
“Şimali İraq Kürd Muxtariyyatlığının ayaqda qala bilməsi üçün neft gəlirlərinə ehtiyacı var və region neftinin böyük hissəsi Türkiyə üzərindən beynəlxalq bazara çıxarılır. Barzani hakimiyyəti referenduma gedərkən, bu məsələni nəzərə almalıdır”.
Ovqat.com xəbər verir ki, bunu Türkiyə Enerji Strategiyaları və Siyasəti Araşdırma Mərkəzinin (TESPAM) sədri Oğuzhan Akyener Şimali İraqda 25 sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumunu şərh edərkən bildirib.
Bölgənin müstəqil ola bilməsi üçün lazımi infrastruktura və üst quruma sahib olmadığını vurğulayan Akyenerin fikrincə, paytaxt Ərbildə belə, günün böyük qismində elektrik şəbəkəsi işləmir və insanlar generatorlarla öz ehtiyaclarını ödəyirlər. Çox güvənilən neft və təbii qaz qaynaqlarının inkişaf etdirilməsi üçün xaricə möhtac olan bölgədə humanitar ehtiyacların qarşılanması üçün lazımi texnologiya da yoxdur ".
Başda insani yardım olmaqla, bölgənin bütün ehtiyaclarının qarşılanmasında Türkiyənin hər zaman qabaqcıl rol oynadığını xatırladan Akyener regionda qida tədarükü, sənaye və kommersiya ehtiyaclara qədər geniş diametrli bir tədarük şəbəkəsinin yaradıldığını, beləcə bölgənin yaşanıla bilən vəziyyətə gətirildiyini vurğulayıb:
"Ən önəmlisi isə, Türkiyə, İraq mərkəzi hökumətinə qarşı çıxaraq, bölgədə hasil olunan neftin beynəlxalq bazarlara satışının öz torpaqları və limanları üzərindən aparılmasına icazə verdi. Bunun sayəsində İraq büdcəsindən ayrılan pay kəsildiyi andan etibarən, Şimali İraqın ayaqda qalmasını təmin etdi. Hələ də bölgədə davam edən və ya gözləmədə olan inşaat layihələrinin bir çoxu Türk firmalar tərəfindən reallaşdırılmaqdadır. Yəni bölgənin iqtisadi, təbii və siyasi olaraq ayaqda qalması Türkiyədən asılıdır.
İqtisadi çətinliklər nəticəsində bölgədə sərmayə qoyan beynəlxalq firmalara ödənişləri verməkdə çətinlik çəkən rəhbərlik yaranmış pis təəssürat üzündən yeni investorlar cəlb etməkdə də çətinlik çəkir. Siyasi vəziyyətindən ötəri beynəlxalq bazara normal qiymətlərin altında neft satmaq məcburiyyətində qalır. Bu aşağı qiymətdən satış mühitinin yaranmasında barrel başına, təxminən, 25 dollardan qeyri-qanuni yollarla alınan Suriya neftinin də təsiri var. Bölgədə kəşf edilmiş ən böyük sahələrdən biri Taq-Taqdır ki, onun ehtiyat miqdarı ilk illərdəki təxminlərlə müqayisədə yarı-yarıya düşdü. Hazırda Türkiyəyə boru xətti və tankerlər, İrana isə tankerlərlə ixrac edilən neft bölgəni ayaqda tutan tək faktordur.”
Bölgənin təbii qaz ixrac potensialının daxili tələb və ehtiyatlar nəzərə alaraq aşağı olduğunu vurğulayan Akyener sözlərinə bunları əlavə etdi:
"Nəticə etibarilə, həm Ərbil, həm də Ankara üçün ən etibarlı və faydalı ssenari bölgədəki bütün neft və qaz sahələrini ortaq işlədərək, Türkiyə üzərindən beynəlxalq bazarlara çıxarmaqdır. Bu səbəbdən də regional qüvvələrin təsdiqini ala bilməyən 25 Sentyabr referendumuna getmə qərarı Türkiyə ilə ortaq çıxarlar nəzərə alınaraq nəzərdən keçirilməlidir. Əks təqdirdə enerji kozrına müraciət təbii bir prosesə çevrilə bilər. "
Akyener, Şimali İraq Muxtariyyatlığı Təbii Sərvətlər Nazirliyinin 2016-cı ilin oktyabrında açıqladığı rəsmi məlumatlara görə, kürd bölgəsi idarəsindəki sahələrdən gündəlik təxminən 600 ilə 620 min barrel arasında neft çıxarıldığını və bunun 540 - 550 min barelinin isə Ceyhan limanı üzərindən beynəlxalq bazarlara çatdırıldığını xatırladıb.
Paylaş: