Xəbər lenti

 
“Naxçıvanın 9 kəndi sovet dönəmində ermənilərə verilib”

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Moderator.az-a açıqlamasında 1921-ci ildə imzalanan və Naxçıvanın təhlükəsizliyi ilə bağlı mühüm önəm kəsb edən Qars müqaviləsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri əslində Qars müqaviləsinin şərtlərinin pozulduğunu, Azərbaycan tərəfinin bu faktı gündəmə daşımasının vacibliyini vurğulayıb:

“Biz hər zaman deyirik ki, Qars müqaviləsinə əsasən Türkiyənin Naxçıvanla bağlı qarantiyası var. Amma reallıq bundan ibarətdir ki, sovetlər dönəmində ruslar Naxçıvanın 9 kəndini ermənilərə veriblər. Yəni Qars müqaviləsinin şərtləri faktiki olaraq pozulub. Biz Qars müqaviləsi, bu müqavilənin pozulması ilə bağlı məsələni qaldırmalıyıq. Bu, xalqımızın, dövlətimizin maraqları, erməni əlindəki kəndlərimizin taleyi baxımından vacibdir”.

Xatırladaq ki, Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 1921-ci il ok­tyabrın 13-də Qarsda müqavilə imzalanıb. Müqavilə 20 maddə və 3 əlavədən ibarətdir. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğundur. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. 
Naxçıvan bölgəsinin ərazisi isə müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “[Naxçıvan ərazisi] Urmiya kəndindən [başlayır], oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və [nəhayət] keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində [qurtarır]”.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib.

 

Seymur Əliyev




Ana səhifəyə qayıt        Baxış: 1 221          Tarix: 31-10-2017, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma