Səudiyyə Ərəbistanının ən gənc şahzadələrindən olan Salman bin Abdullah bin Türki əl-Səud dünən həyatını itirib.
Ovqat.com xəbər verir ki, bu qara xəbər Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA tərəfindən də təsdiqlənib.
SPA ölüm səbəbi haqqında heç bir məlumat verməsə də, yaxınlarının dediklərinə istinad edən digər qeyri-rəsmi xəbər agentlikləri 26 yaşlı şahzadənin ürək çatışmazlığı nəticəsində dünyasını dəyişdiyini bildirirlər. Lakin bu məlumatlar yaxın keçmişə qədər səltənətin mühüm şəxslərindən olan Salman bin Abdullah bin Türkinin ölümü üzərində yaranan şübhələri azaltmır. Gənc yaşlı şahzadənin ürəkdən ölməsi inandırıcı olmadığı kimi, son zamanlar bu ölkədə yaşanan bəzi hadisələr də müəmmaları artırır.
Məlum olduğu kimi, bir müddət əvvəl Səudiyyə sarayında gözlənilməz kadr dəyişiklikləri baş vermiş və ekspertlər bunu hakimiyyət çevrilişi kimi qiymətləndirmişdilər. Belə ki, kral Salman bin Əbdüləziz hakimiyyətə gəldikdən sonra imzaladığı bəzi fərmanlarla 31 yaşlı oğlu Məhəmməd bin Salmana mühüm vəzifələr vermiş, ən nəhayət, bu ilin iyul ayında yayımladığı fərmanla onu özünün birinci vəliəhdi elan etmişdi. Bu isə krallığın ənənəvi əmioğlu mirasçılığı prinsipilə ziddiyyət təşkil edir və hakim sülalə tərəfindən xoş qarşılanmırdı. Qeyd edək ki, krallıqda dövlət idarəçiliyi haqqında qanuna əsasən, hakimiyyət yetkisi bu zamana qədər kralın oğluna yox, ya sağ qardaşlarından birinə, ya da qardaş uşağına – şahzadələrin əmoğlusuna keçirdi.
Kralın öz oğlunu baş şahzadə təyin etməsi barədə son fərmanının Sədaqət Şurası tərəfindən təsdiqlənməsində ortaya çıxan nəticələr də yeni “islahat”ların yaratdığı nigaranlıqdan xəbər verirdi. Məlumata görə, sülalə hakimiyyətinin əsas idarəetmə mexanizmi kimi tanınan Sədaqət Şurasında məlum fərman 31-ə qarşı 34 səslə qəbul olunmuşdu. Fərmanın əleyhinə olanların sadəcə 1 səslə krala uduzması isə Səudiyyə Ərəbistanında nadir görünən hadisələrdəndir. Nədən ki, Sədaqət Şurasında kral fərmanları bu zamana qədər, adətən, yekdilliklə qəbul olunurdu.
Məlumata görə, saray daxilində müxaliflərin çoxluğu kralın sərt addımlar atmasına yol açmışdı. Bildirilir ki, oğlu Məhəmmədi baş şahzadəliyə gətirən kral, həmin postun əvvəlki sahibi Məhəmməd bin Nayifi ev həbsinə atmışdı. Hətta Nayif öz evində də gözdənkənar buraxılmamış, bütün cangüdənləri dəyişdirilmiş, onlar yeni baş şahzadəyə bağlı adamlarla əvəz edilmişdi.
Şəkildə: Nayif Əbdüləziz
Saraya yaxın dairələrdən mətbuata sızdırılan xəbərlərdə Salman bin Ədbüləzizin yaxın günlərdə hakimiyyətdən çəkiləcəyi də qeyd olunurdu. Hətta onun öz yerinə oğlu Məhəmmədi təyin etdiyi barədə sənədi artıq imzaladığı, sadəcə, yayınlamaq üçün münbit şəraiti gözlədiyi də mətbuata sızdırılan xəbərlər arasındadır. Bir sözlə, Səudiyyə sələtənətininin, tarixdə ilk dəfə kral ölmədən yeni krala biət etmək ərəfəsində olduğu bildirilir.
Sözsüz ki, heç bir kral öz postunu rahatlıqla başqasına (oğlu olsa belə) ötürməz. Krallıqlar tarixində öz taxt-tacına göz dikdiyindən şübhələnib oğullarını öldürən şahlara, sultanlara da rast gəlirik. Hakimiyyət hərisliyi həmişə kralları ən yaxın adamlarından ehtiyatlanmağa, sərt təhlükəsizlik tədbirləri görməyə vadar edib və bu hiss ölənə qədər onların yaxasından əl çəkməyib. Odur ki, Səudiyyə kralının insan təbiətindən gələn bu ehtirasdan kənara çıxması, ölməmişdən qabaq taxt-tacdan əl çəkmək istəməsi, ilk baxışdan, inandırıcı görünməyə bilər. Fəqət Səudiyyə kralının sağlamlıq durumunu nəzərə alanda, bu fədakarlıq heç də təsadüfi görünmür. Bildirildiyinə görə, kral hələ hakimiyyətə gəlməmişdən əvvəl ağır xəstəliklə əlləşir. Onun, faktiki olaraq, dövlət məsələləri ilə ilgilənmək şansı çox azdır. Dövləti idarə etmək üçün sərf etdiyi enerji belə, 82 yaşlı qoca kralın səhhətini daha da ağırlaşdırır, onun Haqq dərgahında daha erkən cavab verməsini tətikləyir. Beləcə, onsuz da dünyadan əlini-ayağını kəsən kral dadını çıxara bilmədiyi səadəti gözünün ağı-qarası övladına bağışlamaq istəyir. Bu isə kraliyyətin əmiuşağı sultasına söykənən ənənəsilə ziddiyyət təşkil edir.
Şəkildə: Məhəmməd bin Salman (soldakı)
Təsadüfi deyil ki, kral, öz oğlunun yaxınlarda reallaşacağı gözlənilən hakimiyyətinin legitimliyini də sağkən təmin etməkdən çəkinməyib. Bildirildiyinə görə, Səudiyyə qanunvericiliyindəki hakimiyyətin əmiuşağına keçməsi maddəsi dəyişdirilib. Salman bin Ədbuləzizin 21 İyunda imzaladığı yeni fərmanla kraliyyət taxtında oturmaq üçün tələb olunan yeganə şərt kimi, ölkənin qurucusu Faysal əl-Səudun soyundan gəlmək kifayət edəcək.
Krallıqda bu cür qanun və post dəyişiklikləri getdiyi bir zamanda yayılan digər məlumatlar, zənnimizcə, 26 yaşlı şahzadənin müəmmalı ölümünün əsl səbəbinə də aydınlıq gətirir. Şahzadənin ölümündən bir gün öncə, ərəbcə yayımlanan “Merat əl-Cəzire” informasiya saytının məlumatına görə, yeni təyin olunan baş şahzadəyə sui-qəsd həyata keçirilib. Hücumdan sağ qurtulan Məhəmməd bin Salmanın sağlıq durumunun yaxşı olduğu bildirilən xəbərdə sui-qəsdi təşkil edənin artıq tutulduğu da qeyd edilirdi. Bildirildiyinə görə, adı açıqlanmayan həmin şübhəli də şahzadə imiş. Üstündən bir gün keçdikdən sonra isə Abdullah bin Türki əl-Səudun qəfil ölüm xəbəri yayıldı.
Zənnimizcə, bütün bu deyilənlərdən sonra şübhələr adı açıqlanmayan həmin sui-qəsdçinin kimliyini və gənc şahzadənin ölüm səbəbini eyni nöqtədə birləşdirir. Sözsüz ki, bütün bunlar gümanlardır. Əsl həqiqəti isə yalnız Allah bilir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: