Fransa prezidenti Emmanuel Makron ölkəsində keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların böyük fərqlə birinci olmasından sonra parlamenti buraxdığını və növbədənkənar seçkilər keçiriləcəyini açıqlayıb.
Ovqat.com-un məlumatına görə, Makron bu qərarını dünən axşam sosial mediada yayımlanan beş dəqiqəlik video çıxışı ilə bəyan edib.
O, video-müraciətində bunları deyib:
"Konstitusiyamızın 12-ci maddəsində nəzərdə tutulmuş məsləhətləşmələrdən sonra mən seçkilər keçirməklə gələcək parlamenti müəyyənləşdirmək hüququnu sizə qaytarmaq qərarına gəldim. Ona görə də bu gün axşam saatlarından etibarən Milli Məclisi buraxıram".
Bəyanat onun partiyasının Avropa seçkilərində ağır məğlubiyyətə uğramasından təxminən bir saat sonra verilib. Qeyd edək ki, Fransada keçirilən Avropa Parlamentinə seçkilərdə müxalifətdə olan Milli Birlik Partiyası 31.5%, iqtidar partiyası isə 15,2% səs alıb. Parisdə toplaşan tərəfdarları qarşısında qələbə nitqində Milli Birlik Partiyasının sədri Jordan Bardella Makronu parlamenti buraxmağa və erkən seçkilərə çağırmağa çağırıb.
"Prezident fransız xalqının bu axşam göndərdiyi mesaja qulaq asmaya bilməz. İlk növbədə həyata keçirdiyi siyasətlərdən əl çəkməlidir: xüsusilə də pensiyaların artan inflyasiya səviyyəsinə indeksləşdirilməməsi, 2009-cu ildən başlayaraq artan enerji qiymətləri siyasətindən”, - Bardella tərəfdarları qarşısında çıxışında bildirib: “Biz ondan ciddi şəkildə xahiş edirik ki, bu yeni siyasi vəziyyəti nəzərə alsın, Fransa xalqının yanında olsun və yeni parlament seçkiləri keçirsin. Mövcud hökumətin bu misli görünməmiş məğlubiyyəti bir dövrün sonunu və qurulması bizim əlimizdə olan post-Macron dövrünün ilk gününü göstərir”.
Makron isə ona cavabında bildirib ki, millətçilərin və demaqoqların yüksəlişi təkcə Fransa xalqı üçün deyil, həm də bu ölkənin Avropa və dünyadakı yeri üçün təhlükə yaradır.
"Ultra sağçı qüvvələrin hakimiyyətə gəlməsi həm fransız xalqının yoxsullaşması, həm də ölkəmizin dağılması deməkdir. Buna görə də günün sonunda heç nə olmamış kimi davrana bilmərəm", - deyə Makron əlavə edib.
Makronun bu qərarından sonra Fransada növbədənkənar seçkilərin ilk turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək. Fransa prezidenti bu seçkilərin xalqın qurulacaq yeni hökumət barədə "ciddi və sanballı qərarı" və "etimad aktı" olacağını bildirib.
Fransada növbəti parlament seçkiləri əslində 2027-ci ilin ortalarında keçirilməli idi. Makronun növbədənkənar seçkilərə getmək məcburiyyətində qalması Avropada yeni dönəmin başlaması deməkdir.
Paylaş: