Xəbər lenti


İranın mərhum prezidenti helikopter qəzasına uğradıqdan qısa müddət sonra ARB24-ə verdiyim müsahibədə bunun hakimiyyətdaxili güc mübarizəsindən qaynaqlanan təxribat hadisəsi ola biləcəyi versiyasını səsləndirmiş və səhətində ciddi problemlər yaşanan dini liderin xələfi uğrunda mübarizədə İbrahim Rəsinin də adının hallandığını bildirmişdim. Onu da əlavə etmişdim ki, digər şanslı namizədlərdən biri dini liderin oğlu Müctəbadır

 

Ardınca qələmə aldığım bir məqalədə bu barədə analizlərimi genişləndirmiş və gözlənilən “X” günündə SEPAH-ın Müctəba Xamaneinin dəstəklədiyini vurğulamışdım. Dolayısıyla bu qəzada hansısa təxribat amilini axtaranların xaricə yox, daxilə nəzər salmalarını məsləhət bilmişdim.

 

Bəzi İranpərəst oxucular mənim bu iddialarımı əsassız sayaraq, məqaləmin altına yazdıqları şərhlərdə İbrahim Rəisinin mühafizəkar nümayəndəsi və dini liderə ən yaxın şəxs olduğunu xatırlatmiş, boş-boş “sui-qəsd nəzəriyyələri” ilə ictimai fikri çaşdırmamağımı tələb etmişdilər. Bu irad və düşüncələri səmimi qəbul edir və dəyərli oxucularımın diqqətinə çatdırıram ki, eyni fikirlər artıq dünyanın bir çox nüfuzlu media orqanlarında ən məlumatlı analitiklər tərəfindən də dilə gətirilir. 

 

Üstəlik, İranın hakimiyyət dairələrində dini lider olmaq uğrunda kəskin mübarizənin getdiyini sözügedən ölkənin rəsmi şəxsləri də gizlətmirlər. Məsələn, hamımızın yaxşı tanıdığımız sabiq prezident Həsən Ruhani mayın 14-də mətbuata verdiyi açıqlamasında İran Konstitusiyasını Qoruma Şurasının ona göndərdiyi “gizli məktub”u sərt dillə tənqid edərkən varis planına eyham vurmuşdu. “Bəzi insanların Üləmalar Məclisinin altıncı sessiyasında iştiraka niyə həssas yanaşdıqlarını bilirəm”, - deyən Həsən Ruhaninin bu sözləri İranda birmənalı qarşılanmamışdı.

 

Məsələ burasındadır ki, Həsən Ruhani mart ayında keçirilən Üləmalar Məclisi seçkilərinə qatılmaq istəmiş, amma Konstitusiyanı Qoruma Şurası ona bu razılığı verməmişdi. Ruhani də bunun səbəbini öyrənmək üçün 7 dəfə həmin quruma məktublar göndərmiş, nəhayət, may ayında cavab ala bilmişdi. Sabiq prezidentin bildirdiyinə görə, cavab məktubunda prezidentliyi dövründə səsləndirdiyi bir çox fikirlərin Konstitusiyanı Qoruma Şurası tərəfindən təhlükəli hesab edildiyindən onun Üləma Məclisi seçimlərində iştirakına izn verilmədiyi vurğulanmışdı. 

 

Ruhani “gizli məktub”u şərh edərkən bildirmişdi ki, Konstitusiyanı Qoruma Şurasının bu sərt qaydaları İranda “respublikaçılıq ənənələrinin altını oyur” və bu gedişlə prezidentlərin adi vətəndaş qədər söz azadlıqları olmayacaq. Onun fikrincə, hətta İranın yaxın gələcəyində prezidentlik üsul-idarəsinin mövcud olub-olmayacağı belə şübhə doğurur. Nəzərə alsaq ki, Həsən Ruhani də dini liderliyə iddialılar arasındadır, bu amil onun etirazının əsl səbəbini izah edir. 

 

Sual oluna bilər: Üləmalar Məclisi nədir və bu quruma üzv seçilmək Həsən Ruhaniyə nə qazandıracaqdı?

 

Teokratik dövlət olan İranda əsl hakimiyyət din xadimlərinin əlindədir. Dini hakimiyyətin formalaşmasında isə Üləmalar Məclisinin xüsusi rolu var. Hər 8 ildən bir xalq tərəfindən seçilən 88 nəfərlik Üləmalar Məclisi ölkənin gerçək rəhbəri sayılan dini lideri müəyyənləşdirir. Ömürlük bu vəzifəyə təyin olunan dini lider əsasən Üləma Məclisi üzvləri arasından seçilir. Ölkədəki bütün seçkili orqanlara, o cümlədən Üləmalar Məclisinə namizədlər isə Konstitusiyanı Qoruma Şurasının ələyindən keçməlidir. Görünən budur ki, Həsən Ruhani bu “ələyin gözünə” iri gəlmişdir. Fəqət bu faktın özü keçmiş prezidentin hazırda “dini liderlik” postuna göz dikməsinin bir dəlilidir.

 

Londonda nəşr olunan “Əl-Məcəllə” xəbər dərgisinə açıqlama verən İran hakimiyyətinə yaxın mənbə də Ruhaninin bu posta göz dikdiyini açıq etiraf edərək deyib:

 

“İranın bütün keçmiş prezidentləri - Məhəmməd Hatəmi kimi ən islahatçıdan tutmuş Əhmədinejad kimi ən qatı mühafizəkarlara qədər, rəhbərin (dini lider Əli Xamanei) yaxın çevrəsindən çıxıblar və onun fikir və göstərişlərinə sadiq olduqlarını bəyan ediblər. Bununla belə, onların hamısı “ambisiya dövrü” adlandırıla biləcək bir prosesdən keçib. Rəhbərin əmrlərini qəbul etmək və ona tabe olmaqla işə başlayıblar, sonra malik olduqları geniş səlahiyyətlərə arxalanaraq, böyük iddialara düşüblər, daha çox səlahiyyət tələb edib rəhbərə qarşı olmasa belə, ən azı onun bütün çevrəsinə qarşı yarışırlar. Bu fikirlər 1990-cı illərin əvvəllərində ölkəyə rəhbərlik etmiş Haşimi Rəfsəncanidən tutmuş prezident Həsən Ruhaniyə qədər bütün prezidentlər üçün keçərlidir. Onların hamısı Xamneyi ilə fikir ayrılığına düşdükləri üçün prezidentlik postunu tərk ediblər”.

 

Məhz iddiaçıların çoxluğu səbəbindən İranda 50 gün ərzində keçirilməsi nəzərdə tutulan prezident seçkilərin xeyli qalmaqallı olacağı ehtimal edilir. Zira, bu seçkilərdə təkcə İran prezidentinin yox, həm də gələcək dini liderin kimliyi müəyyənləşdiriləcək. İran qarşısında dayanan ən ciddi problem isə iddiaçıların hansısa klana bağlılıqlarıdır. İddialara görə, məlum helikopter qəzasına qədər İrandakı hakimiyyət Məşhəd klanının əlində idi. Prezident İbrahim Rəisi də, parlament sədri Məhəmməd Baqir Qalibaf da bu klana aiddirlər. İndi isə həmin klanın qarşısında Larincani qardaşları və Müctəba Xamanei kimi Tehran klanının güclü simaları dayanır. 

 

Hakimiyyətə ən iddialı namizədlərdən biri də, nə qədər qəribə səslənsə də, Həsən Ruhani ola bilər. Hətta Həsən Ruhaninin seçilmək şansının xeyli yüksək olduğu bildirilir. Çünki Həsən Ruhani islahatçı qanadın təmsilçisi kimi tanınır. ABŞ və Avropa ilə dialoqun baş tutması üçün İran hakimiyyətinin islahatçılara ehtiyacı yaranıb.

 

İddialara görə, dini lider Xamaneinin ABŞ və Avropaya təzyiq məqsədilə hakimiyyətə gətirdiyi Rəisi komandası gözlədiyi nəticəni vermədi. Müharibə ritorikası böyük bir fiasko ilə nəticələndi. İranın istər İsraili raket yağmuruna tutmasında, istərsə də son helkopter qəzasında texnoloji imkanlar baxımından nə qədər çarəsiz vəziyyətdə olduğu üzə çıxdı. İsrailə atılan 300-dən çox dron və ballistik raketlərin cəmi 3 faizi sahəyə düşdü. Hava zərbələrinin 97%-i isə  göydə vuruldu. 

 

Helikopter qəzasında isə İran hətta ABŞ kimi düşməndən yardım istədi. Məlum oldu ki, onun ən yüksək səviyyəli dövlət adamlarını daşıyan hava nəqliyyat vasitələri belə tamamilə köhnəlib və bir işə yaramır. Elədirsə, o, çıxacağı gözlənilən savaşda hansı texnikalara bel bağlaya bilər?

 

Qəzaya uğramış helikopteri Türkiyənin “Akıncı” dronunun aşkarlaması da İran üçün həzm ediləcək durum deyildi. Görünür, bu səbəbdən İranın Şərqi Azərbaycan ostanlığındakı ordu hissəsi Türkiyənin bu uğurunu ört-basdır etməyə çalışır, helikopterin qalıqlarını qonşunun yox, özlərinin tapdığını israrla bəyan edirdi. Bu qədər həssas vəziyyətdə olan İranın müharibə ritorikasını davam etdirməsi çox ağır nəticələrə gətirib çıxara bilər. Odur ki, növbəti hakimiyyəti islahatçı qanada buraxıb təxirə salınmaz islahatlara getmək lazımdır.

 

Digər tərəfdən, hakimiyyətdə mühafizəkarlarln olması İran ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır. Təsadüfi deyil ki, 2021-ci ildəki prezident seçkilərinə qatılanların sayı 50%-ə belə çatmamışdı. Ən əsası isə, dini hakimiyyət mühafizəkarların və özlərinin İrana miras qoyduqları dərin böhranın məsuliyyətini kiminsə böynuna atmalıdır. İqtidarda mühafizəkarların olması dini hakimiyyəti də cəmiyyətin gözündən salır və mollalara qarşı nifrəti körükləyib. Kiçik bir xarici müdaxilə İranda stabiliyin pozulması və rejimin tamamilə məhv olması ilə nəticələnə bilər.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 240          Tarix: 22-05-2024, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma