Xəbər lenti

 

Payız yaxınlaşır. Havaların soyuması Ukrayna və Rusiya arasında gedən müharibəyə də təsirsiz ötüşmür. İndi həm Rusiya, həm də Ukrayna zamana oynayır.

 

Rusiyanın zamana oynama taktikasının səbəbi aydındır. ABŞ-ın Ukraynaya verdiyi müasir silahlarla böyük itkilər verən Rusiya qələbəni döyüş meydanında deyil, kənarda qazanmağa çalışır. Bu məqsədlə də Ukraynanın müttəfiqlərinə enerji sanksiyaları tətbiq etməklə, onları öz istədiyi sülhə məcbur etmək istəyir. Avropanın aparıcı ölkələrinə qaz nəqlinin dayandırılması da Rusiyanın bu niyyətindən irəli gəlir. Artıq bir sıra Avropa paytaxtlarını enerji kəsintilərinə və getdikcə yüksələn inflyasiyaya qarşı etiraz aksiyaları bürüyüb. Qışa doğru bu aksiyaların daha da şiddətlənəcəyi gözlənilir. 

 

Amma rusların bu taktikasının nə dərəcədə işə yarayacağı müəmmalıdır. Məsələ ondadır ki, Ukrayna Silahlı Qüvvələrinin əsas donorları Avropa ölkələri yox, ABŞ və Böyük Britaniyadır. Hər iki ölkənin isə rus enerji mənbələrindən asılılığı yox səviyyəsindədir. Avropa Ukraynaya silah verməyi dayandırsa da, xüsusilə ABŞ-ın bu addımı atacağını gözləmək sadəlövhlük olar. Nədən ki, ABŞ enerji resursları sahəsində nəinki özü-özünə yetən ölkələrdəndir, hətta dünyanın başqa ölkələrinə də neft və qaz ixrac edir. Rus enerji mənbələrinə tətbiq olunan sanksiyalar ona yeni bazarlar və böyük maliyyə imkanları qazandırır. 

 

Praqada Rusiyaya dəstək mitinqi


Üstəlik, Ukraynada savaşın uzanması ABŞ-ın silah sənayesinin də xeyrinədir. Rus təhlükəsinin getdikcə böyüməsi Avropa ölkələrini ondan ciddi miqdarda silah almağa təşviq edir. Görünür, məhz bu səbəbdən ABŞ Senatı Ukraynaya misli görünməmiş səviyyədə 40 milyard dollarlıq hərbi yardım ayırıb. Vaxtaşırı bu məbləği artırır da. Necə deyərlər, ördək gələn yerdən toyuğu niyə əsirgəyəsən ki?

 

ABŞ-ın hərbi yardım kimi ayırdığı silah-sursatın əsasən payız aylarında Ukraynaya verilməyi planlaşdırılır. Hətta bu hərbi yardım çərçivəsində Ukraynaya verilməsi nəzərdə tutulan bəzi silahların 2 ildən sonra öz ünvanına çatdırılacağı bildirilir. Bu fakt ABŞ-ın Ukraynadakı savaşın illərlə davam edəcək şəkildə planlaşdırdığının ən bariz sübutudur.

 

Ukraynaya gəlincə, istər rəsmi Kiyevin, istərsə də dünyanın bir sıra hərbi ekspertlərinin fikirlərindən belə anlaşılır ki, Zelenski hakimiyyəti də zamana oynayır. Zənnimizcə, bunun bir neçə səbəbi var. Əvvəla, Ukrayna ordusunun ildırım sürətli əks-hücuma keçməyə canlı qüvvəsi çatışmır. Dünyanın ikinci böyük hərbi gücü sayılan rus ordusunun hazırda 1 milyondan çox əsgəri var. “Russia Legal Information” internet portalında dərc olunan qərara görə, Putin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını 1 milyon 150 min 628-i hərbçi olmaqla 2 milyon 39 min 758 nəfərə çatdırmaq barədə əmr imzalayıb. Bu fərman Moskvanın məğlubiyyətlə asan razılaşmayacağına işarədir. Ukrayna ordusunun isə bu qədər böyük gücə qarşı hücum taktikası həyata keçirmək şansı yoxdur. ABŞ və Böyük Britaniya da ona müasir silahları zərrə-zərrə verməklə əslində bu ehtimalın erkən reallaşmasını istəmirlər kimi görünürlər. Ukrayna Ordusu da sürətli əks-hücum əvəzinə uzaqdan zərbələrlə rus ordusuna böyük itkilər verdirmək yolunu tutub.

 

Ukrayna rəsmiləri və Qərb analitikləri də bunu etiraf edirlər. ABŞ-ın nüfuzlu  “The Wall Street Journal” (WSJ) qəzetinə açıqlama verən Ukrayna rəsmiləri açıq şəkildə etiraf ediblər ki, onların əks-hücum taktikasının ləng getməsi əvvəlcədən hazırlanan plana uyğundur.

 

“Rəsmilər və Qərb analitikləri deyirlər ki, uğur müxtəlif formalarda ola bilər. Hətta tez bir zamanda çoxlu mövqe əldə etməsə belə, Kiyev rus qoşunlarının yerlərini və təchizat bazalarını ortaya çıxarmaqla, onları müdafiə mövqeyi tutmağa, ölkənin digər bölgələrindəki hərbi birliklərini çıxarmağa məcbur etməklə irəliləyişə nail ola bilər. Ukrayna bu yolla Rusiyanın ordu birləşmələri, onların zəif nöqtələri və döyüşmək istəyi haqqında məlumatlar əldə edirlər”, - nəşr bildirir:

 

“Ukrayna rəsmilərinin fikrincə, onların sürətli irəliləyiş üçün nə zirehli texnikası, nə də canlı qüvvəsi var. Əvəzində Ukrayna hərbçiləri cəbhə xəttindəki Rusiya qüvvələrini zəiflətməklə yanaşı, düşmənin komanda məntəqələri və silah-sursat anbarları kimi döyüş xəttinin arxasındakı kritik qurğularını vurmaq üçün ABŞ tərəfindən verilən HIMARS kimi uzaqmənzilli artilleriya silahları və raketləri var və bu gücündən istifadə etməyi planlaşdırır”.

 

The Wall Street Journal”ın iddiasına görə, Ukraynanın hazırkı mərhələdə başlıca məqsədi Xerson şəhərini rusların əlindən çıxarmaqdır. Qeyd edək ki, Dnepr çayının qərb sahilində yerləşən Xerson Rusiyanın bu savaşda ələ keçirdiyi yeganə böyük şəhərdir və oranın işğaldan azad olunması Krımın da taleyini böyük ölçüdə müəyyənləşdirəcək. Çünki Krıma yol və yarımadanın su təchizatı bu bölgədən keçir. Odur ki, Ukrayna ordusu Xersona gedən yolları, xüsusilə körpü bağlantılarını darmadağın etməklə rus qoşunları qarşısında ciddi əngəllər yaradırlar. “Rus qoşunları şəhərə girmək, silah tədarükü və ya şəhərdən çıxmaq üçün Dnepr çayını keçməlidirlər. Ukrayna ordusu bildirir ki, Dnepr və Xersonun şimal-şərqindəki kiçik İnhulets çayı üzərindən körpülərə endirdiyi zərbələr şəhərdəki Rusiya qüvvələrinə təchizat xətlərini böyük ölçüdə kəsib”, - WSJ bildirir.

 

Ukraynanın cənub istiqamətində hərəkəti ilə Rusiyanın diqqətini Xarkov şəhərindən uzaqlaşdıra biləcəyini düşünən Qərb rəsmilərinin hesabatlarına görə, işğalçıların Xerson və onun ətrafında təxminən 20.000 əsgəri var. Ukrayna onları tələyə salaraq təslim olmağa, ya məhv etməyə və ya qaçmağa məcbur edə bilər. Nə olursa olsun, Ukrayna qanlı küçə döyüşlərinə getmədən Xersonu geri almağa ümid edir.

 

Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç bu strategiyanı “Putin ordusunun sistemli şəkildə üyüdülməsi” adlandırıb. Onun sözlərinə görə, Kiyev qüvvələri “operativ logistik təchizat sistemini üzə çıxarmaq və onu artilleriya və HIMARS-larla məhv etmək” üzərində işləyir və bu, xeyli vaxt aparacaq”.

 

 

“Ukrayna Xersondan kənarda yerləşən yaşayış məntəqələrini geri alsa, çoxlu sayda rus qoşununu ələ keçirsə və ya öldürsə, yaxud bəzilərini geri çəkilməyə məcbur etsə, yenə də uğuru ilə öyünə bilər”, - yazan WSJ müəllifinin fikrincə, “Xersona hücum həm də Ukraynanın şimal-şərqdəki Xarkov ətrafından Qara dənizdəki Krıma qədər geniş ərazidə işğalçı qüvvələri sıxışdırmaq üzrə hazırlanmış daha geniş strategiyanın əsas elementidir”.

 

ABŞ-ın təqaüddə olan generalı Stefen Tvittinin fikrincə, Dnepr çayı üzərindəki körpülər Ukraynanın Xersondakı Rusiya qüvvələrinə təchizat xətlərini kəsmək səylərində əsas hədəfə çevrilib. Lakin o, “bu cür döyüşlərlə yalnız uzunmüddətli perspektivə bel bağlamağın” mümkünlüyünə inanır.

 

Pentoqonun keçmiş hərbi analitiki Billi Fabian isə nəşrə açıqlamasında deyib ki, Ukrayna döyüşçüləri növbəti hücuma hazırlaşmaq üçün irəliləyə və fasilə verə bilər. Analitikin fikrincə, Ukrayna qüvvələri yavaş hərəkət etməlidir, çünki onlar hərbi strateqlərin son dərəcə çətin hesab etdikləri əməliyyatlara girişirlər: “Güclü qüvvə və ya hava üstünlüyü olmadan, artıq möhkəmlənmiş müdafiə xəttini keçmək asan deyil. Kiyevin məhdud sayda ixtisaslı və ya veteran qoşunları var və onları geniş cəbhə xəttində yerləşdirməlidir. Ukrayna komandirləri isə mümkün qədər az sayda əsgəri riskə atmaq istəyirlər”.

 

Britaniyanın nüfuzlu analitik mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Cek Uotlinq da "Xerson şəhərinə anidən hücum etmək cəhdinin səhv olacağına” inanır: “Bunun əvəzinə, Ukrayna bölgənin coğrafiyasından istifadə edərək rus qoşunlarını çay sahillərinə sıxışdırmaq niyyətindədir. Ukrayna qüvvələrinin şimaldan və qərbdən quruda irəlilədiyi, körpülərə və təchizat obyektlərinə zərbələrin tempini artırdığı görünür. Məqsədləri Rusiya qüvvələrinə yaxınlaşarkən onları tədarükdən məhrum etməkdir”, - hərbi analitik belə düşünür.

 

Açıq mənbəli kəşfiyyat məlumatlarına görə, Ukrayna qüvvələrinin artıq Xersonun kənarındakı bəzi kiçik şəhərləri geri aldığını deyən təqaüdçü general Tvitti bildirib ki, getdikcə artan bu xırda uğurlar taktiki üstünlük sayılır, çünki “bu kiçik şəhərlərin həmvətənləri tərəfindən azad edildiyini görən ukraynalılar və Rusiyaya qarşı irəliləyiş görmək istəyən Kiyevin qərbli dəstəkçiləri üçün çox şeylər deməkdir”.

 

Generalin fikrincə, Ukraynanın daha böyük strateji məqsədi torpaqlarının böyük qismini geri almaq və Rusiya qüvvələrini dəf etməkdir, çünki müharibənin hansısa formada danışıqlarla bitməsi ehtimalı var.

 

Uzunmüddətli perspektiv odur ki, Ukrayna nə qədər çox qazanc əldə edə bilsə, danışıqlar masasında bir o qədər inamla oturacaqlar”, - general vurğulayıb.

 

Bütün bu təhlillər və açıqlamalar onu göstərir ki, Ukrayna da uzun perspektivli savaş strategiyasını mənimsəyib. Buna məcburdur da. 

 

Heydər Oğuz,

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 766          Tarix: 5-09-2022, 08:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma