Bəzi «JEK» müdirlərindən Avropa Şurasının baş katibi Turbyörn Yaqland və ABŞ Konqresinin üzvü Kris Smit həzrətlərinə Müstəqillik Bəyannaməsi
Minirəm millətimi, minməyirəm, ya, sizə nə?
Oğru məmurlarıma dinməyirəm, ya, sizə nə?
Neçə ildir oturub təxtə yağırdırsa dalım,
Təxt mənim, arxa mənim, enməyirəm, ya, sizə nə?
Mənə bir söz deməyin, mən də belə müstəqiləm.
Siz deyən təhrə dönüb, dönməyirəm ya, sizə nə?
Sizə qul etmək üçün yurdumu yenməksə işim
Hansı yolla yenirəm, yenməyirəm, ya, sizə nə?
Mən bu odlar elinin hikkəli «JEK» rəhbəriyəm,
Özdə ya, sözdə yanıb sönməyirəm, ya, sizə nə?
Çıxsam AŞ-dan, inanın, siz də qalarsız kürüsüz,
Siz olan səmtə çönüb çönməyirəm, ya, sizə nə?
AŞ-nın baş katibi Turbyörn Yaqlanddan Azərbaycanın «JEK» müdirlərinə cavab:
Kürünün xətri üçün rəhbər olubsan «JEK»-ə sən,
Bir tikə mən yemişəmsə, yemisən on tikə sən.
Yemədik andırı ki, sən onu gözdən tökəsən.
Qoparırsan niyə bəs, bunca şivən, «JEK» müdiri?
Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!
Demirəm xalqını minmə, ayaq üstündə dolaş,
Deyirəm, ustaca min, salma dava, qovğa, dalaş.
Çox fikir vermə mənə, gör işini, etmə təlaş.
Mənə nə, bax o elin, bax, o da sən, «JEK» müdiri,
Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!
Mən desəm - “xalqına haqq ver”, mənə tez sən kürü ver!
Çox dinib bunca danışma, səsini kəs, kiri, ver!
Gəlirin xeyli azalmışsa, nəyin var, bəri ver!
Gəl, bölək xalqının əmlakını tən, «JEK» müdiri,
Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!
Düşünər, kim ki görər halını Hacı Qarasan,
Həm mənim, həm elinin bağrına sən bir yarasan,
Sənə orden verərəm, karıma hərgah yarasan.
Məni kor, kəndini kar eyləmə zənn, «JEK» müdiri,
Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!
"JEK" müdirləriylə Turbyörn Yaqlanqın deyişməsini qeydə aldı: Heydər Oğuz
Paylaş: