Xəbər lenti


ABŞ bu gecə İraq və Suriyadakı İrana bağlı yaraqlılara hava hücumları etməyə başlayıb.

 

Ovqat.com-un məlumatına görə, bunu ABŞ rəsmiləri də etiraf ediblər.

 

Məlumata görə, bu hücüm bir neçə gün əvvəl İrana bağlı qüvvələrin İordaniyadakı ABŞ hərbi bazasına hücumundan sonra planlaşdırılan çoxsaylı cavab zərbələrindən birincisidir. Xatırladaq ki, sözügedən hücum zamanı 3 ABŞ əsgəri öldürülmüş, 8-i ağır olmaqla 40-dan çox hərbçi yaralanmışdı.

 

Bu gecə başlayan və 30 dəqiqə davam edən cavab əməliyyatı zamanı ABŞ-ın bombardmançı aviasiyası İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" Qüvvələrinin mövqelərinə və 7 hərbi bazasına 85-dən çox zərbə endirib. Məlumata görə, SEPAH-ın İraqdakı 3, Suriyadakı 4 hərbi obyektinə hücumda 125-dən çox yüksəkdəqiqlikli raket və bombalardan istifadə edilib. Hədəflərə komandanlıq postları, qərargah binaları, kəşfiyyat obyektləri, raket və pilotsuz təyyarə anbarları, maddi-texniki və sursat təchizatı zəncirləri daxildir.

 

Pentaqondakı Birləşmiş Qərargahın əməliyyat direktoru general-leytenant Douglas Sims bildirib ki, hava hücumu ABŞ-dan göndərilən B1 bombardmançıları tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, hədəflər mülki əhaliyə zərər verməmək üçün xüsusi seçilib və onların içərisində və ətrafında mülki insanların olma ehtimalı nəzərə alınaraq əməliyyat gecə saatlarına salınıb.

 

Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib ki, hazırda İranın daxilinə zərbə endirmək planları yoxdur.

 

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi eyni brifinqdə çıxış edərək bildirib ki, hücumlar bölgədəki Amerika əsgərlərini hədəf alan SEPAH-a bağlı qrupların "imkanlarını zəiflətmək və pozmaq" məqsədi daşıyıb. "Biz İranla müharibəyə can atmırıq", - deyə Kirbi əlavə edib.

 

Həm Sims, həm də Kirbi açıqlamalarında bu hücumun ABŞ-ın İrana cavabının sonu olmadığını diqqətə çatdırıblar. Onların iddialarına görə, SEPAH qüvvələrinə yeni hücumlar da gözlənilir. 

 

Adının açıqlanmasını istəməyən iki Amerika rəsmisi “Politico”-ya növbəti hədəflərin Yəməndə olacağını bildirib.

 

ABŞ prezidenti Co Bayden də hücumla bağlı açıqlama verərək deyib: "Cavabımız bu gün başladı. Seçdiyimiz zaman və hər yerdə davam edəcək. Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın başqa bir yerində münaqişə axtarmır. Ancaq bizə zərər verməyə çalışanların hamısı bunu bilsin: amerikalıya zərər versəniz, cavabını alacaqsınız."

 

“Qüds Qüvvələri” briqadası ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə terror təşkilatı siyahısına əlavə etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun beş bölməsindən biridir. Briqada İran-İraq müharibəsi zamanı xüsusi kəşfiyyat vahidi olaraq yaradılıb və Yaxın Şərqdə İslam inqilabçı qruplarının hazırlanması və təchiz edilməsi ilə məşğuldur. Birbaşa İranın ali lideri Ayətullah Xameneiyə tabe olan bu qrupun İraq müharibəsi zamanı şiə yaraqlılarına yüzlərlə Amerika hərbçisini öldürmək məqsədi ilə yol kənarlarına minalar yerləşdirməyi və ondan istifadə qaydalarını öyrətdiyi iddia olunur.

  

"Qüds Qüvvələri” ABŞ tərəfindən 2020-ci ilin yanvarında Bağdadda qətlə yetirilən general-mayor Qasım Süleymani yaradıb və o, ömrünün sonuna qədər sözügedən hərbi briqadaya rəhbərlik edib. 

 




Ana səhifəyə qayıt        Baxış: 5 146          Tarix: 3-02-2024, 06:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma