ABŞ Ukraynaya 290 km. mənzilli ATACMS raketlərini verə bilər.
Ovqat.com-un məlumatına görə, ABŞ-ın məşhur “The Wall Street Journal” nəşri bu barədə yazıb.
Nəşrin iddiasına görə, Ukrayna dəfələrlə Vaşinqtondan Krıma hücumlar üçün təqribən 290 km mənzilli raketlərin verilməsini xahiş edib, lakin ABŞ-ın prezident administrasiyasının nümayəndələri belə raketlərin özlərinə də lazım olduğunu bildirərək, xahişi geri çeviriblər.
İndi isə WSJ Ağ evdəki mənbələrinə istinadən qeyd edir ki, Pentaqon belə raketləri təqdim etməyə hazırdır, çünki o, öz ehtiyacları üçün yeni yüksək dəqiqlikli PrSM (Precision Strike Missile) raketlərindən istifadə edə bilər.
Bundan əvvəl ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni yardım paketi hazırladığını açıqlamışdı.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Villiam Burns Senatda çıxış edərək getdikcə silah sarıdan tükənən Ukraynaya hərbi yardım göstərilməsə, bu ölkənin 6 ay ərzində çox kritik vəziyyətlə üzləşəcəyini bildirmişdi: “
“Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, ancaq əlavə yardımla Ukrayna 2024-cü ilə və 2025-ci ilin əvvəlinə qədər təkbaşına ayaqda dayana və Rusiyanı bədəl ödəməyə məcbur edə bilər. Təkcə Krıma sızma və hücumlarla deyil, həm də Rusiyanın Qara Dəniz Donanmasına qarşı. Necə ki, son altı ayda 15 rus gəmisini batırmaqla bu uğura imza atmışdılar."
Burns onu da əlavə etmişdi ki, əgər bu yardımlar davam etməsə, Ukraynanı “daha pis gələcək” gözləyir: “Yəqin ki, Ukrayna 2024-cü ildə öz mövqelərini itirəcək və bu, əhəmiyyətli mövqe itkisi olacaq”.
Maraqlıdır ki, Burns Ukraynanın yalnız buraxılmasını ABŞ-ın Sakit-Hind Okeanı bölgəsindəki müttəfiqlərinə mənfi təsir göstərməsi ilə əlaqələndirmişdi: “Ukraynaya verdiyimiz dəstəkdən geri addım atdığımız görülərsə, bu, Hind-Sakit Okeandakı müttəfiqlərimiz və tərəfdaşlarımız arasında şübhələri artırmaqla yanaşı, Tayvandan Cənubi Çin dənizinə qədər perspektivdə Çin rəhbərliyinin ambisiyalarını gücləndirəcək. Son səfərdə gördüklərim belə idi. Düşünürəm ki, bu perspektivdə hamımız üçün təhlükə var. Məncə, reallıq odur ki, ukraynalıların cəsarətləri və qətiyyətləri tükənmir. Onların sursatları və bizim onlara kömək etmək üçün vaxtımız tükənir”.
Burns sanki bu sözlərlə ABŞ rəsmilərinin diqqətinə çatdırırdı ki, siz Avropa əsaslı siyasətinizi dəyişib Sakit-Hind Okeanı bölgəsinə yönələ bilərsiniz. Amma unutmayın ki, bu günə qədər dəstəklədiyiniz Ukraynanın uduzması yeni regiondakı tərəfdaşlarınızın da sizə güvən hissini zədələyir.
ABŞ-ın bu çıxışdan sonra Ukraynaya hərbi yardımları qismən davam etdirməsi CIA direktorunun əndişələrinin Vaşinqtonda təsir ötüşmədiyindən xəbər verir.
Paylaş: