Xəbər lenti


Ermənistanın tələsik addımları Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələri ilə ümumi müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmağı mümkünsüz edə bilər”. 

 

Ovqat.com-un məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, İrəvan Qərblə qarşılıqlı fəaliyyətin gücləndirilməsində, o cümlədən təhlükəsizlik sahəsindəki əməkdaşlıqda maraqlıdır və bu sahədə fürsətdən istifadə etmək istəyir.

 

“Lakin qərblilərin milli məlumat bazalarına və ölkənin təhlükəsizliyinə həssas məlumatlara tam çıxışını təmin edəcək tələsik qərarlar nəinki son nəticədə dövlətin suverenliyini təhdid edir, həm də Rusiya və KTMT-dəki digər müttəfiqlərlə vahid müdafiə məkanının yaradılması üzrə birgə fəaliyyəti obyektiv olaraq qeyri-mümkün edə bilər”, - Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini vurğulayıb.

 

Qaluzin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində tam şəkildə iştirakının ilk növbədə erməni xalqının maraqlarına cavab verdiyinə və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət etdiyinə əmindir.

 

“Təşkilata üzv olmaq, eləcə də ölkəmizlə hərbi sahədə sıx əlaqələr son onilliklərdə müstəqil Ermənistanın mütərəqqi inkişafında əsas amilə çevrilib”, - deyə nazir müavini bildirib ki, İrəvan getdikcə Qərblə daha çox flört edir, KTMT-yə təsirli alternativlər axtarır: “Nəticədə bu gün Ermənistanın təhlükəsizlik qarantı yox olub”.

 

Qaluzin qeyd edib ki, Rusiya Cənubi Qafqazda qonşuları arasında davamlı sülhün bərqərar olmasında həqiqətən maraqlı olmasına baxmayaraq, Qərbin məqsədləri tamamilə əksinədir. “Əsas vəzifələrdən biri Avrasiyadakı inteqrasiya proseslərinə xələl gətirməkdir. KTMT, MDB, Aİİ onların boğazında qalmış sümüyə bənzəyir”, - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib. 

 

Onun fikrincə, Vaşinqton və onun müttəfiqləri bu məqsədə çatmaq üçün Rusiya ilə qonşu olan dövlətlərdə daxili siyasi və sosial-iqtisadi vəziyyətin sabitliyinin pozulması da daxil olmaqla istənilən addımı atmağa hazırdır.

 

Qaluzin əlavə edib ki, faktiki olaraq “burada təhlükəsizliyin əsas qarantı olaraq qalan” Rusiya Federasiyasını zəiflətmək üçün Qərb postsovet məkanında gərginlik ocaqlarını saxlamaqda maraqlıdır.

 

Maraqlıdır ki, Rusiyanın vaxtaşırı Ermənistanı KTMT-də alıb-qalmayacağına qərar verməyə çağırışları da işə yaramır. Ermənilər isə hər fürsətdə 2016-cı və 2020-ci ildə Azərbaycanla müharibədə onlara kömək etmədiyi üçün Rusiyadan küsdüklərini dilə gətirirlər. Erməni analitiki Tevos Arşakyan iki gün əvvəl qələmə aldığı “KTMT Ermənistanı öz pəncəsindən kənara çıxarmır” sərlövhəli yazısı da bunun bariz nümunələrindəndir. Müəllif yazısında bildirir:

 

“Bəs onda bu təşkilatın baş katibi Ermənistanla KTMT arasında münasibətlərin perspektivləri ilə bağlı hansı aydınlığı müzakirə edir? Artıq heç bir perspektiv yoxdur. Biz NATO və Aİ-yə doğru irəliləyirik. Və bununla bağlı artıq çox işlər görülüb. Ermənistan “Sülh naminə tərəfdaşlıq” proqramının, NATO Parlament Assambleyasının assosiativ üzvüdür və biz Brüssellə Fərdi Tərəfdaşlıq Planı imzalamışıq. Növbəti addım Ermənistanın NATO-ya tam üzv olmasıdır. Bəli, ola bilsin ki, bu il və ya gələn il yox, amma gələcəkdə biz bu hərbi-siyasi bloka üzv olmağı düşünürük. Və biz bunu gizlətmirik.

 

Rusiya ən sadiq müttəfiqini - Ermənistanı itirib. Rusiyanın ölkəmizdəki Qarabağ klanı və daşnakların təmsil etdiyi beşinci kalonu hələ də Moskvanı öz xeyirlərinə inandırmağa çalışa bilər, amma əslində bütün bunlar artıq keçmişdə qalıb. Ermənistanda daha heç bir rusiyapərəst siyasətçi hakimiyyətə gələ bilməyəcək.

 

Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün düzgün yol tutub. Hakimiyyət ordunu, o cümlədən hərbi-texniki baxımdan gücləndirir. Ancaq bir məsələ var - Ermənistan hələ də formal olaraq KTMT-nin üzvüdür. Ordunu yeni və müasir Qərb silahları ilə gücləndirmək üçün KTMT-dən çıxmalıyıq. Bu olmasa, heç bir Qərb ölkəsi bizə tələb etdiyimiz həcmdə yüksək texnologiyalı silah satmaz. Fransız "Bastion"ları artıq keçmişdə qaldı. Bizə daha müasir silahlar lazımdır.

 

Bundan əlavə, rus hərbi məktəbi artıq öz faydalılığını başa vurub. Ukrayna ilə müharibə göstərir ki, ruslar heç bir canlı qüvvəsini əsirgəmədən yalnız sayca üstünlüklərinə söykənib vuruşurlar. Kiçik Ermənistan bu bədəli ödəyə bilməz. Ona görə də biz ordunu KTMT nümunələri ilə deyil, NATO modeli ilə gücləndirməliyik.

 

Nəhayət, bizə etibar edə biləcəyimiz yeni müttəfiqlərə ehtiyacımız var. Bunlar yalnız Qərb ölkələri, xüsusən də Fransa və ABŞ-dır. Biz KTMT və Aİİ-dən çıxmayana qədər onlar bizə kömək etməyəcəklər.

 

Gördüyümüz kimi, hər şey onu göstərir ki, Ermənistanın KTMT və Aİİ-də yeri yoxdur. Bu o deməkdir ki, Paşinyan sadəcə olaraq Moskvaya açıq şəkildə bəyan etməyə borcludur ki, bundan sonra yollarımız ayrılır. Onlar Sovet İttifaqında qalır, biz isə sivil xalqların qoynuna gedirik. Bizim gələcəyimiz ancaq və ancaq oradadır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 375          Tarix: 5-06-2024, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma