyanın Ukrayna savaşından qalib ayrılması mümkün olmadığından rus imperiyasının yenidən qurulması da real deyil: “Bəzi rus ideoloqları buna bənzər fikirlər irəli sürə bilərlər. Belə fikirlər sadəcə region dövlətləri qorxu altında saxlamaq və özünə tabe etdirmək məqsədi güdür. Üstəlik, belə hədələrlə Rusiya Avropa ölkələrini də hədələyir, onların ictimai fikrinə təsir göstərir. Nəticədə Qərb dövlətlərində Rusiya ilə savaşı dəstəkləyən qlobalist hökumətlər yıxılır, yerlərinə radikal millətçi qüvvələr gəlir. Beləcə, Aİ müstəvisində bir yumruq kimi birləşən Qərb ölkələri bu birlikdən ayrılma xətti tuturlar. Vaxtilə Böyük Britaniyanın Aİ-dən ayrılması misalında gördüyümüz bu tendensiyanın indi Hollandaya qədər uzanması, bəzi Şərqi Avropa ölkələrinin də eyni xətti tutması həm ABŞ-ın Ukrayna savaşına yardımları azaltmasının, həm də Rusiyanın daha təhdidkar ritorikaya sahiblənməsinin təbii nəticələridir. Mənim fikrimcə, Aİ-ni gələcəkdə özünün rəqibi və ABŞ himayəsindən uzaqlaşma platforması kimi görən Vaşinqton da bu tendensiyanın böyüməsində maraqlıdır. Çünki istənilən böyük gücü parçalayaraq özünə tabe etdirmək klassik imperiya siyasətlərindədir və o, ”parçala, hökm sür" siyasəti adlanır". 

 

Həmsöhbətimiz düşünür ki, Rusiyanın Mərkəzi Asiya ölkələrinə və Cənub Qafqaza hücuma keçməsi, bu bölgələri işğala çalışması ikinci cəbhənin açılması anlamına gəlir ki, bu da Moskvanın ağlından keçirə biləcəyi ən axmaq ideya olardı: “Bilirsiniz ki, hazırda Rusiyaya ən çox dəstək verən ölkələrin başında Çin gəlir. Türkiyə də NATO dövlətlərinin Rusiyaya qarşı aqressiv siyasətini əngəlləyən güc olaraq çıxış edir. Ukrayna savaşından əvvəl Rusiya Qazaxıstana girmiş və qısa müddətdən sonra oranı tərk etmək məcburiyyətində qalmışdı. İddialara görə, Rusiyanın geri çəkilməsində Çinin də ciddi təsiri olmuşdu. Mərkəzi Asiyaya özünün maraq dairəsi kimi baxan Çin Rusiyanın hazırda əsas gəlir mənbələri sayılan enerji resurslarının ən böyük alıcısıdır. Mərkəzi Asiya uğrunda rəqabətdə sözügedən 2 müttəfiqin arasında ziddiyyət yaranarsa, bundan ən çox itirən Rusiya olar. Çünki Çin rahatlıqla özünün enerji ehtiyaclarını təmin edən alternativ tapa bilər. Neftini, qazını Yaxın Şərq ölkələrindən alar. Çini itirmək isə Rusiyanın tamamilə təcrid olunmasına gətirib çıxarar ki, bu da onun getdikcə zəifləməsi və sonunda iflası ilə nəticələnər. 

 

Üstəlik, Rusiyanın hazırda həyat nəfəsliyi kimi baxdığı Türkiyə də bu perspektivlə razılaşmaz və Montro Konvensiyasının imkanlarından istifadə edərək Qara dənizi NATO qüvvələrinə açar. Bununla da Rusiya dünyaya yeganə çıxış qapısı kimi gördüyü Qara dənizi tamamilə itirər. 

 

Eyni sözləri Cənubi Qafqaz üçün də deyə bilərik. Hətta Cənubi Qafqaz Türkiyə üçün daha strateji əhəmiyyət daşıyır və Ankara son zamanlar bu regionda qazandığı tarixi fürsəti fövtə vermək istəməz. Çin üçün də Cənubi Qafqaz Avropaya açılan qapıdır, minillik tarix sübut edir ki, bu ölkənin böyüməsi və ayaqda dayanması bu qapının sağlam əllərdə olmasından keçir. Təsadüfi deyil ki, türklərin İstanbulu almasından sonra tarixi İpək yolu bağlanmış, Çinin tənəzzülü də bu tarixdən başlamışdı. Tarixi İpək yolunun keçdiyi həmin coğrafiyaların əldən çıxması Çinin yenidən böyümə perspektivini də təhlükə altına atar və o, bu perspektivlə qətiyyən razılaşmaz”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 




Ana səhifəyə qayıt        Baxış: 5 978          Tarix: 2-12-2023, 09:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma