Xəbər lenti

 Sabiq Müdafiə naziri Rəhim Qazıyevlə Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanov arasında söz dueli davam edir.

Xatırladaq ki, Urfullah Qurbanovun saytımızda dərc olunan xatirələrində 1992-ci ildə Rəhim Qazıyevlə görüşü barədə irəli sürdüyü bir fikir qarşılıqlı söz güləşinə yol açmışdı. Urfullah bəy həmin görüşdə sabiq Müdafiə nazirinin ona “Naxçıvanı, getsin, Heydər Əliyev qorusun” dediyini iddia etmişdi. Rəhim Qazıyev isə belə bir adamı tanımadığını bildirərək, faktı yalanlamışdı.  Bundan sonra Urfullah bəy 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Soveti tərəfindən Rəhim Qazıyevə yazılmış məktubu ortaya qoymuş, “bəs, bu məktubu necə xatırlayırsınızmı?”-deyə soruşmuşdu. Sabiq Müdafiə naziri isə məktubu xatırladığını etiraf etsə də, o cür cavab vermədiyini, Naxçıvandakı hərbi briqadanın özü tərəfindən yaradıldığını bildirmişdi.

Rəhim Qazıyevin bu cavabı üzərinə Urfullah bəy növbəti məktubunu redaksiyamıza göndərib. Bildirdiyinə görə, bu onun mövzuyla bağlı son yazısı olacaq.

Məktubu bəzi zəruri hesab etdiyimiz redaktəylə Ovqat.com oxucularının diqqətinə təqdim edirik:

 

“Sənədi xatırladığınıza görə, görüşümüzü də xatırlayırsınız. Bu sənəd Naxçıvan MR Ali Məclisi tərəfindən Azərbaycan Respublikasının Müdafiə naziri Rəhim Qazıyevin adına ünvanlanıb. Mən sizə şəxsi xahişlə müraciət etməmişdim. Qarşınızda bir əsgər kimi dayanıb məruzə etmişdim.Məktubu oxuyub üzərimə atdınız, məni hədələdiniz. Naxçıvanda isə ümidlə sizdən hərbi yardım gözləyirdilər. Əsgərlərimiz düşmən qarşısında əliyalın dayanmışdılar, şəhid olurdular, geri çəkilmirdilər.

Məni birinci dəfə idi ki, görürdünüz. Mən Naxçıvanı təmsil edirdim. Bu hörmətsizlik, nifrət, kin, haradan idi sizdə?! Sizə nə pisliyim keçmişdi? Düşmən də məni məhv etmək istəyirdi, siz də. Görüşümüz barədə Gəncə şəhər İcra Başçısı rəhmətlik Mürşüd Məmmədov yeni seçilmiş prezident Əbülfəz Elçibəyə də məlumat vermişdi. Ən azından siz Naxçıvana bir nazir kimi hərbi yardım göstərməyə borclu idiniz. Bu sizin əsas vəzifəniz idi. Nə isə...

Hadisələrdən 25 il ötüb. Bu illər ərzində siz xalqımızdan üzr də istəməmisiniz. Prezidentimizin humanistliyi sayəsində azadlıqdasınız. Heydər Əliyev həyatda olmayan bir kəs haqqında mənfi bir fikir belə söyləməyib. Siz isə onun haqqında cəfəng hekayələr uydurub sosial şəbəkələrdə paylaşırsınız. Yığışdırın onları. Özünüz də deyirsiniz ki, onunla isti əlaqələrim olub. Bunu necə başa düşək?

25 ildir xalqımızın ürəyi Qarabağ, şəhidlərimizin acısıyla sızıldayır. Siz də, ermənilər və onların havadarları da deyirlər; “unudun bunları”.

Ölkəmizdə ağır iqtisadi vəziyyət, torpaqlarımızın işğalı, köçkünlük sizin Müdafiə naziri olduğunuz dövrə düşür. Siz heç bir dəfə də olsun düşünmüsüzmü; mən nazir olmasaydim, necə olardı? Nə üçün bir dəfə çıxıb etiraf etməmisiniz ki, nazir olmağım yanlış addım idi.

Mənim sizinlə heç bir şəxsi qərəzim yoxdur. Mənim davam - yurd davasıdır, vətən davasıdır. Mən Ali Baş Komandanımın sıravi əsgəriyəm. Mənə qarşı o zaman etdiyiniz hörmətsizliyi çoxdan bağışlamışam. Çünki bilirdim ki, siz o vəzifədə təsadüfi adamsınız.

Yeri gəlmişkən vaxtılə sizin yardım etmədiyiniz Naxçıvan ordusu indi qısa zamanda Qarabağı azad etmək iqtidarındadır. Oktyabr ayının 18-də Naxçıvanda hərbi parad keçiriləcək, gəlin, baxın”.




Ana səhifəyə qayıt        Baxış: 2 965          Tarix: 17-10-2017, 08:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma