Xəbər lenti


Fransa və Böyük Britaniya Rusiyanın qabağında rəsmən at oynadır, Avropanın digər güclü dövləti Almaniya isə mümkün olduğu qədər ehtiyatı əldən vermir. 

 

Bunun ilk səbəbi, təbii ki, Fransa və Böyük Britaniyanın nüvə silahına malik olması, Almaniyanın isə belə bir çəkindirici gücünün yoxluğudur. Məntiqlə, Rusiya nüvə silahından istifadə edərsə, ilk hücuma nüvə gücü olmayan dövlətdən başlaya bilər. Deməli, Almaniya özünü digər müttəfiqlərindən daha çox təhlükədə görür.

 

İkinci mühüm səbəb isə konvensional müharibədə belə, Almaniyanın daha ciddi risklərlə qarşı-qarşıya qalmaq ehtimalıdır. Belə ki, Rusiyanın Ukraynanı məğlub etdikdən sonra Fransaya qədər gedib çıxa bilməsi üçün gərək Slovakiyanın (yaxud Macarıstanın), Avstriyanın, İsveçrənin, hətta Almaniyanın üzərindən keçə. Bu da mümkün olmayan məsələdir. Almaniyaya isə daha rahat çıxış yolu var – Baltiki dənizi üzərindən.

 

Üstəlik, Baltik sahili dövlətlər güclü deyillər və Rusiyanın Kalininqradda ciddi hərbi bazası və donanması mövcuddur. Rusiya bu istiqamətdən hücuma keçsə, qabağında Almaniyadan əvvəl bir güclü dövlət dayanacaq - Polşa. Onu da adlaya bilsə, Almaniya ilə üz-üzə gələcək. 

 

Hətta Polşanı adlamağa da ehtiyac yoxdur. Almaniyanın özü Balktik ölkəsidir və Rusiya donanmasının birbaşa ona hücum etmək imkanları var.

 

Bəs, NATO-nun Baltik cəbhəsində yerləşən dövlətlər necə, hamısı bir yerə toplansa, bu hücumun qarşısını ala bilərmi?

 

İstərsəniz, gəlin, bu suala Baltik ölkələrinin hərbi qüdrətinə nəzər salaraq cavab axtaraq.

 

Finlandiya: Sahəsi - 338.462 km²; əhalisi – 5,5 milyon.

Əsgər sayı: 36460; bunun nə qədərinin real döyüş gücü, nə qədərinin isə texniki heyət olduğu bilinmir.

Hərbi xidmət müddəti: 7 və ya 12 ay; əsgərlik məcburi olsa da, istəyənlər həqiqi əsgəri xidmətə gedir, istəməyənlər texniki işlərlə məşğul olurlar;

Qadınlar da əsgərliyə alınırlar.

 

Estoniya: Sahəsi – 45. 339 kv. km, əhalisi – 1, 3 milyon;

Əsgər sayı: 3209; əsgərlik kişilər üçün məcburidir;

Hərbi xidmət müddəti: 8 - 11 ay.

 

Litva: Sahəsi - 65.300 km2, əhalisi 2.7 milyon;

Əsgər sayı: 15 min, onun da 2.400 nəfəri mülki vətəndaş kimi texniki işlərlə məşğuldur;

Əsgərlik müddəti: 9 ay. Litva da Rusiyanın qorxusundan könüllü əsgərlikdən məcburi əsgərliyə keçib. Amma bunun tam oturuşması üçün illər lazım olacaq.

 

Latviya: Sahəsi - 65,589 kv. km, əhalisi – 1.8 milyon;

Əsgər sayı: 4.5 min;

Əsgərlik müddəti: 11 ay; ancaq kişilər əsgər gedir.

 

İsveç: Sahəsi - 450 min kv. km; Əhalisi – 10 milyon;

Əsgər sayı: 30 min hərbi qulluqçu. 2023-cü ilə qədər əsgərlik könüllü idilər. Ötən il məcburi əsgərliyə keçdirlər; Xidmət müddəti: 7,5 ay. Qadınlar da əsgərliyə alınır. 

 

Polşa: Sahəsi - 312.722 kv. km, əhalisi – 37.75 milyon;

Əsgər sayı – 150 min, xidmət məcburidir; 

Polşa Şərqi Avropanın ən güclü ordusuna sahibdir. Bununla belə, NATO ölkələri arasında hərbi qüdrətinə görə hələ də 8-ci yeri tutur.

 

Almaniya: Sahəsi - 357.592 km²; əhalisi – 82 milyon;

Əsgər sayı: 62 min. Əsgərlik hələ də könüllüdür. Ötən il Almaniya Müdafiə naziri Boris Pistorius icbari hərbi xidmət təklifi irəli sürsə də, ölkə kansleri Olaf Şols bu təklifi rədd etmişdi;

Əsgərlik müddəti: 2011-ci ildə icbari əsgərlik ləğv edilməmişdən əvvəl 3 ay idi. 2011-ci ildə könüllü əsgərliyə keçəndən sonra isə bu müddət 7 aya qaldırıldı;

NATO ölkələri sıralamasında hərbi qüdrətinə görə 6-cıdır.

 

Danimarka: Sahəsi – 42.952 kv. km, əhalisi – 5.8 milyon;

Əsgər sayı - 4.717, bir neçə gün əvvələ qədər əsgərlik könüllü idi. İndi isə icbari əsgərliyə qərar verilib. Qadınlar da əsgərliyə alınır;

Əsgərlik müddəti - 4-12 ay.

  

Göründüyü kimi, Baltik dənizi sahillərində 2 güclü NATO ölkəsi var: Polşa və Almaniya. Digər dövlətlərin əsgər sayı və hərbi qüdrətlərinin Rusiya qarşısında dayana bilməsi xeyli müşkül görünür. Bu isə o deməkdir ki, Rusiya bu istiqamətdən hücuma keçərsə, Almaniya torpaqları növbəti savaş poliqonuna çevrilə bilər. Berlin isə bu perspektivlə qarşılaşmaq istəmir. O da digər Baltik ölkələri kimi hesablaşmanın ya tamamilə dayanmasının, ya da Ukrayna ərazisində getməsinin tərəfdarıdır. Məhz bu səbəbdən də Ukraynaya ABŞ-dan sonra ən çox hərbi yardım göstərən ölkə də Almaniyadır – 30 milyard evro. Prezidentinin tez-tez Rusiya ilə döyüşmək üçün Ukraynaya əsgər göndərəcəyini iddia edən Fransa isə indiyədək cəmi 3.8 milyard evroluq vəsait göndərib. Bir sözlə, hətta 5.5 milyonluq Danimarka qədər Ukraynaya hərbi yardım göstərməməsinə baxmayaraq, Almaniyanın xəsislikdə və qorxaqlıqda günahlandırır. Səbəb? Görünür, həqiqətən də məqsədi Almaniyanı çətin vəziyyətə salaraq, Ukrayna savaşına cəlb etmək, ya da onun beynəlxalq nüfuzuna zərbə endirməkdir.

 

Makronun Ukraynaya silah əvəzinə canlı hərbi qüvvə göndərmək təklifi təkcə Almaniya kimi NATO ölkələrində deyil, Alyansın Baş katibi Yens Stoltenberqin də təpkisinə səbəb olmuşdu. Çıxışlarının birində Ukrayna ordusunun canlı qüvvəyə yox, silaha ehtiyacı olduğunu xatırladan Baş katib dolayısıyla Makronun bu təklifdə səmimiyyətini şübhə altına almışdı.

 

Avropa ölkələrinin Ukraynaya hərbi yardım məsələsində ortaq məxrəcə gələ bilməməsinin, xüsusilə də Almaniyanın çəkingən davranmasının 3-cü mühüm səbəbi bu zamanadək böyük ümidlər bəslədikləri və himayəsinə sığındıqları ABŞ-ın müxtəlif bəhanələrlə bu işə soyuq yanaşmasıdır. 2017-ci ildə qəbul etdiyi Hərbi Doktrinasında təhdid sıralamasında ilk yerə Rusiyanı deyil, Çini yerləşdirən Vaşinqton hazırda Sakit və Hind okeanına daha çox diqqət ayırır. Məlumatlara görə, Tayvana, Filippinlərə, Cənubi Koreyaya hərbi qüvvələrini cəmləşdirən Pentaqon faktiki olaraq Ukraynanı Avropa müttəfiqlərinin ümidinə buraxıb. Özünə görə haqsız da deyil. Zira Çinin, Şimali Koreyanın, İranın başını öz müdafiə problemlərinə qata bilməsə, onlar Rusiyanı daha rahat silahlandıracaqlar. Üstəlik, Rusiyanın çöküşü onun hegemonluğu altında olan coğrafiyaların Çinin nəzarətinə keçmə ehtimalını doğurur ki, bu, Vaşinqton üçün daha təhlükəlidir.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 4 653          Tarix: 17-03-2024, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma