Xəbər lenti


Ədalət partiyası özünün növbəti qurultayına hazırlaşır. 

 

Ovqat.com-a bu barədə partiyanın Siyasi Şurasının üzvü Elçin Qurbanov məlumat verib. 

 

Onun bildirdiyinə görə, partiya rəhbərliyi mərhum qurucu liderləri İlyas İsmayılovun 40 mərasimindən sonra qurultay keçirəcək. Hələlik isə partiyanın yeni Nizamnaməsi və Proqramı hazırlanır.

 

Elçin Qurbanov bu barədə fikirlərini Facebook statusunda da paylaşıb. Partiya yetkilisinin paylaşımını olduğu kimi təqdim edirik:

 

“Bilirsiniz ki, Ədalət Partiyası ötən ay (17 fevral 2025) çox böyük itki verdi. Ədalət Partiyasının sədri ictimai siyasi və dövlət xadimi İlyas İsmayılovun uzun sürən xəstəliklərdən sonra vəfatı bütün Ədalətçiləri, həmçinin onu sevən bütün insanları satsıtdı. Milli adət və ənənələrimizə, dini etiqadımıza uyğun olaraq mərhum Partiya Liderinin 40 mərasimindən sonra Partiyanın növbəti qurultayı ilə əlaqədar hazırlıq işlərinə start veriləcək. Partiyanın növbəti qurultayının çağırılması məsələsi ilə əlaqədar  Siyasi Partiyalar haqqında Azərbaycan Respublikası Qanununun 14.1. mad , 15.2.2. mad və Partiya Nizamnaməsinin 4.3.  maddəsinə əsasən Siyasi partiyanın qurultayarası kollegial idarəetmə orqanı növbəti Qurultayın çağırılması barədə qərar qəbul edəcək və tarix elan olunacaq.

 

Gözlənilən yeniliklərə gəlincə:

 

Diqqətinizə çatdırım ki, Ədalət Partiyası Qurultaya yeni nizamnamə ilə gedəcək. Qarşıda duran başlıca hədəflərdən biri Ədalət Partiyasının siyasi fəaliyyətində əsaslı müsbət dönüş yaratmaqdır. Bunun üçün Partiyanın insan resursları və kadr potensialı var. Partiya quruculuğu işləri uğurla davam etdirilir. Ədalət partiyasının gələcək fəaliyyətini zamanın ruhuna və yeni dövrün çağırışlarına uyğun təşkili məqsədilə siyasi strategiyasını müəyyən edən yeni mərəmnamə və nizamnaməsinin məzmunu tamamlanmaq üzərədir. Partiya rəhbərliyində təmsil olunan şəxs və ideya müəlliflərindən biri kimi bildirmək istəyirəm ki, yeni nizamnamə və proqram Ədalət Partiyasının gələcək fəaliyyətinə yeni ruh gətirə biləcək. Əlavə olaraq qeyd edə bilərəm ki, üzərində işlədiyimiz yeni proqram və nizamnamə məzmun etibarilə əvvəlkilərdən fərqlənməklə daha çox yeni ideyanın rolunu siyasi strateji xətt kimi müəyyənləşdirir. İdeya şəxsin, qurumun, qrupun, toplumun , təşkilatın mənafeyini deyil, cəmiyyətdə siyasi barışın, qarşılıqlı etimadın, müdrikliyə və yüksək siyasi mədəniyyətə, mənəviyyata, əxlaqa və dəyərlərə əsaslanan, şəxsi ehtiraslardan və ambisiyalardan uzaq ali hədəflər uğrunda birgə fəaliyyətə əsaslanır. Hesab edirəm ki, dünyanın gərgin siyasi mühitinə, həssas dövrün tələblərinə uyğun olan, dövlətimizin və cəmiyyətimizin maraqlarını özündə ehtiva edən müfəssəl proqram olacaq. Əlbəttə ki, əvvəlcə təklif layihəsi kimi müzakirəyə çıxarılacaq. Bundan sonra Siyasi Partiyalar Haqqında Azərbaycan Respublikası Qanununun 13.4. maddəsinə əsasən Partiyanın yeni proqramının qəbul olunması məsələsinə  Qurultayarası kollegial idarəetmə orqanında baxılacaq.   Partiya Nizamnaməsinin 4.8.7. maddəsinə əsasən Partiya sədrinin səlahiyyətlərini hazırda  Partiyanın Ali Məclisinin sədri Meydan Babayev həyata keçirir.

 

Növbəti əsas yeniliklərdən biri isə partiya sədrinin seçilməsidir. Bu barədə onu deyə bilərəm ki, partiyadaxili münasibətlər sağlamdır və qarşılıqlı etimad şəraitində qanunvericiliyə və nizamnaməyə uyğun olaraq qurultay nümayəndələrinin iradəsini ifadə edən şəxsin seçilməsi təmin olunacaq”.




Ana səhifəyə qayıt        Baxış: 4 910          Tarix: 21-03-2025, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma