Xəbər lenti


NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza gəlişini analiz etmək üçün ölkəmizin alyansla 30 ildən artıq davam etməkdə olan əlaqələrini gözdən keçirirəm. Açığı, bir çoxlarının bu səfərdə əleyhimizə nəsə axtarışlarını anlaya bilmirəm. Cənubi Qafqaz ölkələri arasında NATO ilə ən sıx əlaqə quran dövlət Azərbaycandır. Uzun-uzadı yazıb baş ağrısı vermək istəmirəm. Sadəcə, iki faktı söyləyəcəyəm.
 

 Alyansın Əfqanıstanı işğalı zamanı ona nəinki Cənubi Qafqazda, hətta bəlkə Şərqi Avropa ölkələri arasında ən çox dəstək verənlərdən biri biz olmuşuq. Təsəvvür edin, NATO-nun Əfqanistana hərbi sursat və digər təchizat malları daşıyan təyyarələrin 40%-i əvvəl Bakıya enib, burda yanacaq doldurduqdan sonra yoluna davam edib.

 Azərbaycan həmçinin Rusiya və NATO arasında keçirilən məxfi danışıqlara bir neçə dəfə ev sahibliyi edib.

 Məhz bu iki hadisə NATO-nun Azərbaycana göstərdiyi etimadın təzahürüdür.

 Təsadüfi deyil ki, NATO digər Qərb qurumlarından fərqli olaraq Qarabağın 30 illik işğalı zamanında belə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarla çıxış edib. 44 günlük müharibədə əldə olunan qələbədən qısa müddət sonra keçirilən NATO-nun Brüssel sammitində Azərbaycan prezidenti İlham Əliyevin xüsusi təmtəraqla qarşılanması da bu qələbənin təkcə bizim yox, həm də Şimali Atlantika Müqaviləsi Təşkilatının uğuru kimi qiymətləndirilməsinin göstəricisi idi.

 Mən hələ Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayan zabitlərin NATO təlimlərində xüsusi yetişdirildiyini demirəm. Bu mənada Stoltenberqin Cənubi Qafqaza Bakıdan başlamasını da əslində bir mesaj kimi qiymətləndirmək olar.

 Zənnimcə, NATO Baş katibinin səfərinin əsas məqsədi Cənubi Qafqazı yeni müharibələrə sürükləməyən istəyən Rusiyanın təxribatçı siyasətinin qarşısını almaq və region dövlətlərini əməkdaşlığa təşviq etməkdir. Bu məsələdə isə bizdən çox, Ermənistanın çiyinlərinə ağır yük düşür. Paşinyan hökuməti Rusiyaya qarşı savaş ritorikasından əməli tədbirlərə keçməli, ərazisində saxladığı rus əsgərlərinə “idi domoy” deməyi bacarmalıdır.

 Sözsüz ki, Rusiyanın təsir dairəsindən tam qurtula bilməyən İrəvan üçün bunları həyata keçirmək asan olmayacaq. Bunun üçün ilk növbədə Rusiyanın Ermənistana hücumlarında plasdarm rolu oynaya biləcək digər iki Cənubi Qafqaz ölkəsi şimal qonşusuna fürsət yaratmayacağına zəmanət verməlidir. Nədən ki, Rusiyanın Ermənistanla birbaşa ərazi bağlantısı yoxdur, oranı işğal etmək üçün ya biz, ya da Gürcüstan ona öz torpaqlarını açmalıdır. Açığı, mən inanmıram ki, Azərbaycan hökuməti rus ordusunun Cənubi Qafqazdan çıxmasını əngəlləyəcək belə bir addım atsın.

 Bəs Rusiya ümidini Gürcüstana bağlaya bilərmi? Bu suala, təbii ki, biz yox, rəsmi Tbilisi cavab verməlidir.

 Stoltenberqin səfərinə bizdən başlayıb, sonra Gürcüstana keçməsi və ən sonda isə onu İrəvanda tamamlaması, görünür, sözgedən təhlükəsizlik zəmanətini almaqla əlaqədardır.

 

Heydər Oğuz, 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 453          Tarix: 16-03-2024, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma