Xəbər lenti


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.

 

2 saat yarım davam edən müsahibədə önə çıxan fikirlər:

 

* Zəngəzur dəhlizi

 

"Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil.

 

Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir...

 

Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər?...

 

Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq.

 

Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq. Onlar indi, necə deyərlər, bundan duyuq düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq və hətta bildiyiniz kimi, Amerika Dövlət Departamentinin rəhbərinin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, - mən artıq bunu demişəm, - Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir".

 

* Şuşa azad olunmasaydı

 

“Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur. əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı”.

 

* Hələ də işğal altında qalan 8 kənd

 

“Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.

 

* Yeni su anbarları tikiləcək

 

“İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək”.

 

Prezidentin çıxışının tamamı ilə aşağıdakı videoda tanış ola bilərsiniz.

 


 




Ana səhifəyə qayıt        Baxış: 5 256          Tarix: 11-01-2024, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma