Xəbər lenti
Bu gün, 15:52

 

Dünən Rusiya Federasiya Şurasında çıxış edən Vladimir Putin bir sıra məsələlərə toxundu. 2 saatdan artıq sürən çıxışında onun ən çox diqqət çəkən fikirləri NATO ölkələrinə ismarışları oldu. Bəzi Avropa ölkələrinin Ukraynaya hərbi qüvvə göndərmək istəməsinə münasibət bildirən Putin bu fikrə düşənlərin müharibəni “cizgi filmi” zənn etdiklərini bildirərək xatırlatdı ki, Rusiyanın istənilən Qərb ölkəsinin istənilən nöqtəsini vurmağa silahları var. O silahların adlarını sıralamağı da unutmadı.

 

““Zirkon” dəniz əsaslı hipersəs zərbə kompleksi artıq döyüşlərdə istifadə olunub, bu sistem artıq xidmətdədir. “Burevestnik” qanadlı raketinin və “Poseydon” sisteminin sınaqları tamamlanır. “Sarmat” kompleksi qoşunlara təhvil verildi, biz bunu tezliklə göstərəcəyik”, - deyən Putin Avropanı bir növ nüvə zərbəsi ilə təhdid etdi. Onun sözlərinə görə, Rusiya Federasiyasının strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir və Moskva Vaşinqtonla strateji sabitlik üzrə dialoqa hazırdır.  O, həmçinin bəyan etdi ki, Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planları yoxdur.

 

Qeyd edək ki, Putinin bu çıxışından əvvəl Fransa prezidenti Emmanuel Makron lazım gələrsə, ölkəsinin Ukraynaya qoşun yeridə biləcəyini iddia etmiş, Almaniya, ABŞ və digər müttəfiqlərini də bu məsələni nəzərdən keçirməyə çağırmışdı. Vladimir Putin Ukraynaya qoşun göndərməklə bağlı ideyalar ortaya atanları, dolayısıyla Makronu hədələməyi də unutmadı. O bildirdi ki, Kreml rusların Qərbdə güclənməkdə olan "rusofobiya"nın qurbanına çevrilməsinə heç bir halda, imkan verməyəcək: “Suveren və güclü Rusiya olmadan sabit dünya düzəni də ola bilməz. Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”.

 

Bununla belə, Putin 2 saat 6 dəqiqəlik çıxışında ondan ən çox gözlənilən fikri səsləndirmədi. Söhbət Moldovanın Dnestryanı bölgəsinin “bütün səviyyələrdəki deputatları qurultayı”nın Moskvaya ünvanladığı  müraciətindən gedir. Xatırladaq ki, həmin müraciətdə “deputat”lar Moldova tərəfindən iqtisadi və siyasu blokadaya məruz qaldıqlarını iddia edərək Moskvadan yardım istəmişdilər. Rusiya Xarici İşlər Nazirliyi həmin çağırış şərh edərkən demişdi ki, Moskva bu cür bəyanatlara laqeyd qalmır və onların bəyanatları da gözdən keçiriləcək. Məhz bu səbəbdən də hər kəs Putinin Federasiya Şurasının toplantısında Dnestyanı məsələyə toxunacağını gözləyirdi. Putin isə nədənsə bu məsələni unutmağı tərcih etdi. Rusiya liderinin “unutqanlığı” istər-istəməz bu sualı doğurdu: Bəs o zaman Federasiya Şurası ərəfəsində dondurulmuş münaqişəni qızışdırmaq niyə lazım idi?

 

Fikrimizcə, bunun iki səbəbi ola bilər. Əvvəla, Putinin sözügedən çıxışından bir gün sonra, yəni bu gün Türkiyənin Antalya şəhərində ənənəvi Diplomatik Forum keçiriləcək və forumun əsas gündəm mövzusu Ukrayna savaşı olacaqdı. Görünür, Putin rus yetkililərinin bu foruma körpüləri tam yandırmadan qatılmasını arzu edir və Türkiyənin vasitəçiliyi ilə sülh danışıqlarına başlamağı planlaşdırır. Sirr deyil ki, Ukrayna savaşının başladığı ilk aylarda Ankaranın sülh təşəbbüsləri real nəticələr vermiş və rəsmi Kiyevlə Moskva arasında yekun razılıq əldə olunmuşdu. O dövrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun müdaxiləsi ilə danışıqlar pozulmuşdu. Hazırda Qərb dövlətlərindən arzuladığı dəstəyi ala bilməyən Ukraynanın yenidən danışıqlara qayıtmaq və müzakirələri qaldıqları yerdən davam etdirməkdən başqa çarəsi yox kimidir. Rusiyanın Dnestryanı bölgəyə hərbi müdaxiləsi isə bu potensial danışıqları şübhə altına qoya bilərdi. Zira Dnestryanı bölgəyə müdaxilə yalnız Odessanın işğalı ilə mümkündür və bu da sülh danışıqlarını davam etdirmək üçün heç bir yer qoymur.

 

İkinci səbəb də məhz yuxarıda zikr etdiyimiz amillə birbaşa əlaqəlidir. Məlumdur ki, Qara dənizə çıxışı olmayan Moldovanın hər hansı bölgəsinin işğalı Ukraynanın tam təslim olmasından asılıdır. Bunu bir neçə gün öncə Albaniyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edən Moldova prezidenti Maya Sandu da etiraf edərək demişdi: “Bu gün Moldova təhlükəsizdir, çünki bizi Ukrayna qoruyur”. Sözsüz ki, Ukraynanın Qara dəniz sahillərinin tam işğalı istər-istəməz NATO ölkələrinin, xüsusilə də Rumıniyanın proseslərə müdaxiləsini şərtləndirə bilər. Çıxışında ABŞ-ı strateji sabitlik üzrə dialoqa çağıran Putinin bu addımı atması bütün “xoşniyyətli”  hədəflərinin üstündən xətt çəkərdi.

 

Bununla belə, bir çox müşahidəçilərin fikrincə, Putinin Federasiya Şurasında Dnestryanı bölgəsindən bəhs etməməsi o demək deyil ki, Rusiya lideri Tiraspoldan Qərbə qarşı bunkerdə istifadə etmək ideyasından əl çəkilib. Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, yaxın gələcəkdə Kreml Dnestryanı Moldovaya qarşı tramplinə çevirəcək. Məsələ burasındadır ki, Moldovada bu ilin noyabrda prezident seçkiləri, iyunda isə Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsi nəzərdə tutulur. Rusiya isə Moldovanın Aİ-yə qoşulmasını arzulamır və bunun qarşısını almaq üçün əlindən gələni etməyə çalışacaq. Üstəlik bu imkanları da yox deyil. 

 

Moldovada keçiriləcək prezident seçkilərində Moskvanın önə çıxara biləcəyi öz namizədləri də var. Belə namizədlərindən biri də Moldovanın keçmiş rəhbəri İqor Dodondur. İlk baxışdan çətin kimi görünən bu ehtimal Moldovada keçirilən son yerli seçkilərin nəticələrinə nəzər salanda kifayət qədər real təsir bağışlayır. Nədən ki, sözügedən seçkilərdə Kişinyon da daxil olmaqla ölkənin bir çox şəhərlərin meri vəzifələrinə “rusqafalılar” seçildilər. Bu fakt Rusiya qarşısında noyabrda öz prezidentini seçdirmək üçün real perspektivləri yaradır. Belə anlaşılır ki, Putin Moldova məsələsini silahsız həll etməyə çalışır və onun moldovanlar üzərində işğal xofu yaratması da məlum planını reallaşdırmasına xidmət edir. Çünki Ukraynanın Qərb tərəfindən lazımi şəkildə dəstəklənməməsi ondan dəfələrlə zəif olan Moldova əhalisini qorxudur və Rusiyanın iradəsinə boyun əymək məcburiyyətində buraxır.

 

Üstəlik, Moldova hakimiyyətinin Dnestryanı bölgəni tamamilə özündən uzaqlaşdırmamaq üçün həyata keçirdiyi açıq qapı siyasəti də Rusiyanın işinə yarayır. Belə ki, Dnestryanı əhali istədiyi zaman Moldovanın digər yerlərinə səyahət edə bilir və bu hüquq ölkədə təxribat törətmək istəyən Moskva agentlərinin işinə yarayır. Mümkündür ki, Rusiya seçki ərəfəsində və sonra özünün Dnestryanı qüvvələrindən təxribat törətmək üçün maksimum istifadə edəcək. Nəticədə seçkilərdə və referendumda istədiyi nəticəni əldə etməsə belə, Moldovada iğtişaşlar törədə, onu hətta vətəndaş müharibəsinə sürükləyə biləcək.

 

Mütəxəssislərin fikrincə, Moskva üçün Moldovanın referendumda Aİ-yə birləşməyə qərar verməsi itirilmiş bölgə mənasına gəlir və o, sözügedən perspektivin qarşısını almaq naminə istənilən təxribatlara gedər. Ən azı ona görə ki, NATO ölkələrinin Ukraynanı silahla təchiz edən əsas marşrutlarından biri də Moldovadır. NATO-nun Rumıniya, Bolqarıstan, Yunanıstan, İtaliya, hətta Türkiyə kimi cənub qanadı öz silahlarını məhz bu ölkə üzərindən Ukraynaya göndərirlər. Cənub marşrutunun tamamilə bağlanması isə, təbii ki, Moldovanın ya tamamilə rus iradəsinə bağlanması, ya da bu ölkənin vətəndaş müharibəsinə sürüklənməsi ilə mümkündür.

 

Göründüyü kimi, Putinin Moldova ssenarisini həyata keçirməyə tələsməməsinin iki başlıca səbəbi var. Bunlardan biri Antalya Diplomatik Forumuna bağlanan ümid, digəri isə Moldovanın mümkün qədər dinc yolla ələ keçirmək ehtimalıdır.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 608          Tarix: 1-03-2024, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma