Xəbər lenti

 

Fevralın 28-də Tiraspolda (qondorma “Dnestryanı Respublikası”nın paytaxtı) keçirilməsi planlaşdırılan “bütün səviyyəli Deputatlar Konqresi” Dnestryanı ərazinin Rusiyaya qəbul edilməsi xahişi ilə Moskvaya müraciət edə bilər. 

 

Ovqat.com-un məlumatına görə, bu barədə yerli fəal Gennadi Çorba özünün Facebook paylaşımında bildirib.

 

Onun sözlərinə görə, Dnestryanı tarixində oxşar konqreslər “konkret qərarlar qəbul etmək üçün” keçirilir. Nümunə olaraq aktivist “Dnestryanının müstəqilliyini” elan edən keçmiş konqresləri misal göstərib.

 

“Vəziyyətin təhlilinə əsasən, çox güman ki, Moskvadan bu qurultayın keçirilməsi ilə bağlı əmr verilib və bu konqresdə Dnestrin sol sahilində yaşayan vətəndaşlar adından bölgənin Rusiya Federasiyasına qəbul edilməsi tələbi səsləndiriləcək və fevralın 29-da Putin bunu öz müraciətində elan edəcək. Federal Məclis sürətləndirilmiş şəkildə tələbi təmin etmək üçün qərar verəcək. Eyni zamanda, təşkilatçılar 2006-cı il referendumuna istinad edəcəklər”, - Çorba açıqlamasında bildirib.

 

Qeyd edək ki, söhbət 2006-cı ilin sentyabrında keçirilmiş qondarma referendumdan gedir. Həmin “referendum”da “Trasdnestr Moldova Respublikası”nın sakinlərinə “Dnestryanı ərazinin Rusiya Federasiyasına sərbəst qoşulması” barədə sual verilirdi.

 

Fəalın sözlərinə görə, bu yaxınlarda Tiraspolda təşkil olunan etiraz aksiyaları da Dnestrin sol sahil sakinlərinin “Kişinov rejiminə” qarşı olduqlarını sübut etmək məqsədi daşıyırdı: “Rusiya xarici işlər naziri Lavrovun Moskvanın Dnestryanıda yaşayan vətəndaşları problem içində qoymayacağına dair son bəyanatı da bu səbəbdəndir. Və məhz bu məqsədlə bir vaxtlar bölgə sakinlərinə Rusiya vətəndaşlığı verilmişdi ki, Moskva nə vaxtsa həmin əraziləri ilhaq etmək planlarına haqq qazandırsın”.

 

Çorba Dnestryanı bölgənin bütün səviyyələrdə qondarma “deputatlarını” belə bir qərar qəbul etmək barədə düşünməyə çağırıb: “Adından danışdığınız insanlar qarşısında məsuliyyətinizi başa düşürsünüzmü? Artıq qəbul edilmiş və sizin əlinizlə qanuni şəkildə rəsmiləşdirmək istədikləri qərara görə bütün məsuliyyətinizi dərk edirsinizmi? Axı, Sol Sahili Rusiyaya “qəbul etmək” qərarından sonra Putin, ona göründüyü kimi, Moldova ərazisinə, o cümlədən Dnestryanı bölgəyə istənilən bəhanə ilə zərbə endirmək üçün legitim hüquq əldə edir”. 

 

Bundan əlavə, Çorba Kişinyovdakı səlahiyyətlilərə müraciət edərək, "Dnestryanı problemin öz-özünə həll olunmayacağını" da xatırladıb.

 

Moldova tərəfi hələlik fəalın mesajlarına cavab verməyib.

 

Bildirildiyinə görə, Gennadi Çorba “Dnestryanı” adlanan “hökumət”in keçmiş üzvü və Dnestr çayının sol sahilində fəaliyyət göstərən aktivistdir. Keçən il o, Tiraspoldakı de-fakto administrasiyanı bir neçə tənqid edib. 2020-ci ilin iyul ayında Dnestryanı bölgədə yerli təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və qondarma idarə tərəfindən tətbiq edilən anti-COVID-19 məhdudiyyətlərinə qarşı qeyri-qanuni, kortəbii etiraz aksiyası təşkil etməkdə günahlandırılıb və ardınca da ekstremizmdə ittiham olunub.

 

19 iyul 2021-ci il Rıbnitsa şəhər məhkəməsi Gennadi Çorbanı “ekstremizm” əməllərinə görə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Amma az sonra o, həbsdən azad edilib.


 Şəkildə: Gennadi Çorba

Xatırladaq ki, Rusiya rəsmilərinin bəzi açıqlamaları da Gennedi Çorbanın bu həyacan siqnalının əsassız olmadığından xəbər verir. Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu yaxınlarda Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhəri haqqında demişdi: “Uzun müddətdir ki, Rusiyada Odessanı gözləyirik. Onun tarixinə baxın, orada hansı insanlar yaşayır və hansı dildə danışır. Bu bizim rus şəhərimizdir”.

 


Bir çox mütəxəssislərin fikrincə, Rusiyanın “Dnestryanı Respublika”nı öz ərazisinə qatması yalnız Odessanın işğalından sonra mümkündür. Çünki Rusiyanın bu bölgə ilə quru və dəniz sərhəddi yoxdur və xüsusilə quru əlaqəsi qurulmadan hər hansı ərazini ilhaq etmək mümkün deyil. Bu mənada rus rəsmilərinin Odessaya iddiaları ilə “Dnestryanı Respublika”nın Rusiya ilə birləşməyə hazırlaşmasının eyni vaxta düşməsi təsadüfi görünmür.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 831          Tarix: 23-02-2024, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma