Xəbər lenti


 

ABŞ prezidenti Co Bayden administrasiyası Ordunun Taktik Raket Sistemi (ATACMS) ehtiyatlarının tükənəcəyindən ehtiyatlanaraq Ukraynaya ehtiyac duyulan uzaqmənzilli raketləri göndərməyəcəyini açıqlayıb.

 

Ovqat.com-un məlumatına görə, xəbəri ABŞ-ın məşhur “Politico” nəşri yayıb.

 

 Bildirilir ki, ABŞ rəsmiləri Kiyev nümayəndələri ilə Pentaqondakı son görüşlərdə onlara veriləcək Ordu Taktik Raket Sisteminin olmadığını çatdırıblar.

 

Rəsmilər həmçinin qeyd ediblər ki, ATACMS raket sisteminin Şərqi Avropadakı döyüş meydanına göndərilməsi ABŞ-ın ehtiyatlarını azalda və ABŞ ordusunun gələcək müharibəyə hazırlığına zərər vura bilər.

 

Bu narahatlıqla yanaşı, Bayden administrasiyasının Ukraynanın Rusiya torpaqlarının dərinliyinə hücum etmək və Kremlin “qırmızı xətt” adlandırdığı cizgiyi keçərək 190 mil mənzilli raketlərdən istifadə edəcəyi qorxusu da var. Bu da ABŞ-ın Ukraynaya ATACMS sistemləri göndərməməsinin əsas səbəbi kimi göstərilir. 

 

Məlumatda xatırladılır ki, Pentaqonun öz ehtiyatlarını qiymətləndirməsi hərbi strateqlərin düşmənlə qarşılaşmaq üçün lazım ola biləcəyini düşündükləri silah və sursatların miqdarı ilə müəyyən edilir. Bu planlar Ukraynada müharibə başlayandan bəri əhəmiyyətli dərəcədə revize olunmayıb və ABŞ-ın zəifləmiş Rusiya ilə üzləşməsi üçün lazım ola biləcək ehtiyatları toplanmayıb.

 

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib ki, hərbçilərin ATACMS göndərməkdə tərəddüd etmələrinin səbəblərindən biri onların ABŞ anbarlarında müəyyən səviyyədə sursata sahib olmaq istəyi ilə bağlıdır. Yüksək rütbəli Pentaqon rəsmisi mövzu ilə bağlı bunları söyləyib: “İstənilən paketdə biz Ukraynanı döyüş meydanında ehtiyacı olan silah və sursatla təmin edərkən həmişə hazırlığımızı və öz ehtiyatlarımızı nəzərə alırıq. Ukraynanı hədəfləri vurmaq üçün lazım olan imkanlarla təmin etməyin başqa yolları da var”.

 

Pentaqonun Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə yüksək vəzifəli rəsmisi Laura Kuper son müsahibəsində deyib: “Təklif etdiyimiz hər  paketdə, istər HIMARS, istərsə də başqa növ silah məsələsində olsun, biz həmişə raketlər və ya döyüş sursatı ilə bağlı ehtiyatlarımızın mövcudluğu və istehsal məsələlərinə baxırıq. Bu, istənilən döyüş alətlərinə aiddir və biz buna uyğun qərarlar qəbul edirik”.

 

İddialara görə, “Lockheed Martin” şirkəti son 20 il ərzində müxtəlif konfiqurasiyalarda təxminən 4000 ATACMS istehsal edib. Bu raketlərin bəziləri çoxlu raket atma sistemləri üçün raket alan müttəfiq ölkələrə satılıb. Fars körfəzi müharibəsi və İraq müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən 600-ə yaxın bu raketlərdən atılıb.

 

ATACMS-dən istifadə edən ölkələr arasında Cənubi Koreya, Polşa, Rumıniya, Yunanıstan, Türkiyə, Qətər və Bəhreyn də var. Vaşinqtonun “naz-qəmzəsinə” baxmayaraq, Ukrayna daha təkmil silahlar əldə etməyi bacarır və siyahıya “ATACMS”-lər başçılıq edir.

 

Ukrayna prezidenti Vladimir Zelenski yanvar ayında ictimaiyyətə müraciət edərək, "Ukraynanın cəbhə xəttindən uzağa raket buraxılış qurğuları yerləşdirmək və işğlçıları Ukrayna şəhərlərini məhv etmək imkanından məhrum etmək üçün uzaqmənzilli raketlərə ehtiyacı var", - demişdi.

 

Xatırladaq ki, NATO ölkələrinin Xarici İşlər nazirləri Ukraynaya daha effektiv hərbi dəstək vermək üçün bu gün Brüsseldə toplanacaq. Toplantıdan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlama verərək bildirmişdi ki, Ukrayna savaşı müttəfiqlərin hərbi ehtiyatlarını tükəndirib və hərbi sənaye kompelksləri dərhal hərəkətə keçməli, böyük miqdarda silah və sursat istehsal etməlidir.

 

 ABŞ-ın müdafiə naziri Lloyd Austin və Baş Qərargah rəisi general Mark Milley də bu gün 50 ölkənin Ukraynaya yeni hərbi dəstəyi müzakirə edəcəyi Ukrayna Müdafiə Təmas Qrupunun 9-cu iclasında içtirak etmək üçün Brüsselə gedəcək. 

 




Ana səhifəyə qayıt        Baxış: 5 728          Tarix: 14-02-2023, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma