İsrail Xarici İşlər Nazirliyinin Qüdsdə siyasət məsələləri üzrə direktoru Aliza Bin Nun Azərbaycan XİN-də və Prezident Administrasiyasında danışıqlar aparıb.
"Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar nazirliklərarası məsləhətləşmələr apardım.
Möhkəm münasibətlərimiz və onların gələcək inkişafı yollarının axtarışı məsələləri ətraflı müzakirə olunub.
Bundan başqa, Yaxın Şərqdə və Qafqazda inkişaf etməkdə olan dinamikaya nəzər saldıq. Səmimi qəbul və faydalı ideya mübadiləsi üçün minnətdaram.
Dostum, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyovla da mehriban görüşümüz keçirilib. Müzakirələr ikitərəfli və regional məsələləri əhatə edib, Qafqazda və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirdik", deyə İsrail diplomatı X platformasında yazıb.
Maraqlıdır ki, İsrail rəsmisinin səfərinə dərhal təxribatçı iranlılardan və ermənilərdən reaksiya gəlib. Belə ki, Azərbaycana qarşı davamlı olaraq saxta məlumatlar yayması ilə tanınan, özünü Tehran universitetinin beynəlxalq əlaqələr üzrə ekspert kimi təqdim edən Ehsan Movahedian “X” platformasında əllərində İsrail və Azərbaycan bayraqları tutmuş bir neçə gəncin fotosuna belə bir şərh yazıb: ”Bakıda yaramaz insanlar küçərlərə çıxaraq sianoist rejimin Qəzza bölgəsindəki Rəfaha hücumunu və uşaq qatili olan faşist rejimi dəsətkləməyə çıxıblar. Anoloji halı hazırda Avropa və Amerikada da görmək mümkün deyil”. (mənbə: publika.az)
Movahedianın bu paylaşımını az sonra Rusiyanın “Vkontakte” sosial platformasında qeydiyatdan keçmiş “Arsax və Ermənistan” səhifəsi "Bakıda İsrailə dəstək aksiyası" şərhi ilə fake xəbərlər yayıblar. İranın üzərinə çox getməyək, prezidentlərin görüşü olsacaq. İsrail rəsmisinin Bakı səfəri erməniləri niyə narahat etdi?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, istər İranın, istərsə də ermənilərin narahatlığı başadüşüləndir: “Məsələ heç də İsrail Silahlı Qüvvələrinin Qəzzada apardığı soyqırıma Azərbaycanın laqeyd qalmasından qaynaqlanmır. Rəsmi Bakı bacardığı qədər Fələstin xalqını dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Məsələ burasındadır ki, İranın Fələstinə verdiyi dəstək real əsaslara söykənmir. Hansısa xalqı və ya dövləti dəstəkləmək heç də onları qızışdırıb özündən müqayisə olunmaz dərəcədə güclü tərəfin üstünə göndərmək deyil. Əsl dəstək o olar ki, tərəflər arasında tökülən qanı durdura biləsən və regiona qalıcı sülh gətirəsən. Nə yazıq ki, İranın Fələstini dəstəkləməsi bu xoş mərama xidmət etmir. Nəticədə milyonlarla fələstinli bu gün Misirlə sərhəddə yerləşən Rəfah qapısında çarəsiz vəziyyətdə qalıb. Təsəvvür edin ki, İranın HƏMAS üzərindəki təsir gücünü görən və bunun xoş məqsədə xidmət etmədiyini anlayan ərəb ölkələri belə, Fələstin xalqının qətliama uğramasına laqeyd yanaşır. Hətta bir az da irəli gedərək, İsraillə əməkdaşlıq edirlər. İran isə nədənsə ərəblərin bu mövqeyinə cınqırını çıxarmadığı halda, Azərbaycana hansısa yəhudi diplomatın zəng etməsini və ya ölkəmizə səfərini süngü ilə qarşılayır. Halbuki, məsafəcə bizdən xeyli uzaqda olan Fələstinə istəsək belə, yetərli dəstək verə bilmərik. Biz sadəcə iki xalq arasında sülh quruculuğuna ümid edə bilərik və hesab edirəm ki, rəsmi Bakı da məhz bu istiqamətdə çalışır, yaxud çalışmalıdır. Tərəflər arasında sülh quruculuğu üçün isə mütləq onların hər ikisi ilə xoş münasibətin olmalıdır”.
Heydər Oğuzun fikrincə, Azərbaycanla Türkiyə xarici siyasətini bir-biri ilə sinxronlaşdırmış iki qardaş dövlətdir: “Bəzən bu dövlətlərdən biri qlobal müstəvidə bir tərəfin, digəri isə o biri tərəfin arasında iş aparır, birgə fəaliyyətlə eyni hədəfə varmağa çalışırlar. Bu mənada təsadüfi deyil ki, Türkiyə Fələstinlə, Azərbaycan isə İsraillə danışıqlar aparır. Fikrimcə, Ankara ilə Bakının bu istiqamətdə yürütdüyü siyasət sonunda öz nəticəsini verəcək”.
O ki qaldı İranın Fələstin siyasətinə, Heydər Oğuzun iddiasına görə, cənub qonşumuz sadəcə bəyanatlarla kifayətlənir, öz proksi qüvvələrini ön cəbhəyə sürərək, başqalarının fədakarlığı hesabına hansısa dividentlər əldə etmək istəyir: “Başlıca dividentləri isə öz iqtisadi maraqları ilə bağlıdır. Bilirsiniz ki, İran İraq və Suriyanı öz nəzarəti altında saxlamaqla Aralıq dənizinə çıxmaq istəyir. Bununla da həm Hindistanın, həm də Çinin dünyaya açılmasında tranzit ölkə rolunu oynamağa can atır. Amma bütün bunları elə həyata keçirir ki, nəticədə ərəblərin qanı axır. Beləliklə, bir tərəfdən ərəblərlə tarixi düşmənçiliyini davam etdirir, digər tərəfdən isə özünü vazkeçilməz, regionda sözü keçən ölkə halına gətirir”.
İsrailin son Qəzza qətliamlarının Hindistandan başlayıb ərəb ölkələri üzərindən İsrailə açılan “Yeni Ədviyyat Yolu” projesinin imzalanmasından sonraya düşməsini təsadüfi saymayan siyasi şərhçi fikrini belə ifadə etdi: “Ötən il Hindistanda keçirilən G-20 zirvəsində qəbul olunan qərara əsasən, İranın böyük ümidlər bağladığı “Yeni Ədviyyat yolu” dəhlizi tamamilə fərqli marşrutdan keçəcəkdi. Bu da təbii ki, Tehranı narahat edirdi. Ardınca da HƏMAS özünün məşhur 7 oktyabr əməliyyatına başladı. Xeyli sayda yəhudi öldürüldü və əsir götürüldü. Bundan istifadə edən Təl-əviv isə Fələstin məsələsinə birdəfəlik son qoymaq qərarına gəldi. O gündən indiyədək Qəzzada axan qanlar durmur. İran isə bu qətliama real reaksiya vermir, proksi qüvvələrinin arxasında gizlənərək geopolitik hədəflərini reallaşdırmağa çalışır”.
Heydər Oğuzun fikrincə, Hindistandan körfəz ölkələri üzərindən İsrailə açılan yeni “Ədviyyat yolu” dəhlizi ərəblərin də maraqlarına uyğun idi: “Hələ Tramp dövründə bu dövlətlər arasında “İbrahim sazişi” deyilən müqavilələr imzalanmış və iqtisadi, diplomatik əməkdaşlıqların təməlləri atılmışdı. Bu əlaqələr yeni “Ədviyyat yolu” dəhlizi ilə möhkəmlənəcəkdi. Faktiki olaraq, HƏMAS-ın bu təxribata çəkilməsi ərəblərin də planını alt-üst etdi və bu təxribatlar İranın maraqlarına uyğun idi. Məhz bu səbəbdən 7 oktyabr təxribatının arxasında İranın dayandığını düşünən ərəb ölkələri Fələstinə dəstək vermir, öz baş ağrılarına çevriləcəyindən çəkindikləri HƏMAS-ın məhvini arzulayırlar. Dərd burasındadır ki, İran da HƏMAS-ı yetərincə dəstəkləmir. Sözsüz ki, istəsə belə dəstəkləyə bilməz. Çünki ortada coğrafi məsafələr və hərbi qüdrət baxımından zəiflik faktoru var. Amma adama deyərlər, bilirdin ki, qüdrətin kimisə dəstəkləməyə çatmayacaq, niyə onları qızışdırırdın?”.
Ermənilərin narahatlığına gəlincə, Heydər Oğuz bunu da geosiyasi dəhliz amili ilə əlaqələndirir: “Bilirsiniz ki, Ermənistan Fars körfəzindən Qara dənizə uzanan dəhlizə bel bağlayırdı. Bu gün belə, Paşinyan hakimiyyəti “dünyanın kəsişməsi” adlı dəhlizlərin qovuşması projesi ilə çıxış edir. Guya Ermənistanda qovuşmasını planlaşdırdığı dəhlizlərdən biri də haqqında bəhs etdiyimiz Fars körfəzi-Qara dəniz marşrutudur. Bu xəyali dəhlizin Hindistandan başlayıb İran üzərindən Ermənistana və Gürcüstana keçməsi, ardınca da Qara dənizə çıxması planlaşdırılır. Sirr deyil ki, İsrail və ərəb ölkələri arasında bağlanan “İbrahim sazişi” reallaşarsa, yeni “Ədviyyat yolu” BƏƏ - Səudiyyə Ərəbistanı- İordaniya-İsrail-Yunanıstan marşrutu üzərindən çəkiləcək. Digər bir alternativ isə Türkiyə və İraqın layihələndirdiyi və anlaşdığı “Qalxınma yolu” dəhlizidir. Hansının reallaşmasından asılı olmayaraq, Ermənistan bu beynəlxalq layihələrdən kənarda qalacaq. Beləcə, “Dünyanın kəsişməsi” ideyası da boş bir xülya kimi tarixin arxivinə göndəriləcək. Təbii ki, ermənilərin bu perspektivdən çəkinməsi normaldır. Onlar ən yaxşı halda Azərbaycanın mərhəmətinə sığınıb Zəngəzur dəhlizinə ümid bağlaya bilərlər. Bir sözlə, İranın da, Ermənistanın da Fələstin üçün göz yaşı tökməsi din davasından yox, un davasından irəli gəlir”.
E.Məmmədəliyev,
Musavat.com
Paylaş: