Xəbər lenti

 

Dnestryanı bölgənin "bütün səviyyəli deputatların" qondarma konqresi Rusiya Federasiyası Dövlət Dumasına və Federasiya Şurasına "Moldovanın təzyiqindən qorunmaq" xahişi ilə müraciət edib. 

 

Ovqat.com-un məlumatına görə, dünən bu barədə qəbul olunan qətnamədə Moskva ilə yanaşı, beynəlxalq təşkilatlara müraciətlər yer də alıb. 

 

Konqresdə qəbul edilən qətnamədə deyilir ki, Kişinyov hakimiyyəti “əslində Dnestryanıya qarşı iqtisadi müharibəyə başlayıb, qəsdən çoxmilyonlarla dollarlıq büdcə kəsiri üçün ilkin şərtlər yaradıb”.

 

İqtisadi itkilərin qarşısını almaq üçün” Rusiyaya və beynəlxalq təşkilatlara müraciət edən konqres iştirakçıları Moskvadan “Dnestryanı respublika”da  “220 mindən çox Rusiya vətəndaşının daimi yaşaması” faktını nəzərə almağı və “Kişinyovun artan təzyiqləri qarşısında bölgənin mühafizə tədbirlərinin həyata keçirilməsini” xahişi edib.

 

Rusiya Federasiya Şurasına və Dövlət Dumasına ünvanlanan müraciətdə regionda rus “sülhməramlılarının unikal müsbət təcrübəsi”, eləcə də danışıqlar prosesində “qarant və vasitəçi statusu” xatırladılıb. Bundan əlavə, qətnamədə Moldova hakimiyyəti danışıqlara mane olmaqda və “ən yüksək səviyyədə siyasi dialoqdan yayınmaqda” ittiham edilib.

 

Deputatlar Rusiya strukturları ilə yanaşı, BMT, MDB, ATƏT, 5+2 formatının üzvləri, Avropa Parlamenti və Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət ünvanlayıblar. Onlar, ilk növbədə, “münaqişənin genişlənməsinin qarşısını almağa” və “Kişnyovu adekvat dialoqa qaytarmağa” çağırılıblar.

 

Moldovanın Reinteqrasiya Bürosu müraciətə cavab verib.

 

Reinteqrasiya Bürosu Tiraspoldan gələn bəyanatlarını rədd edir və xatırladır ki, Dnestryanı region və onun vətəndaşları Avropa İttifaqı ilə sülh, təhlükəsizlik və iqtisadi inteqrasiya siyasətindən bəhrələnirlər”, - deyə departament bildirib.

 

Rus separatçılarının müraciətinə Moskanın cavabı da özünü çox gözlətməyib.

 

Rusiya Xarici İşlər Nazirliyi “Moldovanın iqtisadi blokadası” ilə bağlı Dnestryanı deputatlarının “müraciətinin nəzərdən keçiriləcəyini” vurğulayıb və bildirib ki, region sakinlərin maraqlarının qorunması Rusiyanın əsas prioritetlərindən biridir.

 

Pridnestrovye sakinlərinin, soydaşlarımızın maraqlarının müdafiəsi prioritet məsələlərdən biridir. Bütün müraciətlər hər zaman Rusiyanın müvafiq idarələri tərəfindən diqqətlə nəzərdən keçirilir”, - Nazirliyin cavab bəyanatında qeyd edilib.

 

Xatırladaq ki, 2006-cı ildə tanınmamış respublikada “referendum” keçirilmiş və bu “referendum”da əhalinin 96,62 faizi Rusiyanın tərkibinə daxil olmağın lehinə səs vermişdi. Həmin vaxt Dnestryanı bölgənin bu qərarına heç bir münasibət bildirməyən Moskvanın rus separatçılarına yardım çərçivəsində sözügedən məsələyə yenidən baxacağı da istisna olunmur.

 

Qeyd edək ki, bir həftə əvvəl qondarma “Dnestryanı respublika”nın müxalif fəalı Gennadi Çorba özünün Facebook paylaşımında fevralın 28-də Tiraspolda  “bütün səviyyəli Deputatlar Konqresi”nin keçiriləcəyini və “millət vəkillərinin” Rusiyaya birləşməklə bağlı müraciət edə biləcəyini xəbər vermişdi. Xəbərin təfsilatı ilə bu linkdə tanış ola bilərsiniz.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 439          Tarix: 29-02-2024, 08:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma