Xəbər lenti

 

DÜNYADA HEÇ NƏ SABİT DEYİL

 

Poeziya, söz, şairlik barədə çox fikir bildirilib. Mənə görə isə, şair Allahın yerdəki təmsilçisi, səsi, sözüdir. Söz şairin səsində bir başqa ahəngə bürünür. Hələ o söz şeir formasında deyilirsə, burda artıq ilahi bir kəlam duyulur. Təbii ki, duymağı bacaranların dünyasında…

“Tanımaq istədiklərim” rubrikasında növbəti həmsöhbətim şair, araşdırmaçı Namiq Hacıheydərlidir.

 

-Sizi tanımaq və oxucularımıza təqdim etmək bizimçün xoşdur.

-Mənim üçün də sizinlə həmsöhbət olmaq xoşdur. Özümü qısaca belə təqdim edə bilərəm; Azərbaycan vətəndaşı Namiq Hacıheydərli!

 -Şablon suallarla tez-tez qarşılaşırsız?

-Tez-tez olur. Bəzən elə olur ki, bu gün bir jurnalistin verdiyi sualları sabah başqa bir jurnalist verir. Yaradıcı və düşündürücü suallarla az-az qarşılaşıram. Ətrafımdakı insanlar da tez-tez şablon suallar verirlər. Məsələn, “bu işlərin axırı necə olacaq” sualı kimi.

-Onda deyin görək şair olmaq necə hissdir? J

-Şair olmaq bəzən qürurverici, bəzən məsuliyyətli, bəzən də əzabverici hissdir. Ətrafımda baş verən heç nəyə biganə qala bilmirəm. Birinin digərini avam yerinə qoyub aldatdığını görəndə günlərlə əzab çəkirəm. Bu, güman ki, şair təbiətindən qaynaqlanan həssaslıqdır. Amma bəzən saflığını və duruluğunu daha çox qoruyub-saxlayan el-obalarımıza səfər edəndə və orada məhz şair olduğum üçün zəhmət adamlarından yüksək hörmət görəndə millətimizin qədirbilənliyi ilə qürur duyuram.

-Dünya həqiqətən yuvarlaqdır?

-Yəqin yuvarlaqdı ki, dünyada heç nə sabit deyil. Nə insan, nə həyat, nə var-dövlət, nə də mənəvi dəyərlər.

-Bəs dünya fırlandıqca şeirlər təkrarlanmır?

-Əslində bu dünyada hər şey təkrarlanır. Yeni heç nə yoxdu. Məsələn, elə bu gün içdiyimiz suyu bizdən əvvəl bəlkə də min adam içib. Eyni suyu minbirinci dəfə biz içirik. Suyun təbiətdəki dövranını xatırlasaq, nə demək istədiyim aydınlaşacaq. Min illərdi Kür çayından axıb Xəzərə tökülən su eyni sudur, təkrarlanır. Xəzərə töküləndən sonra buxarlanır. Sonra yağış şəklində həmin su yerə qayıdır. Yenidən bulaqların suyuna, oradan da çayların suyuna qarışıb dənizlərə tökülür. Şeir də belədir. Eyni dalğanın sözə çevrilmiş təzahürləridir. Sadəcə olaraq, hər şair bu dalğanı ayrı-ayrı rənglərdə görür və fərqli biçimlərdə ifadə edir.

-Həyat belə…

-Bəli. Elə həyat da təkrarlanır. Su kimi, hava kimi, dəyişən və yenilənən fəsillər kimi. İnsan hardan gəlmişdisə, ora da qayıdır. Dünyaya gəlməzdən öncə havada, suda, meyvədə, işıq da… Bir sözlə, təbiətdə idik. Yenə zərrələrə bölünüb, havaya, suya, meyvəyə, işığa dönəcəyik.

-Sevginin insandan öncə yarandığı düzdür?

-Bax, bu yaradıcı sualdır. (gülürük) İnsan təbiətdə son yaranmış varlıqdı. İnsanla yaradılış tamamlandı. İnsandan öncə varlıqda minlərlə növ canlı mövcud idi. Canlı vardısa, demək ki, sevgi də vardı. Bu səbəbdən tam əminliklə deyə bilərəm ki, sevgi insandan öncə yaranıb.

-Heç xəyanətlə qarşılaşmısınız?

-Bizdə bəzən xəyanət sözünü çox məhdud anlamda başa düşürlər. Bu söz, daha çox qadının kişiyə, kişinin də qadına xəyanəti müstəvisində anlaşılır. Lakin xəyanətin saysız çeşidləri var. Məsələn, biz birinin digərini aldatdığını görüb susanda haqqa xəyanət etmiş oluruq. Xoşumuz gəlməyən birinə şəxsi çıxarlarımız üçün gülümsəyəndə, onu çox istədiyimizi deyəndə vicdanımıza xəyanət etmiş oluruq, çox güvəndiyimiz bir dostumuz bizə yalan deyəndə dostluğa xəyanət etmiş olur və s. Xəyanətlə deməzdim, amma dəfələrlə unutqanlıqla, vəfasızlıqla, nankorluqla qarşılaşmışam. Çalışıram ki, belə halları yada salmayım. Keçmişlə yaşamaq təbiətimə yaddır, daha çox gələcəyə boylanmağa çalışıram.

-Şeir yazanda da şair olursuz yazmayanda da?

-Şairlik həm də ürək məsələsidir. Şeir yazanda da, yazmayanda da bu ürək mənimlədirsə, deməli şeir yazanda da şair oluram, yazmayanda da.

-Bəs yaxşı insan olmaqla yaxşı şair olmağın fərqi nədədir?

öYaxşı şair olmaq istedad məsələsidir, Tanrı vergisidir. Yəni bu, şairin fərdi qabiliyyətindən daha çox vergidən irəli gələn bir haldır. Təbii ki, bu işdə çalışqanlığın və zəhmətin də rolunu danmıram. Yaxşı insan olmaq isə çox çətin məsələdir. Yaxşı insan olmaq üçün gərək hər gün imtina etməyi bacarasan. Bunun üçün gərək şəxsi istəklərinin tələblərindən imtina edəsən, maddiyatın mənəviyyatı üstələməsinə izin verməyəsən, gözqamaşdırıcı təkliflərdən imtina edəsən. İctimai maraqları şəxsi maraqlardan üstün tutmağı bacarasan. Bir sözlə içində boy atmağa çalışan tamaha divan tutasan. Bu səbəbdən yaxşı insan olmaq, yaxşı şair olmaqdan qat-qat çətindir.

-Mürəkkəblə yoldaş olanın əli boşda qalır yoxsa doluya çatır?

-Mürəkkəblə yoldaş olanın əli boşda qalmaz. Amma bir şərtlə ki, mürəkkəbinin mayası İlahi harmoniyadan yoğrulsun və heç zaman bu harmoniyanı pozmasın. Belə olan halda mürəkkəbin yazdıqları heç zaman pozulmur və sən növbəti yüzilliklərə əlidolu gedirsən. Sənin olmayacaq şeylərin, sənin olması üçün dəridən-qabıqdan çıxmaq axmaqlıqdır. O şeylər maddiyyatdır. Onlar əslində növbəti yüzilliklərə gedən yolda ağır yükdür. Ən qısa zamanda çiynindən yerə atmağa məcbursan.

-Hər yolun sonu var?

-Başlanğıcı olan hər şeyin, sonsuzluğun da sonu var. Hətta o, Allah olsa belə.

-Hal-hazırda nə işlə məşğulsuz?

-Hal-hazırda çalışıram. Bundan əlavə yazı-pozu işləri ilə məşğul oluram, Aziya.info saytının rəhbəriyəm. Eyni zamnda uzun müddətdir üzərində çalışdığım ümumtürk tarixi ilə bağlı araşdırmalarımı ayrıca kitab kimi nəşr etdirməyə hazırlaşıram.

-Kitablarınızı hədiyyə edəndə ürəyiniz də arxasınca gedir?

-İlk illərdən fərqli olaraq, indi kitabımı hər adama hədiyyə etmirəm. Təsadüfi adama kitab hədiyyə edəndə elə bilirəm ki, kitabım məndən narazı qaldı və məni bağışlamayacaq. Özümü günahkar kimi hiss edirəm belə hallarda. İndi kitabımı yalnız kitaba dəyər verməyi bacaran insanlara hədiyyə edirəm. Bu səbəbdən ürəyim rahat olur. Sözsüz ki, hər adam kitab hədiyyə etməyə layiq deyil.

-Yazılarınızın sonu, yəni aqibəti sizcə necə olacaq?

-Onu gələcək göstərəcək. Sadəcə olaraq, mən yazılmasını gərəkli hesab etdiyim mövzuları qələmə alıram. Və bilirəm ki, mən onları yazmasam, başqa heç kim yazmayacaq. Nədən ki, hər kəsin öz dünyabaxışı və hadisələrə yanaşma rakursu var. Mən də öz dünyagörüşümdən və hadisələrə yanaşma rakursumdan çıxış edirəm. Ümid edirəm ki, bəzi yazılarım ömrümün yetmədiyi illərə inamla addımlaya biləcək.

-Ədəbiyyat öz yerində və “Gənc ədiblər məktəbi” də həmçinin. Bəs Azərbaycanda gənc ədib var?

-Təbii, insan toplumunun olduğu hər yerdə ədəbiyyat var. Gənc ədib ifadəsi isə bir qədər yerinə düşmür. Nədən ki, ədib bəlli yol keçmiş bişkin və yetkin şəxsdir. Bu baxımdan gənc ədib yox, gənc yazarlarımız var. Aralarında kifayət qədər istedadlı olanları da var, təriflənməkdən özünü və sözünü itirib “zayı çıxanlar” da var, qafiyə düzüb sicilləmə yazanlar da var.

 -Siz kimləri oxuyursuz?

-Hər gecə ən azı 3-4 saat mütaliə ilə məşğul oluram. Demək olar ki, hər gecə saat 2-dən 6-ya qədər ya mütaliə ilə, ya da yazmaqla məşğul oluram (Saat 2-yə qədər 2-3 saat yatıram). Bu müddətdə saytlara baxıram. İmzalardan daha çox yazıları axtarıram. Qarşıma çıxan maraqlı yazıların çoxunu oxumağa çalışıram. Son illər məni fəlsəfi qatı olan yazılar, yaradılışla, tariximizlə, qədim mifologiyalarla bağlı araşdırmalar daha çox cəlb edir. Həm də düşünürəm ki, bu gün bu millətin şeirdən daha çox maarifləndirici araşdırma yazılara və analitik məqalələrə daha çox ehtiyacı var.

-Bəs kimlərdən yazırsız?

-Millətimizin tarixində iz qoyan, yüzlərə, minlərə örnək ola biləcək böyük insanlardan yazmağa üstünlük verirəm. Belə insanlar bizim çağımızda da var. Sadəcə olaraq, onları çox vaxt ya görmürük, ya da görməzdən gəlirik.

 

Şairlə həmsöhbət olub şeir dinləməmək olmaz!

 

Eheyyy! Sizinləyəm Turan ulusu!
Çağırın, uyuyan yurdum ayılsın.
Quzeydən Güneyə, üfüqlər boyu,
Sözüm eşidilsin, səsim duyulsun!

 

Yeri silkələrdi Türkün nərəsi,
İblisin bicləri bizi böldülər.
Çaldıran Turanın qara ləkəsi!
Ləkəni vuranlar gendən güldülər.

 

Ayıl, aç gözünü cahana bir bax,
Harda yaşayırsan, orda dardasan.
Kükrə sellər kimi , şimşək kimi çax,
Sənə səslənirəm, Türküm! – hardasan?!

 

Sən ki at belində gəzdin dünyanı,
Ümmanlar keçmisən, dağlar aşmısan.
Haqqın qarşısında sayğı göstərib,
Haqsızlıq görəndə aşıb-daşmısan.

 

Tək sənə tuşlandı şərin barmağı,
Sağın da, solun da yağıya döndü.
Unutdun savaşa birgə varmağı,
Qılıncmı korşaldı, eşqinmi söndü?!

 

Eheyyy! Səninləyəm min illər boyu,
Doğudan Batıya at çapanlarım.
Düzlərdə yaşarkən Batının soyu,
Dövlət quranlarım, El yapanlarım.

 

 

Ramilə QARDAŞXANQIZI

 




Ana səhifəyə qayıt        Baxış: 1 566          Tarix: 24-11-2017, 08:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma