Xəbər lenti


ABŞ İsrailə qəzəblənib. 

 

Ovqat.com-un məlumatına görə, bu barədə ABŞ-da yayımlanan “Axios” nəşrinə açıqlamalarında ABŞ və İsrail rəsmiləri bildirib.

 

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu dünən (çərşənbə axşamı) ABŞ-ın ölkəsinə hərbi yardımı dayandırdığı iddiasını irəli sürüb. Video-açıqlama yayımlandıqdan sonra Ağ Ev yüksək səviyyəli ABŞ rəsmiləri ilə İsrail yetkililərinin sabaha planlaşdırılan görüşü ləğv edib.

 

Bildirilir ki, Netanyahu Vaşınqtonun qəzəbinə səbəb olan videoda “ABŞ administrasiyasının son bir neçə ayda İsrailə silah və sursat verməməsi inanılmazdır”, - deyib.

 

“Axios”un qaynaqları bildiriblər ki, ABŞ prezidenti Co Baydenin yüksək səviyyəli təmsilçiləri Ağ evin nümayəndəsi Amos Hokşteynlə Netanyahuya göndərdikləri məktubda videoya görə qəzəblərini ifadə ediblər. Bunun ardınca Ağ Ev daha da irəli getməyə qərar verib, ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyat orqanlarının rəsmilərinin israilli həmkarları ilə planlaşdırılan görüşü dayandırıb.

 

Yüksək rütbəli İsrail rəsmisi də faktı təsdiqləyib: “Amerikalılar qəzəblidirlər. Netanyahunun videosu ciddi problem yaradıb”.

 

Ağ Evin sözçüsü Karine Jean-Pierre jurnalistlərə açıqlamasında iddialarla bağlı bildirib: “İcazə verin deyim ki, Netanyahunun nədən danışdığını bilmirik”.

 

Jean-Pierre həmçinin qeyd edib ki, ABŞ rəsmiləri yaxından araşdırdığı "xüsusi sursat daşımaları" istisna olmaqla, silah nəqlini “dayandırılmayıb”.

 

ABŞ Dövlət katibi Antoni Blinken isə Ağ evin sözçüsünün   açıqlamalarına aydınlıq gətirərək bəyan edib ki, Vaşinqton “Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir bölgədə 907 kiloqramlıq bomba nəqli ilə əlaqədar tədqiqat aparır”.

 

Netanyahu ilə diplomatik danışıqların təfərrüatları barədə məlumat verməyən Blinken sadəcə onu deməklə kifayətlənib ki, "qalan hər şey həmişəki kimi öz axarında gedir".

 

Xatırladaq ki, Bayden aprel ayında İsrailə Qəzza zolağının cənubundakı Rəfah şəhərinə böyük hücuma keçərsə, ABŞ silah yardımını kəsəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Baydenin xəbərdarlığına məhəl qoymayan İsrail qüvvələri bir neçə gündən sonra Rəfahda hücuma keçərək, xeyli sayda mülki vətəndaş öldürərək bir  neçə yəhudi əsiri girovluqdan qurtarmışdı. Görünür, bu əməliyyatın ardınca ABŞ İsrailə bəzi ağır bombaların verilməsini dayandırıb. Netanyahu da buna etiraz edərək video-müsahibə yayımlayıb.




Ana səhifəyə qayıt        Baxış: 5 502          Tarix: 19-06-2024, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma