0
ABŞ-ın fevralın 2-ni 3-nə bağlayan gecə İraq və Suriyadakı İrana bağlı qüvvələrə hücumu Yaxın Şərq regionunda ciddi nəticələrə gətirib çıxara bilər.
Ovqat.com-un məlumatına görə, 30 dəqiqə davam edən hava hücumu əməliyyatında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds gücü" birləşmələrinin mövqelərinə və 7 hərbi bazasına 85-dən çox zərbə endirilib. Bildirilir ki, SEPAH-ın İraqdakı 3, Suriyadakı 4 hərbi obyektinə düzənlənən hücumda 125-dən çox yüksəkdəqiqlikli raket və bombalardan istifadə edilib. Hədəflərə komandanlıq məntəqələri, qərargah binaları, kəşfiyyat obyektləri, raket və pilotsuz təyyarə anbarları, maddi-texniki və sursat təchizatı zəncirləri daxildir.
Bir çoxları bu hücumları bir müddət əvvəl İordaniyadakı ABŞ hərbi bazasına SEPAH-a bağlı qüvvələrin vurduğu zərbəylə əlaqələndirirlər. İlk baxışdan, hər şey həqiqətən də elə görünür. Hadisələrin mahiyyətinə dərindən nəzər salanda isə bunun bir bəhanə olduğu nəzərə çarpır. Zənnimizcə, ABŞ hücumlarının daha dərin məqsədləri var: İranı Yaxın Şərq regionunda təsir hala gətirmək, onun “şiə hilalı” strategiyasını ortadan tamamilə iflasa uğratmaq.
“Şiə hilalı” strategiyası nədir?
İlk dəfə 2004-ci ildə İordaniya kralı II Abdullah tərəfindən ABŞ-ın İraqı işğalından sonra dilə gətirilən bu termin İranın İslam inqilabından sonra regionda yürütdüyü yayılma siyasətini ifadə edir. Sirr deyil ki, bu işğal ABŞ-dan çox, İranın işinə yaramış, dünənə qədər ən böyük düşmən olaraq gördüyü İraqın onun nəzarəti altına düşməsinə yol açmışdır. Yaranmış vəziyyətdən istifadə edən İran Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün şimalda İraq, Suriya, Livan, cənubda isə Küveyt, Bəhreyn, BƏƏ, Oman və Yəmən kimi ölkələri öz təsir dairəsinə salmağa çalışmışdır. Bəzi mütəxəssislərin fikrincə, Azərbaycan da bir vaxtlar İranın bu strategiyasının coğrafiyasına salınmışdı. Lakin DTX-nın apardığı proflaktik tədbirlər nəticəsində İrana bağlı qüvvələr tam nəzarət altına alındı və Azərbaycan bu strategiyadakı yerini “itirdi”.
“Şiə hilalı” strategiyasında Yaxın Şərqdəki bütün ərəb ölkələrini çevrələmək və regional güc mərkəzinə çevrilmək məqsədi güdülür. Bunun üçün İranın əlində işə yarayan vasitələr də vardı – region ölkələrinə yaşayan və haqları pozulan şiələr.
İranın şiə hilalı strategiyasına önəm verməsinin digər məqsədlərindən biri Yaxın Şərqin geosiyasi vəziyyəti ilə əlaqəlidir. Region Süveyş kanalı, Hörmüz boğazı, Fars körfəzi, Babül-Məndəb boğazı kimi mühüm su və tranzit yolları üzərində yerləşir. Qlobal enerji yollarının 40%-i və dünya dəniz ticarətinin 20%-dən çoxu bu dar boğazlardan keçir. Neft, təbii qaz və s. kimi yeraltı sərvətlərlə zənginliyi bölgənin əhəmiyyətini artırır, dünyanın güclü dövlətlərinin diqqətini regiona çəkir. Bu baxımdan, Yaxın Şərqə nəzarət təkcə regional güc mərkəzinə deyil, həm də orta böyüklükdə super gücə çevrilmək mənasına gəlir. İranın hərbi və iqtisadi imkanları bu avantajdan istifadə etməsinə şərait yaratmasa belə, o, məzhəb məsələsini özünün ən güclü strateji silahına çevirməklə bu boşluğunu doldurmağa çalışır.
Üstəlik, bölgədə yarana biləcək hər hansı xaotik vəziyyət coğrafi mövqeyinə görə İranın da təhlükəsizliyinə birbaşa təsir göstərir. Bu təhlükəsizlik təhdidləri İranı istər-istəməz öz sərhədləri daxilində baş verəcəyi gözlənilən regional hesablaşmaları xaricə daşımağa vadar edir. Prinsipcə, bunu İran rəsmiləri də gizlətmirlər. Onların iddialarına görə, İran əgər bu gün Suriyada döyüşməsə, düşmənləri ilə hesablamları öz ərazisinə çəkə bilər.
Lakin aydındir ki, İran regionda yayılma siyasətini şiələr üzərindən yürütdüyündən istər-istəməz sünni dünyasını qarşısına alır. Bu da Yaxın Şərqi qan gölünə çevirən məzhəb müharibələrinə yol açır. Müsəlman dünyasının məhzəb müharibələri səhnəsinə çevrilməsi regional güc mərkəzinə çevrilmək istəyən İsrailin və dünyanın ən böyük super gücü hesab olunan ABŞ-ın əvvəl işinə yarayırdı. Məhz bu səbəbdən də həmin dövlətlər nəinki İrana mane olur, əksinə region dövlətlərini öz tərəflərinə çəkmək üçün məhzəb müharibələrindən yararlanırdılar.
Di gəl ki, 2015-ci ildə Rusiyanın Suriyaya müdaxiləsi Yaxın Şərqdəki bütün dəngələri alt-üst etdi. Yaxın Şərqin tamamilə ABŞ-ın əlinə keçmısini əngəllədi. İranın təsiri altında olan rəsmi Bağdad son zamanlar ABŞ ordusunun İraqı dərhal tərk etməsi ilə bağlı məsələlər qaldırır. Bütün bu gərginliklərin yaşandığı bir zamanda HAMAS-ın İsrailə hücumu ilə başlayan Fələstin müharibəsi vəziyyəti daha da mürəkkəbləşdirir. İsrailin Qəzza şəridində yürütdüyü soyqırım siyasəti və ABŞ-ın onu dayandırmaması ərəb ölkələrindəki sadə müsəlmanları İranın regiondakı proksi güclərinə qatılmalarına şərait yaradır. ABŞ gərginliyin böyüməsini gözləmədən həm İsraili dayandırmalı, həm də İsraili təhdid edən proksi gücləri sıradan çıxarmalıdır. Əks halda, Yaxın Şərqi tamamilə İrana və onun dəstəkçilərinə, xüsusilə də Rusiya və Çinə buraxaraq qınına çəkilməlidir. Bu isə ABŞ-ın super güc mövqeyindən imtina etməsi deməkdir.
Sözsüz ki, heç bir güc bunu etməz və ABŞ da etmir. Həm regionda qalmaq, həm də bölgəyə nəzarəti əldə saxlamaq üçün proseslərə müdaxilə yolunu seçən ABŞ-a ən yaxşı bəhanəni isə regiondakı proksi güclər verdi. İrana bağlılığı şübhə doğurmayan, amma tədricən onun nəzarətindən çıxmaqda olan proksi savaşçılarının İordaniyadakı ABŞ hərbi bazasına hücumu və 3 amerikan əsgərini öldürməsi Pentaqona çoxdan arzuladığı “İranı budama” strategiyasını həyata keçirməsi üçün zəmin hazırladı.
Hava hücumlarının İraq və Suriyada aparılması və əsasən SEPAH, Həşdi-Şabi və Hizbullah mövqelərinin hədəfə alınması, ondan əvvəl isə Yəmən husilərinə vurulan zərbələr göstərir ki, ABŞ İranı regionda bitirmək niyyəti qətidir. İranın proksi güclərinin isə bu hücumlara dirəniş imkanları o qədər böyük deyil. Faktiki olaraq, sünni, şiə bölgələri və Kürdüstan kimi 3 yerə bölünən İraqda Həşdi-Şabi güclərinə böyük etimad qalmayıb. Hələ bir neçə il əvvəl İrana bağlı qüvvələrə qarşı hətta İraq siələrinin özləri belə, böyük etiraz aksiyaları keçirir, onların ölkəni tərk etməsi tələbini irəli sürürdülər. İraqda keçirilən son seçkilərdə də Həşdi-Şabiyə yaxın siyasi qruplar xeyli az səs alaraq, hökumət qurmaq potensiallarını itirdilər. Üstəlik, İraqın sünni və kürd əhalisi ABŞ ordusunun ölkəni tərk etməsinə böyük təhlükə kimi baxırlar. Bu baxımdan İraq hökumətinin ABŞ ordusunu ölkədən çıxmağa çağırışları əks effekt verə və İraqın 3 hissəyə bölünməsi rəsmən də reallaşa bilər. Bu ehtimal reallaşacağı təqdirdə ABŞ müstəqilliyini elan edən sözügedən vilayətlərlə hərbi-strateji müqavilələr bağlayıb, regiondakı qalışını legitimləşdirmək imkanına malikdir. Kürdüstan bölgəsinin İraqın şimalında, sünni ərəblərin isə qərbində məskunlaşması parçalanmış ölkə ilə Suriya arasında bufer zona yaradılması və onun daxili düşmənlərlə əhatələnməsi deməkdir.
Suriyaya gəlincə, bu ölkədə də vəziyyət İran üçün ürəkaçan deyil. İran Suriyaya nəzarəti əsasən iki qrup vasitəsilə həyata keçirir: SEPAH və Livan Hizbullahı. Son zamanlar İsrailin hər iki qrupa qarşı həyata keçirdiyi sui-qəsd əməliyyatları İranın proksi qüvvələrini ciddi şəkildə sarsıdır. İddialara görə, oktyabrın 7-də Qəzza müharibəsi başlayandan bəri İsrail "Hizbullah"ın ən azı 166 üzvünü qətlə yetirib. Özü də bu şəxslərin heç biri sıravi insanlar da deyildi. Böyük əksəriyyəti “Hizbullah”ın ən yüksək rütbəliləri idilər. İsrailin bu nöqtə atışları həm də ondan xəbər verir ki, “Hizbullah” daxilində MOSSAD-a bağlı güclü casus şəbəkəsi fəaliyyət göstərir. Təşkilat daxilində bu şübhələrin yaradılması da əslində psixoloji savaşın tərkib hissəsidir və döyüşçülərin hərbi-mənəvi ruh yüksəkliyinə ağır zərbələr vurur.
“Hizbullah” lideri Həsən Nəsrullahın Fələstin savaşı başlayanda İsrailə göndərdiyi mesajlar da gözləntilərə cavab vermədi. Hər kəs ondan İsrailə savaş elan gözlədiyi halda “Hizbullah” lideri içi boş vədlərlə vəziyyətdən çıxmağa çalışdı. Müşahidəçilərin fikrincə, bu da səbəbsiz deyildi. “Hizbullah” artıq 2006-cı ildəki “Hizbullah”dan xeyli fərqlənir. Çünki o vaxt Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri Həsən Nəsrullaha əllərindən gələn köməyi edirdilər. İndi isə ərəb ölkələri İsraillə münasibətləri normallaşdırmaq arzusundadır və son gərginliyin yaranmasının günahını İran tərəfindən qızışdırılan “HƏMAS”ın təxribatı sayırlar. Digər tərəfdən “HƏMAS”-ın və “Hizbullah”ın regionda nüfuz qazanması da ərəb liderləri vahiməyə salır. Bu mənada Həsən Nəsrullah regionda təklənmiş vəziyyətdədir.
ABŞ məhz belə bir zamanda İrana bağlı qüvvələri bombardman edir. Və bütün bunların hələ başlanğıc olduğunu bildirir. Bununla da mesaj verir ki, İran proksilərinə qarşı mübarizə onların tamamilə məhvinə qədər davam edəcək. Regionda ən yaxın tərəfdaşı olan Rusiyanın başının Ukraynada qarışması da İranın vəziyyətini qəlizləşdirir. Görünür, bu səbəbdən də İordaniyadakı ABŞ hərbi bazasına terror hücumundan sonra SEPAH-a bağlı “Qüds gücü” diviziyasının komandiri İsmayıl Qani tələm-tələsik İraqa yollandı və oradakı hərbi birləşmələrin rəhbərlərinə ABŞ hərbi bazalarına hücumu dayandırmaq əmrini verdi.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: