Xəbər lenti


Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının Moskvada keçirilən iclasından sonra belə qənaətə gəlmək olar ki, Aİİ Ermənistanı tərk etmir. Bu ölkənin baş naziri tədbirdəki çıxışında ittifaq çərçivəsində ticarət dövriyyəsinin artımını qeyd edib və hələ də vahid enerji bazarının olmamasından şikayətlənib. 

 

Aydındır ki, Ermənistan kimi ölkələr enerji resurslarının alınmasında və emalında daha böyük güzəştlərə və üstünlüklərə can atır. Lakin Rusiya öz enerji rıçaqlarını itirmək istəmir. Vahid bazar hamı üçün standart qiymətləri nəzərdə tutur. Bu isə o deməkdir ki, Rusiya rəhbərliyi indiki kimi Aİİ ölkələri üçün qaz və neftin qiymətini öz mülahizələrinə uyğun dəyişə bilməyəcək.

 

Putin - Paşinyan görüşü

 

Paşinyan yönümlü sosial şəbəkə səhifələrində yayılan məlumatlara görə, baş nazir iclasdan sonra Putinlə baş tutan təkbətək danışıqlarda “Zvartnots” hava limanı və Azərbaycanla şərti sərhəddə, habelə 2021-ci ildə “şifahi razılaşmalar” əsasında özünün təqdim etdiyi Zəngəzur dəhlizi boyu yerləşmə məntəqələrindəki Rusiya sərhədçiləri mövzusunu qaldırıb. 

  

Əgər bu məlumatlar həqiqətə uyğundursa, Rusiya sərhədin delimitasiyası və demarkasiyası prosesində ən azı hansısa formada iştirak etmək ümidini itirir, eləcə də Kremlin Zəngəzur dəhlizinə nəzarətdə iştirakına yenidən baxılması üçün zəmin yaranır.

 

Bugünkü Rusiya üçün ən vacib şərt Ermənistanın əsas qırmızı xətləri keçməməsidir. Ermənistanın KTMT-dən, MDB-dən, Aİİ-dən, Gümrüdəki hərbi baza ilə Türkiyə və İran sərhədlərinin mühafizəsi üzrə ikitərəfli sazişlərdən çıxması bu xətlərin keçilməsi sayılacaq. Hazırda Paşinyan getdikcə qırmızı xətlərə yaxınlaşır. Bunu ölkədəki etirazların kütləviliyi və miqyası da sübut edir. 

 

Ermənistandakı etirazlar

 

Sərhədin müəyyənləşdirilməsi prosesinin başlaması müxalifətin və kilsənin son şansı, ölkədəki rusiyapərəst qüvvələrin maksimum konsolidasiyası, revanşist qüvvələrin son zərbəsidir. Çünki proseslərin gedişi sürətlənmə nümayiş etdirir ki, bu zaman sülh gündəmi irəlilədikcə yalnız yeni nailiyyətlər əldə edəcək. Ermənistanda hakimiyyət kifayət qədər güclüdür və güc tətbiq etməklə qanunsuz hərəkətləri boğmaq üçün Qərbdən tam dəstəyə malikdir.

 

İrəvan administrasiyası legitimdir və Paşinyan istefaya getməyəcək. Müxalifətin deputat mandatları ilə manipulyasiyası da heç bir nəticə verməyəcək. Qərb Paşinyanın arxasındadır və parlament müxalifətsiz qalsa belə buna göz yumacaq. Paşinyan növbədənkənar seçki keçirməyəcək.

 

Baş nazir üçün əsas məsələ onun partiyasının deputat korpusunun loyallığını qorumaqdır ki, bunu da müxalifətin bütün hakimiyyət tərəfdarlarını dar ağacı ilə hədələməsi təmin edir. Müxalifət öz kəskin ritorikası ilə hakim fraksiyada parçalanma ehtimalını təxirə salır.

 

Mümkün nəticələr

 

Təbii ki, etirazlar danışıqlar prosesinə mənfi təsir göstərəcək. Lakin ən maraqlısı odur ki, bu vəziyyətdə əvvəllər bizə mane olan, indi kömək edə bilər. Bu, Qərbdir. Qərb Paşinyana kömək etmək üçün indi birləşməlidir. Belə ki, Qərbin Ermənistandakı aktivləri institusional deyil, yalnız Paşinyanın özüdür.

 

Sabah elə həmin Srbazan Koçaryanın köməyi ilə hakimiyyətə gəlsə, Ermənistanın yeni hakimiyyəti sadəcə olaraq KTMT-də iştirakını bərpa edəcək və siyahı üzrə digər addımları atacaq. Çünki Paşinyan əslində heç bir təşkilat və ya sazişdən çıxmayıb.

 

Əlbəttə ki, hazırda Ermənistanda Paşinyanın hakimiyyətdə qalması regional sülh prosesi üçün daha faydalıdır. Günümüzdə elə bir vəziyyət yaranıb ki, Azərbaycan və Ermənistan hakimiyyətinin milli maraqlara uyğun hərəkətləri regionun ümumi mənzərəsinin formalaşdırılmasında bir-birini tamamlayır.

 

Yeri gəlmişkən, bəs Fransa bu mənzərənin harasındadır? Hətta Ermənistanın öz daxilində belə Parisin yeri müəmmalıdır. Ermənistandakı kütləvi etirazlar sonrası Fransanın sevimlisi olan daşnakların təzyiqlərə məruz qalması, liderlərinin həbsi, hətta partiyanın Ermənistanda fəaliyyətinin qadağan edilməsi mümkündür. İstənilən halda, hadisələrin hansı ssenari üzrə cərəyan edəcəyini zaman göstərəcək.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 4 679          Tarix: 11-05-2024, 07:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma