Xəbər lenti


Azərbaycan - Ermənistan arasında mövcud sülh prosesi özünün mürəkkəb mahiyyətinə, çətinliklərinə baxmayaraq davam edir və iki ölkənin perspektivdə davamlı sülhə nail olmasının mümkünlüyü ilə bağlı nikbinlik üçün müəyyən əsaslar var. İlk növbədə sülhə birbaşa təhdid olan Azərbaycan ərazilərinin işğalı faktı aradan qaldırılaraq münaqişə həll edilib. Xüsusilə, 2023 – cü ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi uğurlu anti – terror tədbirləri nəticəsində bölgədə tamamilə yeni vəziyyət yaranıb

 

Hazırda davam edən sülh prosesinə də məhz 2023 – cü ilin sentyabrında yaranmış yeni vəziyyət əhəmiyyətli dərəcədə təsir etmişdir. Bu baxımdan iki ölkə arasında mövcud sülh prosesinə 2023 – cü ilin sentyabrından sonra baş verən hadisələr fonunda nəzər salsaq daha faydalı olardı. 

 

2023 – cü ilin oktyabrın əvvəllərində İspaniyanın Qranada şəhərində “Azərbaycan, Ermənistan, Aİ, Fransa, Almaniya” formatında nəzərdə tutulan görüş ölkəmizin iştirakı olmadan keçirilir. Bu görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını da özündə ehtiva edən bəyanatı imzalayır. Rəsmi Bakı Qranada görüşündən imtinasının əsas səbəbi kimi bəzi aparıcı Qərb dövlətlərinin qərəzli və militarizasiya siyasətini göstərib. Qeyd edək ki, ötən ilin payızında Azərbaycanla Aİ və digər aparıcı Qərb dövlətləri arasında müşahidə edilən gərginlik Bakı ilə İrəvan arasında aparılan danışıqlarda qısa fasilənin yaranmasına səbəb oldu. Rəsmi Bakı vasitəçilik təşəbbüsü ilə çıxış edən Qərb mərkəzlərinin post – münaqişə problemlərinə qərəzli yanaşmasını əsas gətirərək Ermənistana birbaşa, vasitəçilərsiz danışıqlar aparmaq təklifini irəli sürdü. Nəhayət, qısa fasilədən sonra 2023 – cü ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikası Baş nazir Aparatı arasında vasitəçilərsiz aparılan danışıqların, diplomatik təmasların nəticəsi olaraq hər iki ölkənin hərbiçilərinin qarşılıqlı olaraq azad edilməsini, müəyyən beynəlxalq platformalarda hər iki ölkənin bir – birini dəstəkləməyi nəzərdə tutan razılaşma əldə edilir. Bu razılaşma Bakı və İrəvan tərəfindən iki ölkə arasında etimad quruculuğunun yaranması istiqamətində atılan ciddi addım kimi dəyərləndirilir. 

  

Bu ilin fevralın 17 – də, Münxen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan və Ermənistan liderləri Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə görüşüb. Bu görüşdən sonra fevralın 28 – 29 – da Berlində Almaniya xarici işlər nazirinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Berlində keçirilən görüşün əsas mövzusu tərəflər arasında sülh sazişi olmuşdur. Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdən sonra verdikləri açıqlamada "bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğunu" qeyd ediblər .

 

 Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş mayın 10 – 11 – də Qazaxstanın Alma Ata şəhərində baş tutub. Azərbaycan XİN – nin görüşlə bağlı yaydığı açıqlamada bildirilib ki, “nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar” . 

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş iyulun 10 – da, Vaşinqtonda ABŞ dövlət katibi E.Blinkenin təşəbbüsü ilə keçirilib. NATO sammiti çərçivəsində baş tutan görüşdə də sülh sazişi müzakirə edilib. Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş imkanı Avropa Siyasi Birliyinin iyulun ikinci yarısında Londonda keçirilən toplantısında yaranmışdır. Ancaq Ermənistan baş nazirinin imtinası səbəbindən Böyük Britaniyanın baş nazirinin təklifi ilə keçirilməli olan görüş baş tutmamışdır.  Qeyd edək ki, hər iki ölkənin rəsmilərinin verdiyi açıqlamalardan aydın olur ki, N.Paşinyanın London görüşündən imtinası son aylarda fəallaşan normallaşma prosesinə mənfi təsir etmişdir

 

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin vacib istiqamətlərindən biri də sərhədlərin delimitasiyası üzrə danışıqlardır və son aylarda bu istiqamət üzrə müəyyən irəliləyişlər əldə edilib. 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib və bu görüşdə, Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Həmçinin, mayın 15 – də, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilən sərhəd komissiyalarının 9 – cu görüşündə sərhədin bir neçə hissəsində razılaşmanı əks etdirən protokol imzalanıb. Verilən rəsmi məlumata görə, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib . Bütövlükdə, iki ölkə arasında sərhəddin müəyyənləşməsi ilə bağlı aparılan danışıqlarda əldə olunan razılaşmaları sülh prosesinə müsbət təsir edən məqam kimi dəyərləndirmək olar. Bununla belə, onu da əlavə etmək lazımdır ki, delimitasiya prosesi ilə bağlı hələ də ciddi problemlər qalmaqdadır. 

  

Tərəflər arasında normallaşma prosesinin digər vacib istiqamətlərindən biri olan sülh sazişi layihəsinin mübadiləsi ilin əvvəlindən daha dinamik xarakter alıb. Azərbaycan Xarici İşlər Nazirliyi son olaraq iyunun sonlarında sülh sazişi layihəsi ilə bağlı 10 – cu təkliflər paketini Ermənistan Xarici İşlər Nazirliyinə təqdim edib. Hər iki tərəfdən də verilən müsbət mesajları nəzərə alsaq onu da qeyd etmək olar ki, sülh sazişi layihəsinin böyük hissəsi əsasən razılaşdırılıb. Hətta Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir qədər də irəli gedərək bəyan etmişdir ki, “Azərbaycanla sülh müqaviləsi layihəsinin mətni, demək olar ki, yekunlaşıb və Ermənistan bir ay ərzində mətni tamamilə yekunlaşdırmağa, Azərbaycanla sülh müqaviləsini bağlamağa hazırdır” . 

 

Bununla belə, sülh sazişi layihəsində bəzi məqamlarla bağlı tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır və bu barədə bir qədər sonra. Sülh üçün yaranmış imkanlar Azərbaycanın bütün əraziləri üzərində suverenliyini bərqərar etməsi, uzun illər Qarabağda mövcud olmuş qondarma – cinayətkar rejimin ləğv edilməsi, qeyri – qanuni erməni hərbi birləşmələrinin tərkisilah olunması ilə iki ölkə arasında davam edən danışıqlar prosesində Ermənistan tərəfindən qaldırılan “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi” məsələsi öz aktuallığını itirdi. Daha dəqiq desək, “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi” pərdəsi altında Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiası və “Dağlıq Qarabağ” termini birmənalı olaraq danışıqların gündəliyindən çıxarılıb. Azərbaycan Prezidenti İlham Əliyev də bəyan etmişdir ki, ermənilərin məlum terminologiyadan (Dağlıq Qarabağ) və iddialardan imtina etməsi normallaşma prosesində irəliləyişə səbəb oldu və nəticədə, sülh sazişinin 80 – 90 % razılaşdırıldı . İkinci Qarabağ Müharibəsindən sonra fərqli platformalarda aparılan danşıqlarda Ermənistan hökuməti “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi” məsələsini sülh gündəliyinin vacib elementlərindən birinə çevirməyə çalışıb. Görünən odur ki, Ermənistan hökuməti danışıqlar prosesində bu məsələ ilə bağlı mövqeyində ciddi korrektələr edib və nəticədə, iki ölkə arasında sülh sazişinin imzalanması üçün real imkanlar yaranıb

 

Bakı və İrəvan arasında normallaşma prosesinə töhvə verən amillərdən biri də danışıqların son aylarda vasitəçilərsiz, ikitərəfli müstəvidə aparılması olmuşdur. Doğrudur, iki ölkə arasında danışıqlar müxtəlif dövlətlərin (Almaniya, Qazaxstan, ABŞ) təşəbbüsü ilə fərqli məkanlarda keçirilsə də həmin dövlətlər vasitəçi kimi deyil, danışıqlar üçün platforma təqdim edən tərəf kimi çıxış ediblər. Azərbaycanın təklif etdiyi kimi Ermənistanla aparılan vasitəçilərsiz danışıqlar konkret nəticələrlə yekunlaşıb. Buna misal olaraq 2023 – cü ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikası Baş nazir Aparatı arasında və delimitasiya üzrə hər iki ölkənin hökumət komissiyalarının əldə etdiyi razılaşmaları qeyd etmək olar. Hər iki razılaşma bütövlükdə sülh prosesinin gedişinə müsbət təsir göstərmişdir. İl ərzində xarici işlər nazirlərinin müxtəlif platformalarda görüşlər keçirməsini, sülh sazişi layihəsi üzrə irəliləyişlərin əldə edilməsini, hər iki tərəfdən də sülh mesajlarının verilməsini də əslində bu kontekstdə dəyərləndirmək olar. 

 

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yardım edən edən əsas amillərdən biri də regionda təsir imkanları olan müəyyən güc mərkəzlərinin maraqları ilə bağlıdır. Bu sırada Türkiyəni, Aİ və Birləşmiş Ştatları qeyd etmək olar. Azərbaycanın ən yaxın strateji müttəfiqi olan Türkiyə regionda davamlı sülhdə maraqlıdır və Ankarada düşünürlər ki, bölgədə sülhün əldə olunması həm də Türkiyə - Ermənistan normallaşma prosesinə də müsbət təsir göstərər və nəticədə, Türkiyə Cənubi Qafqazda daha fəal oyunçuya çevrilə bilər. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə - Ermənistan arasında əlaqələrin bərpa olunması ilə bağlı aparılan danışıqlar prosesinin hələ də ciddi nəticələr verməməsində Bakı – İrəvan arasında sülhün əldə olunmaması böyük rol oynayır. Bakıda ümid edirlər ki, Türkiyə Ermənistanla normallaşma prosesində Azərbaycanın bölgədə sülhlə bağlı haqlı, legitim maraqlarını sona qədər nəzərə alacaq. Daha dəqiq desək, Ermənistanı ədalətli sülhə gətirmək üçün Türkiyə - Ermənistan münasibətlərin normallaşması prosesində Ankaranın tutduğu mövqe İrəvan üzərində əlavə təsir vasitəsi kimi Bakıda nəzərdən keçirilir. 

 

Həmçinin, ABŞ və Aİ – nın Cənubi Qafqazla bağlı geostrateji maraqları da tələb edir ki, bölgədə nəhayət davamlı sülhə nail olunsun. Həm Vaşinqton, həm də Brüssel hesab edir ki, bölgədə sülhün əldə olunması rəqib və yaxud düşmən güc mərkəzlərinin region üzərində təsirini azaldacaq və bunun əksinə Qərbin təsirini artıracaq. 

 

Eyni zamanda, Qərb paytaxtlarının daxili siyasi gündəliyi də Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə əlavə stimul verir. Burada xüsusi olaraq Birləşmiş Ştatlarda cərayan edən siyasi prosesləri qeyd etmək olar. Hazırda iqtidarda olan C.Bayden administrasiyası çalışır ki, qısa müddətdə sülh sazişinin imzalanması istiqamətində Bakı və İrəvan konkret addımlar atsın. Belə olacağı halda Demokratlar bu faktdan noyabrda keçiriləcək prezident və Konqres seçkiləri ərəfəsində xarici siyasət uğuru kimi təbliğati məqsədlərlə istifadə edə bilər. 

 

Onu da əlavə edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Aİ – nın vasitəçiliyi ilə aparılmış danışıqlar prosesində sülh razılaşması, sərhədlərin delimitasiyası və humanitar məsələlərlə bağlı müəyyən irəliləyişlər əldə edilib. Ermənistanın Baş naziri N.Paşinyan məhz ilk dəfə olaraq Brüssel formatında Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib. Bütün bunlarla bərabər, ABŞ və Aİ – nın post – münaqişə problemlərinə bəzi hallarda qərəzli yanaşması və hər iki güc mərkəzinin regionda Ermənistan mərkəzli siyasət həyata keçirməsi bölgədə sülhün əldə olunmasına nəinki töhvə vermir, əksinə, iki ölkə arasında hərbi – siyasi eskalasiyanı artırır. Nəticədə, ABŞ və Aİ – nın Cənubi Qafqazda geostrateji maraqları ilə ziddiyyət təşkil edən siyasət həyata keçirməklərinə şahid oluruq. 

 

Sülhə mane olan amillər 

 

Əvvəldə də qeyd edildiyi kimi sülh sazişi layihəsi üzrə əksər məsələlər tərəflər arasında razılaşdırılıb. Bununla belə, sülh sazişinin imzalanmasına mane olan bəzi məqamlarsa qalmaqda davam edir. Hazırda iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olan əsas məsələ Ermənistan konstitusiyasında və digər qanunvericilik sənədlərində Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən məqamlardır. Və rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, xüsusilə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmasa iki ölkə arasında sülh sazişi imzalana bilməz. Bu barədə Azərbaycan prezidenti də, digər rəsmilər də dəfələrlə açıqlama verib. Bu yaxınlarda, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır. Elçin Əmirbəyov onu da fikirlərinə əlavə edib ki, “hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb” . 

 

Ermənistan hökumətinin Azərbaycanın gözlədiyi konstitusiya dəyişiklikləri ilə bağlı mövqeyi ziddiyyətlidir. Baş nazir N.Paşinyan bir tərəfdən yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən, digər tərəfdən də Azərbaycanın tələbi ilə konstitusiyada dəyişikliyin edilməyəcəyini bəyan edir. Onu da qeyd edək ki, N.Paşinyan 2022 – ci ildə yaradılan Konstitusiya İslahatları Şurasına 2026 – cı il dekabrın 30 – dək “yeni konstitusiya” layihəsi hazırlamağı tapşırıb. Bu fakt ondan xəbər verir ki, yaxın zamanlarda iki ölkə arasında sülhə mane olan Ermənistan konstitusiyasının dəyişdirilməsi istiqamətində hər hansı addım atılmayacaq. 

 

Yaranmış vəziyyətin mürəkkəbliyini nəzərə alaraq bəzi ekspertlərin də gəldiyi qənaət ondan ibarətdir ki, alternativ çıxış yollarından istifadə etmək olar. Bu kontekstdə belə fikirlər irəli sürülür ki, Azərbaycan və Ermənistan 1998 – ci ildə Böyük Britaniya ilə İrlandiya Respublikası arasında imzalanmış və Şimali İrlandiya münqaişəsinə son qoymuş Belfast müqaviləsinə bənzər razılaşma imzalaya bilər Xatırladaq ki, Belfast müqaviləsinə görə İrlandiya Respublikası konstitusiyasında Böyük Britaniyaya qarşı ərazi iddialarını nəzərdə tutan bəndləri dəyişdirəcəyini öhdəlik olaraq üzərinə götürürdü. 

 

Hazırki mərhələdə Ermənistanla yekun sülh müqaviləsinin çətinliyini nəzərə alan Azərbaycan Ermənistana sülh prosesini irəli apara biləcək digər variantlar da təklif edir. Belə ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bildirdiyinə görə rəsmi Bakı İrəvana iki ölkə arasında tammiqyaslı sülh müqaviləsi imzalananadək mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir

 

Prezidentin köməkçisi onu da bildirib ki, münaqişənin bitməsi səbəbindən Azərbaycan Ermənistana ATƏT – in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət etməyi təklif edir. Ermənistan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, “ATƏT – in Minsk Qrupunun fəaliyyətinin davam edib – etməyəcəyi məsələsinə Azərbaycanla imzalanacaq sülh müqaviləsi kontekstində baxıla bilər”. Görünən odur ki, normallaşma prosesi ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərə Ermənistan neqativ və yaxud, qeyri – müəyyən cavablar verməklə kifayətlənir

 

Ermənistan – Azərbaycan arasında sülh prosesinə mane olan amillərdən biri də erməni cəmiyyətində, siyasi elitasında revanşizm meyilləri fonunda İrəvanın intensiv olaraq hərbi gücünü artırmaq siyasəti və Ermənistanın bu siyasətinə regionda maraqları olan bəzi güc mərkəzlərinin dəstək verməsidir. Qeyd edək ki, İkinci Qarabağ Müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Faktlara nəzər saldıqda görmək olar ki, 2021-ci ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olduğu halda, 2022-ci ildə bu rəqəm 750 milyon ABŞ dolları təşkil edib. Ermənistanın hərbi büdcəsində ən böyük artım 2023-cü ildə müşahidə edilib. Ölkənin 2023-cü il üçün hərbi büdcəsi 35% artırılaraq 1.28 milyard dollar olub. Ermənistan 2024 – cü ildə də hərbi büdcəsini 6 % artıraraq 1.37 milyard dollara çatdırıb. 

 

Son zamanlar yayılmış hesabatdan aydın olur ki, Ermənistan Ümumi Daxili Məhsulun (ÜDM) 4.2 % - ni hərbi xərclərə ayırır və bu rəqəm post sovet məkanında ən yüksək göstərici hesab edilir. Deyildiyi kimi, Ermənistanın hərbi gücünü artırmasında bir sıra dövlətlər, güc mərkəzləri də yaxından iştirak edir. Bu sırada, xüsusilə Qərbin aparıcı dövlətlərindən biri olan Fransanı və Hindistanı qeyd etmək olar. Fransanın regionla bağlı daha böyük geosiyasi planları, iddiaları və bölgənin təhlükəsizlik mühitinə neqativ təsir imkanları olduğundan Fransa – Ermənistan hərbi əməkdaşlığı diqqəti daha çox çəkir. Paris – İrəvan hərbi əməkdaşlığı Ermənistanın Fransadan yeni silahların alınmasını, erməni ordusunda fransız hərbiçilərin təlimlər keçirməsini və digər əməkdaşlıq məsələlərini nəzərdə tutur. Fransa ilə hərbi sahədə əməkdaşlığa toxunan Ermənistanın müdafiə naziri S.Papikyan bəyan etmişdir ki, bu əməkdaşlıq müdafiə sektorunda bütün sahələri əhatə edir. Bir faktı da əlavə edək ki, son bir il ərzində iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı üç saziş imzalanmışdır. Bütövlükdə isə, Fransanın regional geosiyasi maraqlarına xidmət edən Ermənistanın silahlandırılması Cənubi Qafqazın təhlükəsizlik mühitinə ciddi mənfi təsir göstərir

 

Son zamanlar Ermənistanın silahlandırılması prosesində müəyyən çərçivədə Avropa İttifaqı da iştirak edir. Belə ki, iyulun 22 – də Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistanın hərbi ehtiyaclarını ödəmək üçün on milyon avro ayırıb. Rəsmi məlumata görə, yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib ki, “Təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərimizin getdikcə daha vacib elementinə çevrilir. Bu, Avropa Sülh Fondu tədbiri ölkənin dayanıqlığına daha da töhfə verəcək”. Doğrudur, Aİ – nın Ermənistan üçün ayırdığı hərbi yardım o qədər də böyük olmasa da bu fakt Ermənistanın silahlandırılmasına birliyin “yaşıq işıq yandırması” kimi təhlükəli tendensiyadan xəbər verir. 

 

Son aylarda Ermənistan – ABŞ hərbi əməkdaşlığı da dərinləşməkdədir. İyun ayında, iki ölkənin hökumət nümayəndələrinin Strateji Dialoqunun nəticəsi olaraq qərara alınıb ki, ikitərəfli münasibətlər Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırılsın. Və Strateji Tərəfdaşlıq münasibətlərinin vacib istiqamətlərindən biri kimi də hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq qeyd olunub. 2023 – cü ilin iyul ayında, Pentaqon nümayəndəsi Ermənistan Müdafiə Nazirliyinə təyin olunub. Həmçinin, iyulda Ermənistanda “Eagle Partner 2024” adlı birgə Ermənistan – ABŞ hərbi təlimləri keçirilib. Bu yaxınlarda Azərbaycan mediasında yayılan məlumatlara görə, ABŞ Ermənistana öldürücü silahlar göndərir. ABŞ – nin Azərbaycandakı səfirliyi yayılan məlumatları təkzib etsə də görünən odur ki, son aylarda iki ölkə arasında hərbi əməkdaşlıq sistemli xarakter alaraq dərinləşməkdədir. 

 

İki ölkə arasında sülh prosesinə mane olan amillərdən biri də Ermənistan daxilində baş verən proseslərdir. İkinci Qarabağ Müharibəsindən sonra başlayan siyasi böhran, revanşist qüvvələrin fəallaşması, iqtidar – müxalifət münasibətlərinin zaman – zaman kəskinləşməsi, permanent küçə aksiyaları N.Paşinyan hökumətinin Azərbaycanla münasibətlərin normallaşması prosesinə yanaşmasına əhəmiyyətli dərəcədə təsir edib. Son olaraq bu ilin aprelində başlayan keşiş Baqratın rəhbərlik etdiyi sərhədlərin dəqiqləşdirilməsinə qarşı olan etiraz hərəkatının da sülh prosesində Ermənistan hakimiyyətinin davranışlarına, ritorikasına təsir etməsi ehtimalını kifayət qədər yüksək hesab etmək olar. Məsələn, konstitusiya dəyişikliyi ilə bağlı N.Paşinyanın əvvəllər və indi səsləndirdiyi fikirlər arasında fərqlərin olmasını aydın görmək mümkündür. Ümumiyyətlə isə erməni ictimai rəyinə nəzər salsaq görmək olar ki, erməni toplumu hələ də Azərbaycanla sülhə hazır deyil. Erməni mediasına, siyasətçilərinin çıxışlarına, sadə vətəndaşlarının səsləndirdiyi fikirlərə nəzər saldıqda onların hələ də Azərbaycanofobiya düşüncə tərzindən “əziyyət” çəkdiyini görmək olar. 

 

Təbii ki, uzun illər ərzində erməni cəmiyyətində yaxın qonşusuna qarşı qorxu, nifrət hissinin aşılanması qeyd etdiyimiz düşüncə tərzinin formalaşmasına səbəb olmuşdur və bu düşüncənin də qısa müddət ərzində aradan qalxacağını gözləmək doğru olmazdı. Ermənistan daxilində yaranmış belə bir vəziyyət də təbii ki, ilk növbədə hakimiyyətini qorumağa çalışan N.Paşinyan hökumətinin mövqeyinə təsir edir. 

 

Ermənistanla davam edən sülh prosesinin vacib istiqamətlərindən biri olan humanitar məsələlərdə də iki ölkə arasında ciddi problemlər qalmaqdadır. Rəsmi İrəvan hələ də Birinci Qarabağ Müharibəsində itkin düşmüş dörd minə yaxın Azərbaycanlının taleyi ilə bağlı düzgün məlumat verməkdən boyun qaçırır. Eyni zamanda, Ermənistanın təqdim etdiyi mina xəritələri də qeyri – dəqiqliyi ilə seçilir. Verilən məlumata görə Ermənistanın verdiyi mina xəritələrinin yararlılıq səviyyəsi 25 %-i keçmir. Yeri gəlmişkən, İkinci Qarabağ Müharibəsindən bu günədək 370 – dən artıq Azərbaycan vətəndaşı mina terrorunun qurbanına çevrilib. Qeyd edək ki, Ermənistanın humanitar məsələlərdə də qeyri – konstruktiv mövqe nümayiş etdirməsi bütövlükdə sülh prosesinə neqativ təsir göstərir. 

 

Nəticə 

 

Beləliklə, sülh prosesində yaranmış vəziyyət o qənaətə gəlməyə əsas verir ki, iki ölkə arasında sülhün əldə olunması üçün real imkanlar olmaqla bərabər həm də ciddi problemlər də qalmaqdadır. Azərbaycan tələsməməklə danışıqlar prosesini irəli aparmaqda və nəhayət, davamlı sülhün əldə olunmasında maraqlıdır. Rəsmi Bakının İrəvandan konstitusiya dəyişikliyinə getmək tələbi də, iki ölkə arasında qısa müddət ərzində sülh sazişi ilə bağlı baza prinsiplərini razılaşdırmaq və bəzi mübahisəli məsələləri (kommunikasiyaların açılması və s.) sonraya saxlamaq istəyi də məhz bu marağı ilə bağlıdır. Ermənistan hakimiyyəti isə Azərbaycanın konkret tələbinə qeyri – müəyyən və yaxud neqativ cavab verməklə, o cümlədən də, danışıqlarda yeni əsassız tələblər irəli sürməklə sülh prosesinin ləngiməsinə səbəb olur. 

 

Sülh prosesinə mane olan digər amillər isə revanşizm meyilləri fonunda Ermənistanın sürətlə silahlanması (silahlandırılması da ola bilər), ölkənin daxili gündəliyi, regionda maraqları və təsir imkanları olan bəzi güc mərkəzlərinin bölgədə Ermənistan mərkəzli siyasət həyata keçirməsi və bu siyasət fonunda Cənubi Qafqazı geosiyasi qarşıdurma plasdarmına çevirmək cəhdləridir. Eyni zamanda, regionda davamlı sülhdə maraqlı olmayan ənənəvi oyunçuların da siyasəti sülhü əngəlləyən əsas amillərdən biri kimi nəzərdən keçirilə bilər. 

 

Nəhayət, Ermənistan hakimiyyəti aydın dərk etməlidir ki, yalnız özünün (başqalarının deyil) milli maraqlarını, təhlükəsizlik qayğılarını nəzərə almaqla, qeyri – konstruktiv, qeyri – rasional yanaşmalardan imtina etməklə Azərbaycanla danışıqlar prosesini uğurla apara və yaxud yekunlaşdıra bilər. İki ölkə arasında davamlı sülhün əldə olunması isə regionda inkişafın, inteqrasiya proseslərinin və güclü təhlükəsizlik sisteminin formalaşmasının əsas şərtidir. 

 

Müəllif: Mətin Məmmədli, 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi




Ana səhifəyə qayıt        Baxış: 5 917          Tarix: 11-09-2024, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma