Xəbər lenti


Anar İbrahimov hara baxır?


Naxçıvanın öz gizli qanunları var?

 

Naxçıvan MR Mərkəzi Xəstəxanasının tibb bacıları və xadimələri tərəfindən Ovqat.com-a ünvanlanan qısa mesajları facebook səhifəmizdə yayınlamışdıq. Mesajlarda xəstəxananın yeni təyin olunan icraçı direktoru Fehruz Zehirovun fəaliyyətindən şikayətlər yer alır və tibb mütəxəssisi olmayan bir adamın MR Mərkəzi xəstəxanasına məsul vəzifəyə gətirilməsinin səbəbi soruşulurdu.

 

Maraqlıdır ki, Naxçıvanda bu cür qeyri-ixtisas sahiblərinin rəhbərlik etdiyi tibb müəssisəsi təkcə Mərkəzi xəstəxana da deyilmiş. Diqqətli izləyicilərimizdən olan Adəm Bağırovun iddiasına inansaq, Şərur xəstəxanasının icraçı direktoru Murad Məmmədov da tibb mütəxəssisi deyilmiş. Üstəlik, bu iki icraçı direktorun bir-biri ilə və Naxçıvan MR Səhiyyə naziri Samiq Sadıxovla dost olduqları da iddialar arasındadır. Həmsöhbətimiz iddialarını təsdiqləmək üçün bizə Muradla Fehruz bəyin Türkiyədə çəkdirdikləri bir fotonu da təqdim etdi.

 

Bir sözlə, Adəm Bağırovun iddialarından belə çıxır ki, Samiq Sadıxov Naxçıvandakı xəstəxanalara icraçı direktor təyin edərkən onların savadlarını və qabiliyyətlərini yox, özüylə simsarlığı nəzərə alırmış. Görünür, “canişin” əfəndi və onun dəstəsi 100 illik Naxçıvanı özlərinin özəl şirkəti hesab edirlər.

 

Bizə göndərilən məlumatları yayımladıqdan sonra Naxçıvan Səhiyyə nazirinin simsarçılıq siyasəti ciddi müzakirələrə səbəb oldu. Naxçıvanın bəzi həkimləri icraçı direktorların mütləq tibb mütəxəssisi olmalarına ehtiyac duyulmadığını, istənilən sahənin adamlarının da bu vəzifəni rahatlıqla icra edə biləcəyini irəli sürürdülər.

 

Təbii ki, bu fikrə qatılmayanlar da vardı. Bəzi şəxslər qanunvericilikdə tibb müəssisələrinə mütləq tibb işçilərinin rəhbərlik etməsinin tələb olunduğu görüşündə idilər.



  

Doğrusu, bu məsələ diqqətimizi çəkdiyindən Azərbaycanda xəstəxanalara icraçı direktorların necə təyin olunmalarını araşdırmaq qərarına gəldik. Təbii ki, üz tutacağımız ilk ünvan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ola bilərdi. Çünki son illərdə aparılan islahatlar nəticəsində xəstəxanaların idarəçiliyinin TƏBİB-ə verildiyi, Səhiyyə Nazirliyinin tabeliyində isə yalnız tədqiqat institutlarının qaldığı məlumdur. Biz də məhz bu səbəbdən sualımızı TƏBİB-ə ünvanladıq. Aldığımız cavab isə bir başqa problemi ortaya çıxardı.

 

Gəlin, əvvəl TƏBİB-in sualımıza cavabına nəzər salaq: “TƏBİB-ə bağlı bütün tibb müəssisələrinə direktorlar yalnız tibb təhsili olan şəxslərdən təyin olunur. Fəqət Naxçıvan xəstəxanaları bizim tabeçiliyimizdə deyillər və orada təyinatların necə həyata keçirildiyini biz bilmirik. Ən yaxşısı, siz bu sualınızı Naxçıvan MR Səhiyyə Nazirliyinə ünvanlayın”.

  

Təsəvvür edirsinizmi, TƏBİB-in cavabından belə çıxır ki, Naxçıvan hələ də Azərbaycan qanunvericiliyi ilə işləmir. Hətta bu diyarda fəaliyyət göstərən ən adi strukturların belə, öz muxtar qanunları, prinsipləri var. Azərbaycan Konstitusiyasına görə, ölkəmizin əsla dəyişilməyən xüsusiyyətlərindən biri unitar dövlət formasıdır və unitar dövlətin bir hissəsində başqa, digər hissəsində isə başqa qanunvericilik keçə bilməz. Bu baxımdan Naxçıvan xəstəxanalarının icraçı direktorlarının təyinatı təkcə simsarlıq prinsiplərinin üstün tutulması kimi sadə problem deyil, həm də Azərbaycanın suverenlik məsələsidir.

 

Qeyd edək ki, TƏBİB-in “biz öz xəstəxanalarımıza icraçı direktorları yalnız tibb mütəxəssisləri olanlar arasından təyin edirik” iddialarını yoxlamaq üçün onun son zamanlar təyinat qərarlarına nəzər saldıq. İctimai Birliyin 05.08.2023 tarixli təyinat qərarı barədə bildirilirdi:

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

 

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Pərviz Rüstəmbəyov, Tibbi Reabilitasiya Mərkəzinə Rüfət Cabbarlı, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına isə Murad Bayramov təyin ediliblər.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təyinat alan Pərviz Rüstəmbəyov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca cərrahdır. O, bu təyinatadək TƏBİB-in İxtisaslı tibbi yardım departamentində fəaliyyət göstərib.

 

Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı Süleyman Dəmirəl Universitetində fizioterapiya ixtisası üzrə, Anadolu Universitetində isə səhiyyə qurumlarının idarəedilməsi üzrə bakalavr təhsili alıb. Eyni zamanda Üsküdar Universitetini Sinir elmləri üzrə magistr dərəcəsi ilə bitirib, Atlas Universitetində isə fizioterapiya və tibbi reabiltasiya ixtisası üzrə magistr təhsil alır. Bir çox özəl tibb müəssisələrində, bu təyinatadək isə N.Tusi adına Memorial Klinik Xəstəxanasında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiri kimi çalışıb.

 

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Murad Bayramov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca oftalmoloqdur. Uzun müddət Beyləqan Rayon Mərkəzi Xəstəxanasında çalışıb, bu təyinatadək sözügedən xəstəxanada direktorun müavini, baş həkim kimi fəaliyyət göstərib”.


Mənbə: TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olundu


 

Göründüyü kimi, TƏBİB-in 05.08.2023 tarixli qərarı ilə vəzifəyə gətirilmiş icraçı direktorların hamısı ixtisasca həkim olub. Deməli, TƏBİB yalan demir. Bəs, Naxçıvan MR Mərkəzi xəstəxanasının icraçı direktorunun ixtisası nədir? Manşet.az-ın tam təsdiqlənməyən iddiasına görə, o, İsveçrədə MBA üzrə magistr təhsilini başa vurub. MBA ingiliz dilində “Master of Business Admistration” ifadəsinin baş hərflərindən (abreviatur) təşəkkül tapıb. Bizim dilimizə çevirəndə “biznesin idarə olunması” mənasına gəlir. Elə faktın özü Naxçıvan Səhiyyə Nazirliyinin dövlət tibb müəssisələrinə öz biznesləri kimi baxdığından xəbər vermirmi?

 

Bunlar öz yerində. Bizi daha çox dövlətimizin suverenliyi məsələsi daha çox maraqlandırır. TƏBİB-in bu açıqlamasında sonra bizim cavabını tapa bilmədiyimiz bir sual qalır: Naxçıvan hansı dövlətin qanunları idarə olunur? Olmaya, “canişinliy”in bizim bilmədiyimiz öz gizli qanunları var?

 

Ümidvarıq ki, Naxçıvanın Səhiyyə Nazirliyi bu müəmmalı suala aydınlıq gətirəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 6 614          Tarix: 14-01-2024, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma