Almaniyanın Müdafiə naziri Boris Pistorius bu gün keçirdiyi mətbuat konfransında 4 alman generalı arasında keçən söhbətin Rusiyanın xüsusi xidmət orqanlarına necə sıza biləcəyinə aydınlıq gətirib.
Ovqat.com-un məlumatına görə, nazir bildirib ki, Rusiya mətbuatında dərc olunan Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri arasında söhbətin audio yazısının sızması “fərdi istifadəçi xətası” səbəbindən mümkün olub.
Hadisəni "ciddi səhv" kimi xarakterizə edən nazir məlumat sızıntısının Almaniya ordusunun rabitə vasitələrindəki təhlükəsizlik boşluğundan baş verdiyi iddialarını yalanlayıb. Pistoriusun fikrincə, sızma Sinqapurdan görüşə qatılan bir generalın müəyyənləşdirilmiş təhlükəsiz zəng tələblərinə əməl etməməsi səbəbindən baş verib.
Həmin telefon danışığının reallaşdığı vaxt Sinqapurda Aviasiya Sərgisinin keçirildiyinə diqqət çəkən nazir, Rusiya xüsusi xidmət orqanlarının forum mühitində və onun ətrafındakı otellərdə geniş miqyasda “hədəf yönümlü” telefon dinləmələri həyata keçirdiyini və alman zabitləri arasında telefon danışığının da təsadüfən həmin vaxta düşdüyü ehtimalının güclü olduğunu bildirib.
Nazir Pistorius qeyd edib ki, iclasda iştirak edən bütün hərbçilərə qarşı ilkin intizam istintaqı başlayıb. Bu araşdırmalardan sonra intizam məsuliyyətinə cəlb edilib-edilməyəcəyinə qərar veriləcəyini deyən nazir bildirib ki, istintaq zamanı iclasda istifadə olunan platforma vasitəsilə dilə gətirilməməsi lazım olan məsələlərin müzakirə edilib-edilməməsi kimi məqamlar araşdırılacaq.
Hadisə ilə bağlı fərdi sanksiyaların hələlik gündəmində olmadığını qeyd edən Pistorius istintaqdan daha pis nəticə çıxmayınca, "ən yaxşı zabitləri Putinin oyununa qurban vermək fikrində olmadığını" da bildirib.
Qeyd edək ki, "Russia Today" nəşri cümə günü alman zabitlərinə məxsus olduğu bildirilən və dəqiqliyi təsdiqlənən 38 dəqiqəlik səs yazısını dərc edib. Almaniya Hərbi Hava Qüvvələri komandanı İnqo Gerhartzın digər yüksək rütbəli hərbçilərlə keçirdiyi görüşdə Berlinin “Taurus” raketlərinin Ukraynaya çatdırılmasından danışması dinlənilib. Görüş zamanı mümkün hədəflər, o cümlədən ukraynalı pilotların hazırlanması və sistemlərin proqramlaşdırılması üçün mümkün dəstək müzakirə edilib; sursat anbarlarının və Rusiyanın ilhaq etdiyi materiki Krıma birləşdirən strateji əhəmiyyətli Kerç körpüsünün də mümkün hədəflər arasında olduğu anlaşılıb.
Paylaş: