HƏMAS lideri Haniyənin İranda sui-qəsd nəticəsində öldürülməsi Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına gətirib. Region ölkələrinin rəsmilərinin İrana xahiş-minnət səfərlərinə çıxması belə, onu sakitləşdirməyib.
Ovqat.com-un Wall Street Journal (WSJ) nəşrinə istinadən xəbər verir ki, İordaniya və Livanın xarici işlər nazirləri gərginliyi azaltmaq üçün İrana gediblər, amma oradan əli ətəklərindən uzun şəkildə geri qayıdıblar.
Məlumata görə, Tehrana gedən ərəb siyasətçiləri İranın İsraili vurmaqda qərarlı olduğu və “İsrailə cavabın böyük müharibəyə yol aça biləcəyinə vecinə almadığı” cavabını alıblar.
Bildirilir ki, ərəb vasitəçilərinin əliboş geri dönməsindən sonra ABŞ yetkililəri İranın hücumuna necə cavab verəcəkləri və onun nəticələri barədə baş sındırırlar. Məsələ burasındadır ki, İranın cavab zərbəsinə cavab ölkənin yeni prezidenti Məsud Pezeşkiyanın Qərblə münasibətləri yaxşılaşdırmaq səylərinə ciddi zərbə vura bilər. ABŞ isə bunu istəmir.
Amerikanın NBC News telekanalına danışan bir İsrail rəsmisi də Təl-əvivin yaxın günlərdə İran və Hizbullahdan bir neçə gün davam edə biləcək raket və pilotsuz təyyarə hücumu gözlədiyini açıqlayıb.
İddia olunur ki, ABŞ dövlət katibi Antoni Blinken gərginliyi azaltmaq üçün G7-dən olan həmkarları ilə görüşüb və onlara İranın hücuma bu gündən başlaya biləcəyini deyib. Görüşdə Blinken vurğulayıb ki, həmkarları heç olmasa hücumun təsirini məhdudlaşdırmaq üçün İrana təzyiq etməlidirlər.
Paylaş: