“Mən 18 dekabr 1969-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndinə doğulub bu günə kimi burada yaşasam da 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilməmişdir. Bu isə açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır”.
Ovqat.com xəbər verir ki, Göyçay rayonu Cəyirli kəndi sakini 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən redaksiyamıza göndərilən məktubda belə deyilir.
Məktubun davamını kiçik redaktəylə təqdim edirik:
“Hazırda 4 nəfərdən ibarət ailə üzvüm var. Heç bir qanunu əsas olmadan mənə pay torpağı verilməmiş, bu hüquqdan məhrum edilmişəm. Buna görə dəfələrlə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyrevə müraciət etsəm də, heç bir tədbir görülməyib. Mənə gətirilən bahanə isə tam əsassızdır. Bildirirlər ki, həmin illərdə Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə sənə pay torpağı düşməyib. Bu tam əsassız bir yalan bəhanədir və heç bir qanunu əsası yoxdur. Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasam da faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs keçirilməyən günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizə gəlib yaşamışam. Həmin vaxtı kənddən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilmişdir.
Kəndlinin çörəyi torpaqdan çıxır. Hazırda da işsizəm, torpağım olsaydı, əkib becərib ailəmi dolandırardım. Mən buna görə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olan zaman məni ələ salıb gülüb deyir ki, tapşıraram, sənə bir maşın torpaq gətirərlər, çinlilər kimi evin damına töküb əkərsən. İcra başçısı Mehdi Səlimzadə Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevlə əlbir olub torpaqları satıb-talan edirlər. Gəlib yerində obyektiv araşdırma aparılarsa subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib satmaqla məşğuldur. Bu yolla o hektarlarla torpaq sahəsini satıb talan etmişdir. Belə talançılıqla əldə edilən gəlirdən icra başçısına haqq verdiyi üçün ona “gözün üstə qaşın var” deyən yoxdur. Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyevlə əlbir olub saxtakarlıqla kəndə məxsus olmuş fermanı ələ keçirib satmışlar.
Özüm 1-ci qrup əliləm, heç bir yerdə işləmirəm, ailəlikcə istəyimiz odur ki, torpağımız olsun, əkin-biçində məşğul olub ailəmizi dolandıraq. Torpaqsız kəndli kor insan kimidir. Mən ümüd edirəm ki, müraciətim obyektiv araşdırılıb ciddi tədbir görüləcək.
Mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm; göstərdiyim faktları obyektiv araşdırıb qanuni qaydada mənə pay torpağı verilməsinə köməklik göstərəsiniz və Cəyirli torpaqlarını saxtakarlıqla satıb talanlayan kənd bələdiyyəsinin sədri Fuad Nəbiyevi və onu himayə edən Göyçay icra başçısı Mehdi Səlimzadəni cəzalandırasınız”.
Paylaş: