Xəbər lenti


Ukrayna savaşı başlayandan Rusiya prezidenti Putin və digər rus rəsmiləri dəfələrlə dünyanı nüvə silahları ilə təhdid ediblər. Rusiyanın bu təhdidləri rəqibləri tərəfindən də ciddi qarşılanıb. Məlumata görə, ABŞ belə bir ssenariyə cavab planı belə hazırlayıb.  Bayden hökumətinə yaxın mənbələr bildiriblər ki, plan Ukraynaya nüvə hücumuna görə cavabdeh olan bölmələrə yönəlmiş “dramatik qeyri-nüvə qarşı tədbirləri” nəzərdə tutur. Başqa sözlə, ABŞ nüvə hücumuna adekvat cavab verməyi belə nəzərdən keçirmir.

 

Elədirsə, konvensional cavab tədbirləri ilə Putini nüvə hücumundan çəkindirmək olarmı?

 

Ovqat.com-un məlumatına görə, Fransanın “BFM TV” və “Le Monde” nəşrləri Ukrayna prezidenti Vladimir Zelenskinin bu mövzuda fikirlərini soruşublar.

 

Zelenski açıqlamasında Rusiyanın başqa ölkələrə qarşı nüvə silahından istifadə edəcəyinə inanmadığını bildirib. Onun fikrincə, nüvə “dövlətlərinin qarşısında nüvə dəyənəyi yelləmək axmaqlıqdır”. Odur ki, Putin də nüvə silahlarından istifadə etməz, sadəcə bəzi ölkələri zəbt etmək yoluna gedə bilər.

 

Zelenskinin sözlərinə görə, işğal, Putinin taktiki planıdır. Çünki o, güclü dövlətləri danışığa cəlb etmək məqsədilə mümkün qədər çox ölkədə sabitliyi pozmaq istəyir.

 

"Çünki digər dövlətlər də, məsələn, Fransa da nüvə dövlətidir. Ona görə də Fransanı, yaxud NATO tərəfindən qorunan ölkələri nüvə silahı ilə hədələmək çox qeyri-ciddidir. Bu səbəbdən də mən Putinin dünyanın digər dövlətlərinə qarşı nüvə silahından istifadə ediləcəyinə inanmıram. Amma onun digər dövlətləri işğal edə biləcəyi də istisna deyil. Quru əməliyyatı ilə bunu edə bilərmi? -  əminəm ki, bəli” , - deyə Zelenski bildirib.

 

Zelenski Rusiyanın yaxın gələcəkdə işğal edəcəyi ölkələri də göstərib. Onun proqnozlarına görə, Rusiyanın quru əməliyyatının növbəti qurbanları Baltikyanı ölkələr və ya Moldova ola bilər. Ukrayna prezidenti həmçinin hesab edir ki, Rusiya Çinlə dialoq aparmaq üçün Qazaxıstanda da sabitliyi pozacaq. 

 

"Mən əminəm ki, Putin Çinlə dialoq qurmaq üçün Qazaxıstanda sabitliyi pozacaq. Onun planları bəllidir - dünyada sabitliyi pozmaq. Nə qədər çox yerdə sabitlik pozulsa, Putinin danışıqlarda mövqeyi bir o qədər güclənəcək. Bu, Putinin taktikasıdır. Ona dünyada bu və ya digər dövləti tamamilə məhv etmək lazım deyil, danışıqlar üçün sabitliyi pozmaq və bu dövlətin müəyyən hissəsini işğal etmək kifayətdir”, - deyə Ukrayna prezidenti fikrini yekunlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 5 369          Tarix: 12-03-2024, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma