Xəbər lenti


Türkiyə Ukrayna münaqişəsinin həlli üçün İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq sammitdə Rusiyanın iştirakını müdafiə edib. 

 

Ovqat.com-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə “RİA Novosti”-yə bildirib.

 

“Davamlı sülhə və atəşkəsə nail olmaq üçün bütün tərəflərin iştirakı lazımdır”, - o adı çəkilməyən mənbə deyib.

 

Mənbənin sözlərinə görə, rəsmi səviyyədə rəsmi Ankaranın bu məsələ ilə bağlı mövqeyi dəfələrlə ifadə olunub. O, Türkiyə liderinin də bunu bəyan etdiyini vurğulayıb.

 

Qeyd edək ki, İsveçrə Xarici İşlər Nazirliyi 2022-ci ilin martında İstanbulda Ukrayna üzrə sülh müqaviləsinin variantı kimi tərtib edilmiş saziş layihələrini nəzərdən keçirir. Həmin saziş layihəsində Rusiyanın işğal etdiyi bir sıra əraziləri özündə saxlaması nəzərdə tutulurdu.


Bəs, İsveçrə sammiti nə zaman keçiriləcək?


İsveçrə hökuməti dünən Ukrayna üzrə sülh sammitinin iyunun 15-16-da keçiriləcəyini açıqlayıb. İlkin mərhələdə Rusiya nümayəndələrinin bu sammitdə iştirakı nəzərdə tutulmur. İsveçrə hökuməti ümid etdiyini bildirib ki, Rusiya nümayəndələri nə vaxtsa Ukraynada sülh yolu ilə nizamlanmanın müzakirəsinə qoşula biləcəklər.

 

İsveçrə və Ukrayna liderləri bu ilin yanvarın ortalarında qlobal sülh sammiti keçirməyi planlaşdırdıqlarını açıqlamışdılar. İki ölkənin prezidentləri Viola Amherd və Vladimir Zelenski Berndə keçirilən görüşdə yaxın vaxtlarda bu tədbirə hazırlığa başlamaq niyyətində olduqlarını bildirmiş, lakin sammitin dəqiq tarixi barədə məlumat verməmişdilər.

 

Rusiyanın sammitdə iştirakına əsasən Ukrayna prezidenti Vladimir Zelenski qarşıdır. Onun fikrincə, Ukraynanı işğal siyasətini davam etdirdiyi müddətcə Rusiyanı sammitə dəvət etmək planı yoxdur. Zelenski qeyd etmişdi ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlər yalnız sammitə dəvət olunacaqlar. 




Ana səhifəyə qayıt        Baxış: 4 968          Tarix: 11-04-2024, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma