Xəbər lenti


 

Bir çox ekspertlər Ermənistan Baş naziri Nikol Paşinyanın 5 apreldə Brüsseldə Aİ və ABŞ rəsmilərilə görüşündən istənilən nəticəni ala bilmədiyini, məhz bu səbəbdən də İrəvana ölkə iqtisadiyyatının davamlılığı üçün 4 il ərzində 270 min avro kimi mütəvazi yardım ayrıldığını iddia edir, bəziləri isə ayrılan vəsaitin azlığının məsələyə dəxli olmadığını bildirirdilər. İkincilərin fikrincə, Qərb rəsmiləri ilə görüşün özü ən böyük qənimətdir ki, Paşinyan da bunu qazanıb. Guya ölkə iqtisadiyyatının inkişafı və dayanıqlığı üçün vəsaitlər daha sonrakı dövrlərdə İrəvana axacaq və Ermənistan Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevriləcək.

 

Ovqat.com-un məlumatına görə, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində səsləndiyi bəzi fikirlər Qərb tərəfdaşlarının Ermənistana çox etibar etmədikləri ehtimalını təsdiqləyir.

 

Açıqlamasında “Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsi həm Aİ-nin, həm də Ermənistanın maraqlarına uyğundur”, - deyən Klaar bu tərəfdaşlığın perspektivi barədə danışmağın hələ tez olduğunu da gizlətməyib.

 

 

“Bir neçə il əvvəlki ilə müqayisədə Aİ ilə Ermənistan arasında münasibətlər xeyli inkişaf edib. Amma münasibətlərimizin gələcəkdə hansı səviyyədə olacağını söyləmək hələ tezdir. Bu, İrəvanda qəbul edilən siyasi qərarlardan, Brüsseldə və Aİ-yə üzv ölkələrdə qəbul edilən siyasi qərarlardan asılıdır, - Klaar bildirib.

 

Avropa rəsmisi fikrini onunla əsaslandırıb ki, Ermənistanın söz verib, sonra sözündən yayınmaq kimi pis bir şakəri var. Bu səbəbdən də Avropalılar sonunda xəyal qırıqlığı ilə nəticələnən “vaxt itkisi” ilə üzləşmək istəmirlər. Klaar açıqlamasında eynilə belə deyib: 

 

“Bütün bunlar elə bir prosesdir ki, Ermənistan 10 il əvvəl bir az da irəli gedə biləcəyimiz bəzi elementlərə yenicə nail olmağa başlayıb, lakin sonra başqa qərar verib. Biz hələ də münasibətlərimizdə itirilmiş vaxtı kompensasiya edirik”.

 

KTMT-yə üzvlük buna mane olub-olmaması ilə bağlı sualı cavablandıran Avropa rəsmisi açıq dilə gətirməsə də, Ermənistanın yol ayrıcında dayandığına eyham vuraraq bildirib:

 

Biz Ermənistan hökumətinin və erməni xalqının nə etmək istədiklərinə, hansı istiqamətə getmək istədiklərinə və münasibətlərimizin ən yaxşı inkişafını necə gördüklərinə baxmalıyıq. Yaxşısı odur ki, keçən həftəki görüşdə biz Aİ-Ermənistan münasibətlərinin həqiqətən möhkəmləndiyini gördük və ABŞ Ermənistanın dayanıqlılığına dəstək verməyə hazırdır. Bu, Avropa Komissiyasının rəhbəri fon der Leyenin də Ermənistanın baş naziri Paşinyana göndərdiyi çox mühüm siqnal idi”.

 

Bir sözlə, Klaarın sözlərindən belə anlaşılır ki, Brüsseldə Paşinyana “xoş gəlmisən, amma təəssüf ki, əliboş gəlmisən, get, bəzi öhdəliklərini yerinə yetir, bir də təzədən gələrsən” deyib yola salıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 5 806          Tarix: 12-04-2024, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma