Xəbər lenti


Ukraynanın müdafiə naziri Rustem Umerov Belçikanın müdafiə naziri Ludivine Dedonder ilə görüşüb. 

 

Ovqat.com-un məlumatına görə, nazirlər F-16 qırıcılarının Ukraynaya təhvil verilməsini müzakirə ediblər.

 

Bildirilir ki, Belçika bu təyyarələri təhvil vermək niyyətini təsdiqləyib. Söhbət zamanı həmçinin təyyarələrdə pilotların hazırlanması və Ukraynanın lazımi avadanlıqla təchiz edilməsi məsələləri də qaldırılıb.

 

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, ukraynalı nazir Belçikaya Ukraynanı dəstəklədiyinə və Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin gücləndirilməsində iştirakına görə təşəkkür edib. 

 

Belçikalı nazir ölkəsinin 2025-ci ildə F-16 təyyarələrini Ukraynaya təhvil vermək niyyətini təsdiqləyib.

 

Umerov qeyd edib ki, hazırda F-16-lar üçün döyüş sursatı, ehtiyat hissələri və texniki avadanlıqların tədarük zəncirlərinin sazlanması prosesinə başlamaq lazımdır. Nazirlər gələn ilin əvvəlində Ukraynada Belçika müdafiə sənayesi kompleksinin nümayəndələrinin qəbulu imkanlarını müzakirə ediblər.

 

"Belçika Krallığından Ukrayna müdafiə qüvvələrinə texniki yardımın ümumi həcmi 320 milyon avrodan çoxdur", - Müdafiə Nazirliyi xatırladıb.

 

F-16-nın Belçikadan təhvil verilməsi

Bu ilin oktyabr ayında Belçikanın müdafiə naziri Ludivine Dedonder ölkəsinin hərbi yardım çərçivəsində Ukraynaya bir neçə F-16 döyüş təyyarəsi göndərəcəyini açıqlamışdı. Lakin tədarüklərin yalnız 2025-ci ildə baş tutacağı məlum olub. Dedonderın sözlərinə görə, döyüş təyyarələri “yeni F-35-lərin alınaraq Belçika hava qüvvələrinin artırılmasından asılı olaraq” Ukraynaya təhvil veriləcək.

 

Belçika Müdafiə naziri həmçinin əlavə edib ki, Belçika qırıcılarla təmin etməklə yanaşı, ukraynalı pilotlara təlim keçəcək və bütün koalisiya F-16 donanmasına xidmət göstərməyi təklif edəcək. Dövlətin məqsədi Ukraynaya daimi yardım göstərməkdir.




Ana səhifəyə qayıt        Baxış: 5 049          Tarix: 5-12-2023, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma