İyulun 5-6-sı tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammiti statusca qeyri-rəsmi, amma mahiyyətcə tarixi əhəmiyyətli idi.
Avro-2024-də Türkiyə milli komandasına qarşı edilən haqsızlıq səbəbindən Ərdoğan təyyarəsinin naviqatorunu Qarabağa deyil, Almaniyaya dəyişməli olsa da, Ankara bunun əvəzində sammitdə daha iki yüksək vəzifəli şəxslə təmsil olunmaqla bu boşluğu doldurmağa çalışdı. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və XİN rəhbəri Hakan Fidan Şuşada Ərdoğanın yoxluğunu hiss etdirməmək üçün əllərindən gələni edirdilər. Hətta təşkilatda müşahidəçi statusunda olan Macarıstan da rənzi mənası bir sammitdən daha çox olan bu toplantəda ən yüksək səviyyədə təmsil olunurdu. Hazırda Avropa İttifaqına sədrlik kimi çox məsuliyyətli bir missiyanı həyata keçirən Macarıstanın lidreri Viktor Orban bütün işlərini bir kənara buraxıb Şuşada Əliyevin yanında tarixə keçəcək bir portretdə yer almaq və Bakını belə bir simvolik mərasimdən tək qoymamaq üçün Azərbaycana tələsmişdi. Hətta beynəlxalq birlik tərəfindən tanınmayan Şimali Kiprin rəhbəri Ersin Tatar da Şuşa sammitinə ilk ayaq basanlardan idi. Tək bir ölkədən başqa… Coğrafi və hətta türklərin oğuz boyundan bizə yaxın olan Türkmənistandan başqa…
Azərbaycan ərazilərini düşməndən azad etdikdən sonra bütün türk ölkələrinin liderləri, hətta Belarus prezidenti belə Qarabağa səfər edərək Bakıya siyasi dəstəyini nümayiş etdirib. Türk liderlərinin demək olar ki, hamısı, hətta bir neçə dəfə Qarabağda olublar… Amma Aşqabaddan heç bir səs-səmir yoxdur.. Hətta TDT-yə də yarıkönül qoşulan və təşkilatda müşahidəçi statusunda olan ölkənin türk həmrəyliyindən kənarda qalması bu böyük coğrafiyanın çoxmilyonlu türk toplumunun yaddaşında heç də müsbət izlər buraxmır. Bəzi eksperlər Türkmənistanın bu addımını ölkənin iddia etdiyi ‘neytrallıq’ statusu ilə əlaqələndirə bilərlər, amma… Amma Aşqabad məsələn MDB-nin bütün sammitlərində yüksək səviyyədə təmsil olunur axı…Demək ki, məsələ təkcə siyasi maneələr deyil, bir az da ürəyin səsini daha az dinləməkdən də qaynaqlana bilər. Həmin ürəyin səsinə qulaq assa, türkmən qardaşlarımız görər ki, dəyişən geosiyasi reallıqlarda da ‘müşahidəçi statusu’ ilə iştirak etsələr, bu, yaxın və orta perspektivdə təkcə türk dünyası üçün deyil, ölkənin özü üçün də ciddi axsamalar yarada bilər. Elə qədim türk atalar sözləri ilə desək ‘uman yerdən küsərlər’ və ya ‘sürüdən ayrılan quzunu qurd qapar’!
Paylaş: