Xəbər lenti

 Surxay SULTAN               

 

 

İtaliyada 21 yaşlı qızın dərisindən tər formasında qan axır... 

 

Üzür qan gölündə gör neçə ölkə,

Müsəlmandır yetən gülləsin sıxan.

Dünyanın xəcalət təridi bəlkə,

Məsum qızcığazın üzünə çıxan.

 

Hegemon güclərin fətvası ilə,

Terrorlar boy veririr neçə çeşiddə.

Meydana çıxmayıb heç elə-belə,

Asala, Taliban, PKK, İŞİD də.

 

Nalələr, fəryadlar, ahlar, amanlar,

Topuqdan adlayıb, dizə çıxıbdır,

Su tək axıdılan günahsız qanlar,

Daha üzə durub, üzə çıxıbdır.

 

Əmin-amanlığın yenə qəsdində,

Amerika dünyanın sanki hakimi. 

İraqda, Suriyada  ya Fələstində,

Qırılır insanlar qarışqa kimi. 

 

Bir qan ki, yaramdan hər vaxt süzülən,

Gözlərim önündə gəlib dayandı.

Dəridən süzülüb, üzə düzülən.

Bəlkə Xocalıda tökülən qandı?!

 

Tökülən qanları səmadan görən,

Şəhid ruhlarıdır, gəliblər dilə.

Haqqı, ədaləti nahaqqa verən

Dünyanın üzünü qızardır belə.

 

İnsan sifətində iblis, şeytandı,

Nə ölümdən doyan, nə qandan doyan.

İnsanlıq adını pula satandı,

Dünyanın üzünü qana boyayan.

 

İbrətmi göstərir bizə yaradan,

Qan verən bəşərin öz yarasıdır.

Bir qızın üzünü qızardan o qan,

Dünyanın ən böyük üz qarasıdır.

 

24.10.2017

Şeirin hekayəsi

 

İtaliyada 21 yaşlı gənc qadın üz dərisi üzərində heç bir xəsarət və kəsik olmamasına baxmayaraq, ovucları və üzündə baş verən tər bənzəri qanaxma səbəbi ilə xəstəxanaya müraciət edib.

 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan gənc qadının qanayan bölgələrində heç bir yara və kəsik olmaması həkimləri çaşdırıb.

 

Gənc qadın isə qanın yuxu və ya fiziki fəaliyyət zamanı baş verdiyini ifadə edib. Həmçinin, ciddi stress yaşadığı zaman bu cür qan sızmaların 1 ilə 5 dəqiqə davam etdiyini və bu vəziyyətin 3 ildir davam etdiyini bildirib.

 

Həkimlər apardıqları testlər nəticəsində gənc qadına həddindən artıq stress vəziyyətində kapilyar damarların çatlayıb tər vəzilərinə qarışan “hematohidrosis” adlı xəstəlik diaqnozunu qoyublar.




Ana səhifəyə qayıt        Baxış: 2 033          Tarix: 25-10-2017, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma