Naxçıvan müəllimləri Muxtar Respublikanın Ali Məclisinin qarşısında etiraz aksiyası keçiriblər.
Ovqat.com-un məlumatına görə, aksiyada 50-dən çox müəllim iştirak edib.
Aksiya iştirakçıları Naxçıvan Təhsil Nazirliyinin bəzi dərslərin (xarici dil, fiziki tərbiyə və texnologiya fənnləri) tədris olunduğu qrupların birləşdirilməsi qərarına qarşı çıxıblar. Müəllimlərin bildirdiyinə görə, bu zamanadək bir sıra dərslərdə siniflər iki qrupa bölünür və hər qrupdakı şagirdlərə daha effektli dərslər keçirilirdi. Amma bu gündən etibarən həmin qruplar ləğv olunub və dərslərin bir sinifdə, bir müəllim tərəfindən tədrisinə qərar verilib. Bu isə Naxçıvan məktəblərində çox sayda müəllimin dərs saatlarının yarıbayarı azalması deməkdir.
Şikayətçilərin fikrincə, məktəblərdə bu cür ixtisarların aparılmasının zamanlaması da düşündürücüdür. Dərs ilinin başa çatmasına bir neçə gün qalıb. Bir azdan məktəblərdə yay tətilləri başlayacaq. Dərs ixtisarlarının məhz bu dövrə salınması yay tətili boyunca müəllimlərin maaşlarının azalması anlamına gəlir.
İddialara inansaq, Təhsil Nazirliyində bu islahatlara start verilməsinin arxasında Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəliyi dayanır. Məhz bu nümayəndəlik tərəfindən Naxçıvan MR Təhsil Nazirliyinə yeni nazir müavini təyin edilib - Rəşad Xudiyev. R.Xudiyevin ilk işi isə dərs saatlarının ixtisara salmaq olub. Şikayətçi müəllimlər hesab edirlər ki, Azərbaycan Hesablamalar Palatası bu yaxınlarda Naxçıvanın Təhsil Nazirliyində audit yoxlamaları aparıb. Yoxlamalar nəticəsində məlum olub ki, nazirlikdə müxtəlif adlarla külli miqdarda yeyinti aşkarlanıb. Nazirlik də məhz bu səbəbdən müəllimləri ixtisara salmaqla təhsil büdcəsinə qənaət edib maliyyə açığını bağlamaq niyyətindədir.
Ovqat.com-un apardığı dəqiqləşdirmələr sayəsində aydın olub ki, bizə verilən bir çox məlumatlar doğru olsa, onların şərhində ciddi qüsurlar var. Əvvəla, doğrudan da Naxçıvanda dərs saatlarının ixtisarlarına Hesablamalar Palatasının audit yoxlamalarından sonra qərar verilib. Amma bunun qərarın Təhsil Nazirliyinə və xüsusilə nazirliyin yeni təyin olunmuş müavini Rəşad Xudiyevə az dəxli var. Xudiyev və nazirliyin digər yetkililəri sadəcə Hesablamalar Palatasının təsbitlərinə uyğun hərəkət edir və bəzi zəruri addımlar atırlar.
Hesablamalar Palatasının bir neçə gün əvvəl yaydığı məlumata görə, “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumların (seçmə qaydada) dövlət vəsaitindən və dövlət əmlakından istifadə etməsinin hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə uyğunluq auditi aparılıb. Audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436 manat xərc icra edilib.
Auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə, əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilib. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib”.
Palatanın yaydığı bu məlumatdan aydın olur ki, bu vaxta qədər Vasif Talıbovdan qalma qaydalarla işləyən Təhsil Nazirliyinin fəaliyyətində həqiqətən də ciddi nöqsanlar olub. Bu nöqsanların aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi müəllimlərinin narazılığına yol açıb.
Aksiya iştirakçılarının bildirdiyinə görə, onların etirazları Təhsil Nazirliyinin geri çəkilməsi ilə nəticələnib. Müəllimlərin qarşısına çıxan nazir Elxan Nəcəfov və onun müavini Rəşad Xudiyev etirazçıları nazirliyə dəvət edib. Onlarla söhbət zamanı müəllimlərə məsələnin səhv anlaşıldığı, əslində heç kimin ixtisara salınmasından söhbət getmədiyi bildirilib.
Nazirliyə yaxın mənbələrdən aldığımız məlumata inansaq, deyəsən Naxçıvan müəllimləri bu dəfə də naziri və onun müavinini səhv anlayıblar. Əslində isə müəllimlərin dərs saatlarının olduğu kimi saxlanılması müvəqqəti xarakter daşıyır. Bölünən dərs saatlarının birləşdirilib-birləşdirilməməsi Hesablamalar Palatasının qərarından asılıdır.
Bu məntiqlə, müəllimlərin sevinci uzağı yeni dərs ilinin başlanmasına qədər davam edə bilər. Yeni dərs ili başlayanda isə onlar yeni reallıqla qarşılaşacaqlar. Çünki Vasif Talıbovdan qalma korrupsiya metodu ilə yeni təhsil siyasətini yürütmək mümkün deyil.
Bir sözlə, burası "Gülüm Naxçıvandır", burada bir cücələri, bir də dərs bölgüsünü payızda sayarlar.
Paylaş: