Xəbər lenti


Ermənilərin son günlərdə Ordubadın Gənzə kəndinə hücumu barədə Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz maraqlı iddia irəli sürmüşdü. Onun fikrincə, Naxçıvanın ən alınmaz qalası Ordubadın Gənzə kəndidir və ermənilər bu kəndə hücum etməklə faktiki Paşinyana qarşı təxribata əl atıb, bizim Ordumuza “gəl-gəl” deyirlər:

“Fikrimcə, ermənilərin bu xülyalarının yalnız bir izahı var: Paşinyan hakimiyyəti Ermənistan ordusuna nəzarət edə bilmir və Paşinyanı bizə döydürmək istəyir. Əks halda, onlar əvvəllər də atəşə tutduqları Sədərək və ya Şərur ərazisinə hücumla bizə xox gələrdilər”, - siyasi şərhçi belə deyib.

O həmçinin bildirib ki, Kiçik Qafqazın ən yüksək zirvələrinin arxasında yerləşən Ordubadın bu hərbi-strateji üstünlüyü hələ 1990-cı illərdə ermənilərin Qarabağa təcavüzünə qarşı Naxçıvan əhalisində bu rayondan ikinci cəbhə açmaq istəklərini meydana gətirmişdi:

“Hətta əlimizdə ov tüfəngindən başqa heç bir silahın olmadığı 1990-cı illərdə belə, naxçıvanlılar bu barədə (ikinci cəbhə açılması) ciddi-ciddi düşünürdülər. Sadəcə, o dövrün geosiyasi şərtləri bu arzumuzu reallaşdırmağa imkan verməmişdi”.

Doğrusu, 1990-cı illərdə Naxçıvandan ikinci cəbhənin açılması barədə iddialar Azərbaycan ictimaiyyətinin çox da vaqif olmadığı mövzulardandır.

Bu xüsusda 1-ci Qarabağ müharibəsi dövründə Naxçıvan Dövlət Müdafiə Komitəsinin Xüsusi təyinatlı bölməsinin döyüş komandiri olmuş İbrahim Əliyevin fikirləri də önəmlidir.


Keçmiş hərbçi Musavat.com-a açıqlamasında bildirdi ki, onun rəhbərlərindən biri olduğu xüsusi təyinatlı bölmə 1990-cı ildə Naxçıvan Ali Məclisinin (o zaman Ali Sovet) sədri seçilən Heydər Əliyevin sərəncamı ilə qurulmuşdu:

“Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk hissələrindən olan bu bölmə Muxtar Respublikanın müdafiəsində ön sıralarda yer tutmuş, bir çox ağır döyüş əməliyyatları keçirmişdi. Müdafiə Komitəsinin ilk rəhbəri Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşmış, müdafiə gücümüz nizami ordu halını almışdı. Xalq arasında “Sportrota” kimi tanınan xüsusi təyinatlılara Əfqanıstanda və digər xarici dövlətlərdə hərbi təcrübələr qazanmış əsgər və hərbi qulluqçular cəlb olunmuşdu. Bölməyə onun ilk komandiri olan və uzun illər Macarıstanda hərbi xidmət göstərmiş Səfər Əliyev rəhbərlik edirdi. Onun müavinlərindən biri mən, digərləri isə Aydın Həsənov (hərbi-siyasi məsələlər üzrə), Fəxrəddin Quliyev (hərbi əlbəyaxa döyüşü üzrə) olmuşdu”.


O dövrdə həqiqətən Ordubaddan “ikinci cəbhənin açılması” haqqında müzakirələrin getdiyini xatırladan keçmiş komandir bildirdi ki, mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu ideya təxirə salınmışdı:

“Heydər Əliyev məsələyə daha strateji yanaşır, ordu quruculuğunu tamamlamadan belə bir təşəbbüsün bizim əleyhimizə çevriləcəyinə inanırdı. Haqlı idi də. Çünki biz o zaman təkcə ermənilərlə döyüşmürdük. Ermənilər açıq şəkildə sovet ordusunun qalıqları tərəfindən müdafiə olunurdular. Biz üstünlük qazanan kimi yanımızda peyda olur və savaşı dayandırmağımızı istəyirdilər. Belə bir şəraitdə istənilən incə düşünülməmiş təşəbbüs əks nəticələr doğura bilərdi. Bunun üçün ordu quruculuğu belə kifayət etmirdi. Həm də beynəlxalq müstəvidə bəzi məsələlər də öz həllini tapmalı idi. Bilirsiniz ki, 1992-ci ildə erməni lobbilərinin təşəbbüsü ilə ABŞ Konqresi “Azadlığa dəstək haqqında akt”a 907-ci düzəliş etmiş və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan olunmuşdu. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövləti halına gətirmişdi. Sözügedən düzəliş ondan xəbər verirdi ki, Azərbaycanın istənilən düşünülməmiş addımı bizi təkcə Rusiyanın deyil, həm də Qərb dünyasının da hədəfinə çevirə bilərdi. Məhz bu səbəbdən Heydər Əliyev Qərb ölkələri ilə “Əsrin müqaviləsi” adlanan neft və qaz müqavilələri bağlamağı, onların iqtisadi maraqları ilə Azərbaycanın milli maraqlarını birləşdirməyi, təbii sərvətlərimizdən qazandığımız vəsaitlər hesabına güclü ordu qurmağımızı düşünürdü. Onun fikrincə, bunları həyata keçirdikdən sonra Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşə başlaya bilərdi. Ömür Heydər Əliyevə bu strategiyanı həyata keçirmək fürsəti vermədi. Bununla belə, onun hazırladığı strateji hədəfləri cənab Prezident İlham Əliyev həyata keçirdi. 2020-ci ilə qədər güclü ordu quruculuğunu tamamlayan İlham Əliyev II Qarabağ savaşından qalib çıxmaqla ulu öndərin hədəflərini reallaşdırmış oldu”.

Sabiq komandir 1990-cı illərdə birbaşa Heydər Əliyevin rəhbərliyi altında erməni təcavüzünə qarşı apardıqları mübarizəni belə xatırlayır:

“1992-ci ildə erməni hərbi birləşmələri Sədərək, Buzqov, Gərməçataq istiqamətində hücuma keçirdilər. Bu hücuma qarşı Naxçıvanın bütün əhalisi, dövlət orqanları, Xalq Cəbhəsinin könüllüləri, OMON birləşmələri mübarizə aparırdılar. Döyüşlərin ən qızğın nöqtəsi Sədərək kəndi və ermənilərlə sərhəd zolağının ən yaxın təmas nöqtəsi isə Mil təpəsi idi. Ermənilərlə qeyri-bərabər döyüşlərdə bizim könüllülərimiz qəhrəmancasına döyüşsələr də, onlarda peşəkarlıq çatışmırdı. Bəzən xaotik hərəkətlər nəticəsində ağır itkilər verirdik. Peşəkar hərbçi və general olan Heydər Əliyev də bizim zəif nöqtələrimizi bilir, professional ordu vasitəsilə bu problemi aşa biləcəyimizi düşünürdü. Xüsusi təyinatlı bölmə yaratmaq ideyası da bu zərurətdən doğmuşdu. Bölmə hərbi təcrübəsi olan insanlar tərəfindən yaradılmışdı. Mən də onun yaradıcılarından biri idim. Bölmənin əsas komandiri Səfər Əliyev Macarıstanda zabit kimi xidmət göstərmiş və Qarabağ müharibəsi başlayanda işini buraxıb vətənə qayıtmışdı. Onun döyüş əməliyyatları üzrə müavini mən idim. Mən də Əfqanıstanda qulluq etmiş, necə deyərlər, odun-alovun içərisindən çıxmışdım. Digər komandir müavini isə Fəxrəddin Quliyev idi. O, hərbi əlbəyaxa döyüş ustası kimi bölməmizə cəlb olunmuş gənclərə məşqlər keçirdi. Biz təbii ki, yalnız gənc xüsusi təyinatlıların yetişdirilməsi ilə məşğul olmur, həm də ön cəbhədə fəaliyyət göstərirdik. Sıralarımızda şəhid düşənlər olsa da, qoruduğumuz bütün mövqeləri əldən verməməyə çalışırdıq və buna nail də olmuşduq”.

Əsasən, Sədərəyin Mil zirvəsində döyüşdüyünü xatırladan İbrahim Əliyev Ordubadın Soyuq zirvəsinin qorunmasında da iştirak edib:

“Təvazökarlıqdan uzaq səslənsə də, harda hücum vardısa, biz dərhal o nöqtəyə gedərdik. Demək olar ki, Naxçıvanın bütün mövqelərində bizim bölmənin döyüşçüləri xidmət göstəriblər. Ordubadın Soyuq adlanan zirvəsinin müdafiəsində də rol almışıq. Həqiqətən də bizim ən güclü mövqeyimiz Ordubad rayonunda idi. Çünki bu rayonun fiziki-coğrafi özəllikləri Azərbaycan tərəfinə xüsusi üstünlük verirdi”.

İbrahim Əliyevin dediyinə görə, onların xüsusi şüarları, devizləri də vardı:

“Əsas devizimiz “Ölüm nəfsinə tövbə!” idi. Bu, əsgərlərimizin ruh yüksəkliyini qaldırmaq, ağır döyüşlərin getdiyi vaxtda asan yola baş vurmamaları üçün nəzərdə tutulurdu. Çünki bəzən döyüşlərdə insan ölümü belə, asan çıxış yolu kimi görür və düşmənə təslim olmasa da, əcələ təslim ola bilərdi. Biz isə əsgərlərimizə yaşamağı və sona qədər mübarizə aparıb qələbə çalmağı təlqin edirdik. Komandirlər üçün bir də başqa devizimiz vardı: “Yaxşı komandir “irəli yox, arxamca” əmri verəndir”. Yəni xüsusi təyinatlı komandirlər həmişə hücumun ön cərgəsində olmalı idilər”.


O dövrdən indiyədək çox şeylərin dəyişdiyini bildirən İbrahim Əliyev ordumuzun bu illər ərzində bir çox təcrübələr qazandığını və gücləndiyini bildirdi:

“Sözsüz ki, Prezident İlham Əliyevin bu işdə böyük xidmətləri olub. Təbii ki, o, müdafiə sistemimizin qurulmasında Heydər Əliyevdən miras qalan strategiyanı başarılı şəkildə yürüdüb və onun başlatdığı işi uğurla tamamlayıb”.

Keçmiş zabit Heydər Əliyevin və xüsusi təyantlı bölmənin uğurlarının bəzi şöhrətpərəst qüvvələr tərəfindən mənimsəndiyini də gizlətmədi:

“Bəzən görürəm ki, bizim müxtəlif postlarda əldə etdiyimiz uğurları öz adlarına çıxanlar olur. Hətta bizim döyüş zonasında çəkdirdiyimiz şəkilləri paylaşıb “bu bizik” deyənlər də var. Düzdür, biz komandirlər heyəti belə “müftəxorluqları” görəndə səbrli olmağa çalışırıq. Düşünürük ki, uğurların sahibi çox, uğursuzluq isə yetim olar. Həm də əsl yiyəsindən asılı olmayaraq qazanılan uğurlar bütün millətindir. Odur ki, kimlərinsə hansısa uğurun arxasında gizlənməsinə şəxsən mən xoş baxıram. Amma gəncliyini o ağır döyüşlərdə keçirmiş, yeri gələndə ömrünün sonuna qədər daşıyacaqları ağır xəsarətlərlə yaşamğa məhkum olan, həyatını itirən insanlarımız var. Onların haqqının mənimsənilməsinə yol vermək olmaz. Bu, bütün hallarda bir çoxlarımızın ruhunu incidir”.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 442          Tarix: 18-08-2024, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma