Xəbər lenti


Amerikanın qeyri-kommersiya tədqiqatlar mərkəzi “RAND” (Research and Development – Tədqiqat və İnkişaf) korporasiyası və ABŞ Dövlət Departamenti erməni millətçilərini xəyal qırıqlığına uğradan bəyanatlar veriblər. 

 

Ovqat.com-un məlumatına görə, bir müddət əvvəl (14 mart 2024) “RAND” korporasiyası öz rəsmi Azərbaycan-Ermənistan münasibətlərini təhlil edən məqalə dərc edib.

 

Co Haberman və Pol Koxmari adlı analtiklərin qələmə aldığı Birləşmiş Ştatlar Azərbaycanın təhdidlərinə baxmayaraq Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməz, ancaq kömək edə bilər” sərlövhəli təhlil yazısında bildirilib ki, ABŞ həm özünün, həm də Ermənistanın maraqları baxımından daha ehtiyatlı strategiya yürütməlidir. 

 

“Ötən payızda ABŞ senatorlarının ikipartiyalı qrupu Bayden administrasiyasını erməniləri "sarsılmaz dəstəyimizə" inandıracaq tədbirlər görməyə çağırmışdı, baxmayaraq ki, bu çağırışda konkret təkliflər yox idi. Lakin ABŞ-ın sarsılmaz dəstəyi əvəzinə həm öz maraqları, həm də Ermənistanın maraqları üçün daha ehtiyatlı strategiyaya yürütməlidir. Bunun üçün Ermənistana özünümüdafiə imkanları yaratmalı, eyni zamanda öhdəliklərinin hədləri ilə bağlı aydın gözləntilər müəyyənləşdirməlidir. Bu, Ermənistanın təhlükəsizliyini dəstəkləməyə kömək edə bilər, lakin bir sıra səbəblərdən təhlükəsizlik qarantı rolunu oynaya bilməz, xüsusən də ona görə ki, Ermənistan liderləri bu mövzuda ehtiyatlı davranmağa çalışırlar”, - analitik yazıda qeyd olunurdu.

 

 

Dünən ABŞ Dövlət Departamenti nəşrin təkliflərinə cavab verib.

 

Amerikanın Səsi”nin RAND nəşrində yer alan müddəalarla bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti bildirib: “ABŞ Cənubi Qafqazın bütün ölkələrinin gələcək demokratik inkişafını, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu, ABŞ-ın bütün regiondakı siyasətinin əsas prinsipidir və bu məqsədlə biz geniş əsaslı münasibətlərin bir hissəsi kimi Ermənistanla əlaqələrimizi genişləndiririk”.

 

ABŞ Dövlət Departamenti həmçinin qeyd edib ki, Vaşinqton “Cənubi Qafqaz ölkələrinə sülh və sabitlik gətirəcək istənilən xoşməramlı əməkdaşlığı alqışlayır”, ancaq bu sahədə Rusiya ilə müttəfiqliyin effektivliyinə inanmır: “Biz Rusiyanın Ukraynaya qarşı davam edən dağıdıcı təcavüzünün, Gürcüstanın suveren ərazisini işğal altında saxlamasının və regionda, həmçinin bütün dünyada sabitliyi pozan hərəkətlərinin şahidi oluruq. Ona görə də Rusiyanı nə Cənubi Qafqazda, nə də başqa yerdə etibarlı və vicdanlı müttəfiq, yaxud tərəfdaş hesab edə bilmərik”.

 

ABŞ Dövlət Departamenti Ermənistanın zaman-zaman strateji müttəfiq kimi gördüyü İranla münasibətlərdə də ehtiyatlı olmasına eyham vuraraq bildirib: “Biz ardıcıl olaraq bu region ölkələrini (Cənubi Qafqaz) İranın niyyətlərini doğru qiymətləndirməyə və İran rejimi ilə bütün münasibətlərdə ehtiyatlı olmağa çağırmışıq”. Nəzərə alsaq ki, İran Azərbaycan-Ermənistan gərginliyində əks tərəfin mövqeyini tutur və İrəvan da ona özünün potensial himayədarı kimi baxır, mesajın əsasən kimə ünvanlandığı aydındır.

 

Qeyd edək ki, “RAND” korporasiyası öz analitik tədqiqatları ilə ABŞ, Avropa, Yaxın Şərq və Asiyadakı dövlət qurumlarına xidmətlər göstərir. Onun tədqiqatlarına ABŞ Dövlət Departamenti səviyyəsində cavab verilməsi Vaşinqtonun qurumun fəaliyyətini nə dərəcədə diqqətə aldığına dəlalət edir. Bəs, “RAND” korporasiyasının ciddi əks-səda doğuran məlum məqaləsində Azərbaycan - Ermənistan münasibətləri barədə daha nələr deyilib?

 

Məqalədə Azərbaycan Ermənistanın güclü düşmən qonşusu, Rusiya isə aciz müttəqi kimi göstərilərək bildirilir: “Azərbaycanın simasında düşmən qonşu və Rusiyanın simasında aciz müttəfiqlə qarşılaşan Ermənistan öz xarici siyasətində ciddi sarsıntı keçirir. 2023-cü ilin sentyabrında Dağlıq Qarabağdakı sarsıdıcı məğlubiyyətdən və dörd erməni əsgərinin ölümü ilə nəticələnən son sərhəd atışmalarından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvanın NATO-ya yarımçıq cavabı xarakteri daşıyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurdu. Bu potensial geosiyasi dəyişiklik fonunda Vaşinqton proseslərə müdaxilə etmək və Rusiyanın yerinə yetirə bilmədiyi rolu oynamaq həvəsinə düşə bilər”, - deyən “RAND” analitikləri ABŞ-a gücü çatmayacağı yükün altına girməməyi, sadəcə Ermənistana bəzi hərbi dəstəklərlə kifayətlənməyi məsləhət görür. Məqalənin “ABŞ-ın maraqları” bölümündə bildirilir:

 

ABŞ Cənubi Qafqazda baş verənlərlə maraqlanmalıdırmı? 

 

Milli maraqlara dar baxış bölgənin ABŞ-da yaşayan əhəmiyyətli erməni diasporu arasında anlaşılan səbəblərə görə böyük narahatlıq yaratmasına baxmayaraq, strateji əhəmiyyət daşımadığını göstərə bilər. Buna baxmayaraq, Azərbaycanın Ermənistana işğalı Amerikanın maraqlarına zidd olardı. Silahlı təcavüz ABŞ-ın Ukraynaya dəstəyinin əsasını qoyan prinsipləri -beynəlxalq sərhədlərin pozulmazlığı və demokratiyaları qorunmağı - legitimlikdən məhrum edərdi. İşğal həm də bölgəni daha da sabitsizləşdirə bilər və Amerikanın NATO müttəfiqlərinin Rusiya tədarükündən uzaqlaşdıqca daha çox asılı olduqları kritik enerji axınlarını poza bilər. Nəhayət, Amerika Birləşmiş Ştatları, keçən il Dağlıq Qarabağdan qaçdıqdan sonra Ermənistana köçmək məcburiyyətində qalan təxminən 120.000 mülki şəxsin çoxu da daxil olmaqla bir çox mülki şəxsin həyatını itirəcək və köçməsinə səbəb olacaq başqa bir müharibənin humanitar təsirlərini nəzərə almalıdır.

 

Digər ölkələr Ermənistanın müdafiə qabiliyyətini dəstəkləmək çağırışına cavab verməyə başlayıblar, lakin ABŞ olmadan onların bu təşəbbüsləri kifayət deyil. Fransa və Hindistan hazırda (Ermənistanı silahlandırmaqda) ən çox iştirak edən dövlətlərdir; iki ölkə hərbi texnikanın, o cümlədən radarların, durbinlərin və sensorların Ermənistana satılması üçün müqavilə imzalayıblar və Ermənistanın Azərbaycan dronlarını əks etdirə biləcək hava hücumundan müdafiə sistemləri əldə etməsi üçün niyyət protokolu imzalayıblar. Yeri gəlmişkən, Ermənistan bu yaxınlarda HindistanınPinaka” çoxlüləli raket qurğularının da ilk xarici alıcısı oldu və onun “Zen” anti-dron sistemlərini satın aldı. Şərhçilər, həmçinin Avropa Birliyini Avropa Sülh Fondunun hərbi yardımı maliyyələşdirmə mexanizmi vasitəsi ilə Ermənistana hərbi yardım göstərməyə çağırmağa başlayıblar, baxmayaraq ki, Ukrayna qarşısında cari öhdəliklərə əlavə olaraq əhəmiyyətli yeni mənbələr toplayacağı ehtimalı azdır.

 

Bu son təhlükəsizlik sazişləri Ermənistanın müdafiə imkanları üçün müsbət hadisələr olsa da, Azərbaycanın hipotetik hücumuna tam qarşı çıxması üçün kifayət deyil. Daha zəngin, daha sıx məskunlaşmış və texnoloji cəhətdən üstün hərbi düşmənin işğalının real mümkünlüyünü nəzərə alsaq, Ermənistanın əsas qayğısı müdafiə və təmkin olmalıdır. Tayvanın Çinə münasibətində olduğu kimi, Ermənistanın da yaşamaq üçün ən yaxşı şansı bir kirpinin potensial işğala qarşı çıxmaq üçün özünü gücləndirmə, yəni içinə çəkilməklə çəkindirmə strategiyasıdır. Erməni analitik Nerses Kopalyanın təklif etdiyi kimi, belə bir strategiyada mobilizasiya və əməliyyat çevikliyinə üstünlük veriləcək, satınalmalar Azərbaycanın spesifik hücum imkanlarına qarşı uyğunlaşdırılacaq və nəhayət, hərbi resursların və infrastrukturun dayanıqlılığı və davamlılığı təmin ediləcək.

 

ABŞ Ermənistanın çəkindirmə imkanlarının gücləndirilməsinə kömək edə bilər. Xarici Hərbi Satış proqramı çərçivəsində ABŞ Ermənistana MANPADS kimi qısamənzilli hava hücumundan müdafiə sistemi, həmçinin zirehli imkanların müdafiəsini gücləndirmək üçün nəzərdə tutulmuş TROPHY əks-tədbir sistemləri təqdim edə bilər. Ermənistana silah ixracına hazırda inkişafda olan daha geniş anti-dron sistemləri də daxil ola bilər. Bu texnologiya Ermənistanın hazırda Fransadan aldığı Thales Group-un GM-200 antı-dron radarları kimi mövcud müqavilələrindən əldə etdiyi imkanları da tamamlaya bilər. Bundan əlavə, Müdafiə Departamenti Ermənistanın təhlükəsizlik aparatında təcrübə, səriştə, etibar və legitimliyi gücləndirmək üçün institusional bacarıqların yaradılmasına kömək edə bilər. Bu, ölkəyə Kopalyanın dediyi kimi “institusional inkişafdan və Sovet irsindən miras qalmış təhlükəsizlik düşüncəsi mədəniyyətindən” xilas olmağa kömək edərdi”.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 372          Tarix: 27-03-2024, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma