Xəbər lenti


Ukraynaya müasir döyüş təyyarələrinin tədarükü ilə bağlı aylarla aparılan müzakirələr nəticəsində bu həftənin əvvəlində Birləşmiş Ştatlar transferi dəstəkləyəcəyini bildirdikdən sonra Danimarka və Hollandiya Kiyevə F-16 döyüş təyyarələri göndərmək barədə razılığa gəldilər. Bu səsdəniti reaktiv təyyarələrin alması üçün vaxt qrafiki müəyyənləşdirildi, ukraynalı pilotların və yerüstü ekipajın təlimlərinə başlanıldı, eləcə də təmir işləri aparmaq üçün texniki xidmət müəssisələrinin yaradılması ilə bağlı bəzi proqramlar hazırlandı. Bundan əlavə, Hollandiya və Danimarkalıların Ukraynaya göndərə biləcəyi F-16-ların sayı onların arsenallarında neçə təyyarənin işlək vəziyyətdə olmasından və ABŞ-dan F-35 qırıcılarını nə qədər tez almasından asılı olacaq. Məhz bundan sonra həmin dövlətlər öz köhnə F-16-larını Ukraynaya göndərə biləcək. Deməli, hər iki ölkənin Ukraynaya yaxın gələcəkdə təyyarə göndərməsi mümkün görünmür. 

 

Avropadan gələn xəbərlərdən sonra cümə axşamı ABŞ Müdafiə Nazirliyi də oktyabr ayında Arizonada təlim proqramına başlayacağını açıqladı. Bu təşəbbüs də öz növbəsində Danimarka və Rumıniyada ukraynalı pilotların hazırlanmasına kömək etmək istəyən Avropa ölkələrinin səylərinə əsaslanacaq. 

 

Bəs təlimlər nə qədər sürə bilər?

 

Avropalı ekspertlərin təxminlərinə görə, təlimlər təxminən bir aydan bir ilədək geniş müddət aralığında dəyişiləcək, qısası F-16-ların Ukraynanın döyüş qüvvələrinə inteqrasiyası xeyli zaman aparacaq. 

 

Təyyarələrin tədarükündən sonra belə, bəzi kritik suallar var ki, bir çox mütəxəssislər onlara cavab axtarırlar. Məsələn, bu reaktivlər Ukraynanın müdafiə gücünə həlledici təsir göstərəcəkmi? 

 

Ovqat.com-un məlumatına görə, NATO-ya bağlı düşüncə quruluşu “Atlantic Consil”in analitiklərinin fikrincə, F-16-ların tədarükü Ukraynaya hava sahəsində böyük imkanlar verəcək və digər dolayı hərbi və siyasi faydalarının olma ehtimalı da istisna deyil. Bununla belə, Ukraynanın üzləşdiyi əməliyyat problemlərini nəzərə alaraq, təkcə bu təyyarələrin tədarükü çətin ki, münaqişənin gedişatına həlledici strateji təsir göstərsin. 

 

Frank Hoffman, Maximillian Bremer və Kelly Grieco kimi analitiklər müharibənin hücum-müdafiə balansı ilə bağlı fərziyyələrə qarşı çıxma yollarını müzakirə ediblər. Gəldikləri qənaət isə belə olub: əgər Ukraynaya Rusiyaya qarşı müharibədə hava hücumlarından müdafiə imkanları qazanmaq üçün F-16-lar lazımdırsa, hava üstünlüyünü bərqərar etməyin daha asan yolları var və Ukrayna bu imkanlarla təchiz olunub. Söhbət əlbəttə ki, çoxqatlı hava hücumundan müdafiə sistemlərindən, o cümlədən yer-hava tipli raketlərdən gedir. Amma F-16-ların Ukraynanın müdafiə gücünün artırılmasına heç bir faydasının olmayacağını da düşünmək yanlış olardı.

 

Analitiklərin mülahizələrinə inansaq, F-16-lar Ukrayna qüvvələrinə faydaları olacaq, amma bu faydalar daha çox cari planlar üçün yox, perspektiv məqsədlər üçün düşünülməlidir

 

Üstünlükləri

 

Əvvəla, bu təyyarələr Ukraynanın müharibə zamanı verdiyi itkiləri kompensasiya edəcək. Ukrayna Hərbi Hava Qüvvələri müharibəyə təxminən 70-ə yaxın köhnə nəsil Mig-39 və Su-27 təyyarələri ilə girmişdi. Ukrayna Polşa və Slovakiyadan əlavə 20 ədəd Mig-39 alsa da, vizual olaraq təsdiqlənmiş sübutlara əsasən ən azı 32 qırıcı itirib. Bu itkilər Rusiyanın indiyə qədərki radar və hava-hava raket imkanlarında həlledici üstünlüyə malik olması ilə bağlıdır. Su-35S və Mig-31BM kimi Rusiya təyyarələri, Ukrayna təyyarələri onları aşkar etməmişdən əvvəl hərəkətə keçə bilirdi. Bir sözlə, ruslar daha təkmil radar sistemlərinə malik idi. Bundan əlavə, rus təyyarələri R-77 və ultra uzun mənzilli R-37M kimi aktiv radar təyinatlı raketlərdən istifadə edir ki, bu da Ukrayna qırıcılarının daşıdığı yarı aktiv R-27-dən xeyli üstündür. Bu faktorlar onu deməyə əsas verir ki, ukraynalı pilotlar indiyədək böyük çatışmazlıqlarla döyüşüblər, Rusiya təyyarələri Ukrayna reaktivlərini ilk olaraq görə bilib və düşmənin cavabını gözləmədən atəş açıblar.

 

F-16-lar təbii ki, Ukraynanın köhnə təyyarələrindən üstün olacaq. Daha güclü radarları və daha yaxşı müqaviməti ilə F-16-lar Rusiya təyyarələrini daha uzun məsafələrdə aşkarlaya biləcək və ukraynalı pilotların cəbhə xəttində yerləşdirilən Rusiya hava hücumundan müdafiə vasitələrinin əhatə dairəsindən kənarda qalmasına imkan verəcək. 

 

Bundan əlavə, F-16-lar çox güman ki, AIM-120 AMRAAM-larla, Rusiyanın R-77 ilə müqayisədə oxşar və ehtimal ki, üstün performansa malik hava-hava raketləri ilə də təchiz olunacaq. Bu da Ukraynanın gücünü artıracaq.

 

Digər tərəfdən, F-16-lar Ukraynaya ABŞ və digər Qərb ölkələrindən alınan müxtəlif mürəkkəb silah sistemlərinə asanlıqla inteqrasiya edilə bilən platformaya sahiblənmək imkanı qazandıracaq. Bunlara AN/ALQ-131, aşkarlanmamaq üçün düşmən radarını sındırmaq üçün nəzərdə tutulmuş elektron əks-tədbirlər bölməsi və ya kiçik diametrli bomba kimi dayanıqlı kinetik silahlar və hətta AGM-158 JASSM kimi qanadlı raketlər də daxildir. Ukrayna F-16-ları idarə etmək qabiliyyətinə yiyələndikdən sonra NATO ölkələrinin onu bir çox silahlarla təmin etmək  işini asanlaşacaq, çünki həmin silahlar əvvəllər istifadə edilən sovet təyyarələrindən fərqli olaraq, ABŞ istehsalı olan qırıcılara asanlıqla uyğunlaşdırılır.

 

Nəhayət, F-16-ların təhvil verilməsi Ukraynanı Rusiyanın pilotsuz təyyarələri və raket hücumlarına qarşı müdafiə məqsədli əlavə hava zenit sistemlərinə ehtiyacdan da azad edəcək. 

 

Dezavantajları

 

Bununla belə, F-16-ların Ukraynanın istifadə etdiyi digər təyyarələrlə müqayisədə üstünlükləri sırasına baxmayaraq, onların müharibəyə ümumi təsiri ilə bağlı gözləntilər böyüdülməməlidir. Mütəxəssislərin fikrincə, yerüstü hava hücumundan müdafiə vasitələrinin geniş yayılması hava qüvvələrinin münaqişənin hər iki tərəfində hücum manevrini dəstəkləməkdə həlledici rol oynamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Rusiyanın S-400 yer-hava raket sistemindən istifadə etməsi F-16 da daxil olmaqla bütün Ukrayna təyyarələri üçün böyük təhlükədir, çünki o, hətta ölkənin böyük bir hissəsində, o cümlədən Belarus, Krım və ya Rusiya ərazisində orta və yüksək hündürlükdə olan təyyarələri hədəfə ala bilir. Ukrayna reaktivləri sağ qalma qabiliyyətlərini artırmaq üçün ərazinin radar təsirindən istifadə edərək aşağı hündürlükdə fəaliyyət göstərməli olacaqlar. Bu taktikaya əl atılsa, Ukrayna F-16-ları rus qırıcıları ilə döyüşlərdə əlverişsiz vəziyyətə düşəcək. Daha yüksək hündürlükdə fəaliyyət göstərən Rusiya təyyarələri atdıqları hava-hava raketlərinə daha çox kinetik enerji verə bilər, bu da silahlarının sürətini, məsafəsini və ümumi öldürücülüyünü artırır. Üstəlik, F-16-lar aşağıda döyüşərsə, fizika qanunları ilə mübarizə aparmalıdırlar, çünki onların raketləri hədəflərinə çatmazdan əvvəl cazibə qüvvəsi və daha sıx hava ilə yavaşlayacaq.

 

Düşmən qırıcılarının və uzun mənzilli S-400-lərin təhlükəsi ilə yanaşı, döyüş meydanında müxtəlif növ qısa mənzilli və insan tərəfindən daşına bilən hava hücumundan müdafiə vasitələrinin yayılması da yaxınlıqdakı quru qoşunlarına dəstək verən Ukrayna F-16-ları üçün təhlükə yaradacaq. Nəhayət, havada olmasa belə, Ukrayna F-16-ları keçmişdə bir çox Ukrayna təyyarəsini məhv edən Rusiyanın raket zərbələrinə qarşı yerdə də həssas vəziyyətdə olacaq.

 

Perspektiv faydaları

 

F-16-ların münaqişədə oyunu dəyişdirən rol oynaması perspektivlərinin aşağı olmasına baxmayaraq, bu təyyarələri idarə etmək və saxlamaq üçün ukraynalı pilotlarını öyrətməyə, yerüstü ekipajlara və logistikalarına sərf olunan səylər uzunmüddətli dəyərə malik olacaq. Bu müharibənin təəssüf ki, yaxın gələcəkdə də davam edə biləcəyini nəzərə alsaq, Qərbin silah sistemlərini, proqram təminatını və texniki xidmətini daha asan qəbul edə bilən platformaya sahib olmaq Ukraynaya hərbi yardımda daha səmərəli imkanlar yaradacaq.

Uzunmüddətli perspektivdə həm NATO, həm də Ukrayna ölkənin Alyansa qoşulma məqsədini bölüşür. Buna görə də Ukrayna Hərbi Hava Qüvvələrini NATO standartları ilə tanış etmək və mürəkkəb sistemlərdə indidən təlim keçmək gələcək qarşılıqlı fəaliyyət üçün zəmin yaratmağa kömək edəcək.

 

 Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 5 482          Tarix: 27-08-2023, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma