“İsa Məsih haqqında xeyli dini təsəvvürlər var, amma mənim üçün İsa Məsihin siyasi tərəfi heç də dini tərəfindən az əhəmiyyət daşımır. Çünki İsa Məsih təkcə Allahın oğlu deyil, o, həm də ideal liderdir və mənim fikrimcə, indiyə qədər yer üzünü gəzmiş, öz fəaliyyəti ilə açıq-aydın çox şeyi dəyişən ən böyük inqilabçıdır”.
Ovqat.com-un məlumatına görə, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Artaşat (Qəmərli) rayonunda partiya yoldaşları ilə görüşündə səsləndirib.
Paşinyan özü və partiyası ilə İsa Məsih arasında paralellik apararaq onun kimi bir neçə dəfə “ölüb-dirildiklərinə” diqqət çəkib.
Baş nazirin fikrincə, Ermənistanın hazırkı iqtidar partiyasının, o cümlədən özünün İsa Məsihə ən bənzər tərəfi isə çoxlu yalan və iftiralara məruz qalmasıdır. Üstəlik, o da İsa Məsih kimi sülh istədiyinə görə bu basqılarla üzləşir.
“Mən görürəm ki, sülh istəyimizə və sülh proqramımıza görə bizi çox təhqir edir və haqqımızda xeyli yalanlar deyirlər”, - Paşinyan necə “ölüb-dirildiyinə” belə aydınlıq gətirib.
Paşinyan “sülhpərvər” mövqeyini əsaslandırmaq üçün İncildən sitatlar gətirməyi də unutmayıb: “Münasibətlərimizi müəyyən dərəcədə pozduğumuz və ya heç olmasa onları düzəltməli olduğumuz barədə bir mesaj var və bu, İsa Məsihin aşağıdakı mesajıdır: “Sülh məramlılar nə bəxtiyardırlar, çünki onlar Allahın övladları adlanacaqlar”.
Paşinyan sülh gündəliyinin zamanın “məsləhəti” olduğunu vurğulayaraq deyib: “Əlbəttə, günün məsləhətinə əsasən, mən hazırkı gündəliyimizi vurğulamağa çalışıram, həmçinin sülh gündəmi haqqında danışıram. Günün nəsihətini vurğulayarkən, “Dağüstü Xütbə”dən gələn bir başqa mesaja da istinad etmək istərdim: “Yas tutanlar nə bəxtiyardır, çünki təsəlli tapacaqlar”. Əslində, biz yas tuturuq, müharibələr zamanı itirdiyimiz minlərlə qurbanlarımızın yasını tuturuq. Düşünürəm ki, sülh - bizim təsəllimiz ola bilər, təsəllimiz həmçinin təhlükəsiz, inkişaf etmiş, azad və xoşbəxt bir Ermənistan Respublikasıdır”.
____
Haşiyə
Qeyd edək ki, Paşinyanın sitat gətirdiyi “Dağüstü xütbə” “Matfey İncili”ndə yer alan kəlamlar toplusudur. Kitabın 5-7-ci fəsillərində deyilir ki, İsa bu xütbəni təxminən eramızın 30-cu illərində bir dağın yamacında şagirdləri və izdihamlı insanlar qarşısında söyləyib. Bildirilir ki, bu nəsihətlər İsa peyğəmbər dirildikdən sonra ardıcıllarına son məsləhəti olaraq dilə gətirilib.
“Matfey İncili”nin tədqiqatçıları İsa Məsihin bu kitabdakı təlimlərini 5 hissəyə bölürlər, onun birinci hissəsi isə “Dağüstü Xütbə”dir. Xütbədə ən çox üzərində dayanılan mövzu bərabərlik ideyasıdır.
Yeri gəlmişkən, İslam dinində də peyğəmbərin ardıcıllarına son sözü ənənəsi mövcuddur. İslam tarixçilərinin bildirdiyinə görə, Hicrətin 10-cu ilində Məkkəni ziyarət edən Məhəmməd tərəfdarları ilə bərabər geri qayıdarkən Qədir-Xum adlanan yerdə dayanmış və səhabələrinə günorta namazı qıldırdıqdan hər kəsi bir araya toplayaraq, məşhur xütbəsini söyləmişdi. Xütbəsində artıq ömrünün son günlərini yaşadığına eyham vuran peyğəmbər müsəlmanlara heç kimin heç kimə üstün olmadığını, üstünlüyün yalnız təqva (Allaha ibadətdə ardıcıllıq və səmimiyyət) ilə müəyyənləşdirildiyini vurğulamışdi. Eyni xüsusun İsa Məsihin “Dağüstü Xütbəsi”ndə də keçdiyini nəzərə alsaq, aydın olar ki, bütün səmavi dinlər insanlar arasında fərq qoyulmamasını, irqi ayrı-seçkiliyə gedilməməsini tövsiyə edir.
Bundan əlavə, peyğəmbər müsəlmanlara iki yadigar buraxdığını, bunlardan biri Quran, digəri isə Əhli-beyt olduğunu da məhz Qədir Xum xütbəsində dilə gətirmişdir. Şiələrin iddiasına görə, peyğəmbər bu nəsihətini (bəlkə də vəsiyyətini) bitirdikdən sonra Həzrət Əlini sağ tərəfinə çağırıb, əlindən tutaraq qaldırmış və demişdir: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol!” . Dərd burasındadır ki, peyğəmbərin vəfatından sonra müsəlmanlar arasına düşən ayrılıq və ixtilafda “Qədir-Xum” xütbəsinə fərqli yanaşmaların da böyük rolu olmuşdur.
___
Paşinyanın fikrincə, “Maftey İncili”ndə yer alan “Dağüstü Xütbə” bölümündə yer alan başqa bir mesaj isə Ermənistanın indiki vəziyyətinə daha çox uyğundur: “O da budur: “Mənim haqqım üçün sizi söyəndə, təqib etdikdə və haqsız yerə hər cür şər-şəmata söyləyəndə, nə bəxtiyarsınız!”. İsa Məsih özü və davamçıları haqqında belə danışır və mən görürəm ki, bizim sülh arzularımıza və sülh proqramımıza görə onlar bizi söyürlər və barəmizdə çoxlu yalanlar danışırlar”, - deyən Paşinyan özünü faktiki olaraq İsa Məsihlə müqayisə edib.
Onun sözlərinə görə, barəsində ən çox yayılan yalanlar Ermənistan hökumətinin Tavuş vilayətinin 4 kəndini Azərbaycana verməyə hazırlaşdığı haqda şayiələrdir. Paşinyan bunun reallıqla heç bir əlaqəsi olmadığını vurğulayaraq bildirib: “Demişəm, bu gün də təkrar edirəm ki, Ermənistanın Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs Ayrım kəndləri olmayıb və onları Bağanıs kəndi ilə qarışdırmaq olmaz”.
Çıxışının nəticələrinə yekun vuran Paşinyan onu da vurğulayıb ki, Ermənistanın mövcud hökumətinin adıçəkilən kəndlərin əraziləri ilə bağlı heç vaxt iddiaları olmayıb və yoxdur.
Paylaş: