Ramazan SİRACOĞLU
Dil ümumi olduğu üçün onu hamılıqla diqqət mərkəzində saxlamaq lazımdır. Hansısa bir sözün dilin lüğət tərkibindən çıxarılması və ya orfoqrafiyada dəyişikliyə ciddi müzakirələrsiz qərar vermək olmaz. Mətbuatda dilimizlə bağlı məsələlərin fəal şəkildə gündəmə gətirilməsi sevindirici haldır. Müzakirələrin mümkün qədər geniş tərkibdə aparılması dilimizin xeyrinədir. Xeyli müsbət nəticələrin də əldə olunması ürəkaçandır. Bəzən isə müzakirələrin təşkili, dilimizin lüğət tərkibinə və qaydalarına düzəlişlər edilməsi lüzumsuz görünür. Keçən həftələrdə hansısa qəzetdə bir başlıq getmişdi: “Zaryadkaya qarşılıq tapıldı”. Oxudum, inanmadım, çünki mən dəyərli alimimiz, hörmətli professor Sayalı xanım Sadıqovanı da, onun rəhbərlik etdiyi şöbənin işçilərinin də əksəriyyətini tanıyır, hamısının elminə, şəxsiyyətinə, milli təəssübkeşliklərinə də böyük hörmətim var: ya qəzetdəki material kontekstdən çıxarılaraq, ya da təhrif edilərək verilmiş olduğunu düşünürəm. Çünki, “yükləmə” hər yerdə “zaryadka” sözünün ekvivalenti ola bilmir: утренняя зарядка- səhər idmanı, физическая зарядка- fiziki təmrin. Orada “mesaj” sözünü “ismarıc” şəklində yazılacağı qeydi vardı. Dilimizdə “ismarlamaq” feilindən -ış- şəkilcisi ilə ( qaç-ış, vur-uş, söy-üş, gör-üş, döy-üş, bax-ış, sat-ış vs ) düzəlmiş “ismarış” variantı bədii ədəbiyyatda çox rastlanırsa, bunu dəyişib “ismarıc” şəklinə gətirməyə ehtiyac varmı?
Yaz olanda yağar yağış,
Otlar uzanar bir qarış.
Qaranquş eylər ismarış:
“Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm… ( Abbas Səhhət )
Cisimlərin adlandırılmasında bəzən onların şəkli, funksiyası, rəngi, bənzərliyi də önəmli rol oynadığı məlum faktdır. Bilgisayarın “mouse” adlanan ünsürünə “bələdçi” demək də özünü tam doğrultmur. Birincisi, “bələd” öz sözümüz deyil, ikincisi, “bələdçi” sözü yetərincə yüklənmiş söz durumundadır (“проводник, стюардесса, бортпроводник, егерь, следопыт, экскурсовод, гид” sözləri də həmin sözlə açıqlanır ). Olmazmı ki, “mousə” tam fərqli bir ad verək? Məsələn, “mouse” sözünə “gəzici” ya da “gəzgin” söyləmək olar. Həm öz sözümüzdür, həm də funksionallığı ilə uyğun təsir bağışlayır. Dildə hansısa sözün varlığı kiminsə şıltaqlığına, arzu və istəyinə bağlanmamalıdır. Söz lüğət tərkibində varsa, onu işlədib-işlətməmək şəxsin öz tərcihidir. Ürəyi istəyir işlətsin, istəmir işlətməsin. Məqamına, adamına, mövzusuna, auditoriyasına görə hansı sözü işlətməyi fərd özü qərarlaşdırmalıdır. Məsələn, kimsə “müvəffəqiyyət” sözünü tələffüz etməkdə və ya yazmaqda çətinlik çəkirsə, “kompaniya” ilə “kampaniya”, “diplomat” sözü ilə “diplomant”ı fərqləndirə bilmirsə, “toplum, dərgi, sezgi, duyum, uyum, basqı, yayğın, darğın, şaşqın, içdən, özəllik” kimi sözlərdən xoşlanmırsa, bizim dilimizin bunda günahı yoxdur.
Roma imperatoru Yuli Sezarla ( Caesar ) o dönəmin məşhur natiqi, dövlət xadimi Mark Tuli Siseron ( əslində, Cicero yazılmalıdır ) arasında baş vermiş bir əhvalatı xatırlatmaq yerinə düşər. Latın dilini mükəmməl bilən, həm də təsirli danışması ilə ün qazanmış Yuli Sezar (Plutarxın yazmasına görə, Siserondan sonra latıncanı nəhəng imperatorluqda ən yaxşı bilən şəxs olması ilə Sezar fəxr edərmiş ) senatda çıxış edərkən lazımsız yerə yunan sözləri işlətdiyi üçün ( varvarizmə yol verdiyinə görə ) Siseron ona etiraz etmişdirir. Yuli Sezar özünə haqq qazandırmaq üçün “Ne obliviscaris quod ego Caesar of Rome!- Unutma ki, mən Roma imperatoruyam!” söylədiyində Siseron eyni qızğınlıqla “Tu est romanorum imperatorem sed no imperatoris latine- Sən latın dilinin deyil, Romanın imperatorusan!” -söyləmişdir. Sonra da Sezar yanlışlığa yol verdiyini etiraf edir!
Ümumiyyətlə, dünyada ( ən azından, təqribən 4500 dil arasında 20 ən yayğın dildən heç biri ) saf dil yoxdur. Saf dil dedikdə, tərkibində alınma söz olmayan dili nəzərdə tuturuq. Müxtəlif səbəblərdən ( iqtisadi, siyasi, mədəni, hərbi, coğrafi, bir sözlə, ekstralinqvistik amillərdən ) dillər arasında söz və deyim mübadilələri, alınmalarının baş verməsi qaçınılmazdır. Bundan qorxmağa və əndişələnməyə də dəyməz. Zaman-zaman müxtəlif dillərdə dil alınmalarına qarşı çıxan puristlərin ( saf dil tərəfdarlarının ) güclü müqavimətlərinə baxmayaraq bu proses davam edir. Bəzən, puristlərlə yazıçılar arasında fikir ixtilafının ədəbiyyata inikasını izləmək mümkündür. Məsələn, rus şairi Aleksandr Puşkin özünün məşhur “Yevgeni Onegin” mənzum romanını yazanda adı çəkilən əsərin VIII fəslində varvarizmə qarşı kəskin çıxışları ilə məşhur olan rus dilçisi Şişkova lağ etmişdir: Du somme il faut... (Шишков, прости: не знаю как перевести- Şişkov, bağışla: bilmirəm necə tərcümə edim .)
İndi tarixin arxivlərində qalmış Sovet dövlətinin rəhbəri olmuş V. Lenin də rus dilinin lüzumsuz əcnəbi sözlərlə kirləndiyinə etiraz edirdi, “izyan” yerinə “defekt, nedouçyot- yerinə defitsit işlətmək olmaz”. Dil məsələsinə biganə qalmaq mümkün deyil. İstənilən dönəmdə, sosial məqamından, mövqeyindən asılı olmayaraq hamı dillə maraqlanmışdır. Qədimdən bu günə — Sokratdan, Platondan, Aristoteldən üzü bu yana dünyaca tanınan bütün məşhurlar da dillə bağlı fikirlər irəli sürmüş, ciddi araşdırmalar aparmışlar. Dilin əsas funksiyalarından biri olan nominativliyin ( cisimlərin isimləndirilməsi-adlandırılması- vəzifəsi ) məntiqi məğzini açıqlamaq istəyən Əflatun bu sirri çözə bilmədiyində əsəbiləşib “cisimlərin isimləndirilməsinin səbəbi səbəbsizlikdir” ( başqa sözlə, “at”a “at”, “it”ə “it” deyilməsində məntiq yoxdur ) – demişdir. Dilçilər yaxşı bilirlər, bir zamanlar, daha dəqiqi, 1923- 1950-ci illərdə keçmiş Sovet İttifaqında Nikolay Yakovleviç Marr ( 1865- 1934 ) adlı bir dilçi çox məşhur və nüfuz sahibi olmuşdur. O illərdə fəaliyyət göstərmiş sovet dilçiləri qürurla özlərini marçı adlandırırlarmış. Sovet elmi ierarxiyasında mümkün olan bütün titullara layiq görülmüş N. Marr əsaslı linqvistik təhsilə sahib olmadığından şəxsi fantaziyası hesabına, türk dil qrupunun varlığını “unudaraq” bütün dillərin 4 ünsürdən (-sal, ber, yon, roş ünsürlərindən ) yarandığı ideyasını irəli sürməkdə tərəddüd etməmişdi. Məddahlar N. Marrın “Dil haqqında yeni təlim” kitabını “Dilçilərin Quranı” adlandırırdılar. 1950-ci ilin 20 iyununda İ. V. Stalin “Pravda” qəzetində dərç olunmuş “Marksizm və dilçilik məsələləri” adlı yazısı ilə marçılığı və N. Marrın “ dilçilik konsepsiyası”nı darmadağın etdi. ( Deyilənlərə görə, bu məqalənin yazılmasında İ. Stalin professor A. Çikobavanın məsləhətlərindən faydalanmışdır ). Azərbaycanda da 1950-ci ilin 14 iyulunda həmin məsələ ilə əlaqədar böyük iclas keçirilmiş, iclasda bizimkilərin həmin ilin 9 mayından başlayan diskussiyalarda iştirak etməmələri vurğulanmış, Dil və Ədəbiyyat İnstitutu marçılığı tənqid məsələsində tələb olunan fəallıq göstərmədiyinə görə mərhum alim Məmməd Arif Dadaşzadə ciddi tənqid olunmuşdu. Məşum “molçat, turetskiy şpion” ifadəsi toplantıda məzar sükutu yaratmışdı. Dilimizin funksionallığının genişlənməsində böyük xidmətləri olmuş xalq yazıcısı Mirzə İbrahimov məhz ana dilinə göstərdiyi aşırı qayğıya görə volyuntarist N. S. Xruşşovun qəzəbinə tuş gəlmiş və 1958-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən çıxarılmışdır.
Ekstraordinarlığı ilə tanınan, əsl peşəsi türkoloq olan V. Jirinovski ( 1964-cü ilədək Eydelşteyn ) dövlət dumasında çıxış edərək “prezident” sözünü rus mənşəli “verxovnıy pravitel”, mer sözünü isə “qradonaçalnik” sözü ilə əvəz etməyi irəli sürmüşdür. Terminoloji araşdırmalar sahəsində danılmaz böyük xidmətləri olmuş mərhum dilçi Məmməd Qasımov dilimizdə vətəndaşlıq qazanmış sözlərin yenisi ilə əvəzlənməsini heç xoşlamazdı: “kömək-dəstək, mərtəbə-qat, məzuniyyət-dincəliş, kvorum-yetərsay” paralelliyində birincilərə üstünlük verirdi. Əlbəttə, dilimiz üçün “açıq qapı” prinsipinin, hər əcnəbi sözü qonaqpərvərliklə dilimizin lüğət tərkibinə daxil olunmasının, qətiyyən, tərəfdarı deyiləm. Diqqət və ciddiyyətlə sözləri saf-çürük etməklə dilimizin zənginləşdirilməsi və qorunmasını istəyirəm. Əminəm ki, bölgələrimizdə ədəbi dilimizdə işlənən bir çox əcnəbi sözlərin qarşılığı olan öz sözümüz var. Onları səbrlə araşdırıb sözlüklərə daxil emək lazımdır. Məsələn, dədəm danışıqda işlənən “zakaz / zakaznoy” sözünün yerinə həmişə “buyrma” deyərdi: “buyurma çəkmə”, “buyurma şalvar” vs. Açığı, bu söz mənə fars mənşəli “sifariş” sözündən çox üstün və doğma gəlir. Bu yazıda məqsədim orfoqrafiyamız və orfoepiyamızla bağlı bir məqama da münasibət bildirmək istəyirəm.
Dilimizdəki bəzi qoşasamitli ( “geminant” ) sözlər qrupu ərəb dilindəki “mübaliğə fəil”i adlanan فعال babı vasitəsi ilə yaranmışdır: rəsm-rəssam, qəsb-qəssab, seyr- səyyar, kizb-kəzzab, məkr-məkkar, xeymə-xəyyam, şiddət-şəddad, qəhr-qəhhar, cəbr-cəbbar, seyd-səyyad, həml-həmmal ( həml, yük deməkdir, həmmal/ hammal- yük daşıyan deməkdir; “hambal” şəklində yazmaq yanlışdır), rəml-rəmmal, həkk- həkkak vs. Dilimizin yeni orfoqrafiya sözlüyündə qoşasamitli sözlərdəki samitlərdən birini ixtisar etmək təklifi qəbul edildikdə Xəyyam- Xəyam, Səttar- Sətar, Əyyub-Əyub, Təyyar- Təyar, Fəttah- Fətah, Hümmət-Hümət, rəssam-rəsam, nəqqaş- nəqaş, xəttat-xətat, qəyyum-qəyum, yeddi- yedi, səkkiz-səkiz, doqquz-doquz, əlli-əli, güllə-gülə, qüllə-qülə, həssas-həsas, hətta-həta, bənna-bəna, əlbəttə-əlbətə, əvvəl-əvəl, rəqqas-rəqas, şillə-şilə, təəssüf-təsüf, zəvvar-zəvar, təmənna-təməna, qənnadı-qənadı, hissə-hisə, qəvvas-qəvas, şəkkak-şəkak və sair şəkildə yazılıb söylənəcəyini təsəvvür (o zaman təsəvür ?) edin. Orfoqrafiya ilə orfoepiya eyni şey deyil axı? Yoxsa bizim orfoqrafiya qaydalarımız sadəcə fonetik prinsipə ( eşitdiyin kimi yaz prinsipi ) əsaslanacaq, morfoloji ( söz köklərini və şəkilciləri standart şəkildə yaz prinsipi ), tarixi-ənənəvi ( dədə-baba qaydasında yaz prinsipi), fonematik, differensasiya, ideoqrafik vs daxil, digər prinsiplərdən imtina olunacaq? Ya da Türkiyədəki “Türk Dil Kurumu” adlı təşkilatın etdiyi bəzi yanlışlıqları biz də təkrarlayacağıq? İstər-istəməz, yadıma rus, ingilis, fransız, ərəb və fars dillərindəki orfoqrafik qaydalar düşür. Məlum olduğu kimi, rus dilində bir qrup sözlərin yazılışı ilə tələffüzü arasına xeyli və əhəmiyyətli dərəcədə müxtəlif fərqlər var. Lakin ruslar bundan narahat olmurlar.
Məsələn:солнце,честный,лестница,радостный,звездный,сердце,праздник,здравствуй,поздно, бездна, звёздный, чувствовать, явственный, девственный, голландский, шотландский, финляндский, гигантский, дипломантский, дилетантский, постланный, счастливый, совестливый, участливый, доблестный, захолустный, яростный, сердце,расистский, националистский, пастбище, хрустнуть, свистнуть (свистеть), хлестнуть, расистский, ландшафтный vs.
İngilis dilinin də orfoqrafiyasına nəzər yetirsək yazılışı ilə tələffüzü arasında fərq olan hədsiz miqdarda söz müşahidə edərik. Məsələn:
better [betə], letter [letə], psychology [saɪˈkɔledʒɪ], psychoanalyse [saɪkeuˈænelaɪz], psychiatry [saɪˈkaɪetrɪ], pseudonym [ˈsjuːdenɪm], pneumonia [njuːˈmeunɪe], pneumatic [njuːˈmætɪk], receipt [rɪˈsiːt], muscle [ˈmʌsl], fascinating [ˈfæsɪneɪtɪŋ], scene [siːn], sign [saɪn] (знак), design [dɪˈzaɪn], malign [meˈlaɪn], foreign [ˈfɔrɪn], , climb [klaɪm], debt [dɛt], thumb [θʌm], comb [keum], dumb [dʌm], listen [ˈlɪsn], whistle [ˈwɪsl], wrestling [ˈrɛslɪŋ], thistle [ˈθɪsl], hustle and bustle [ˈhʌslenˈbʌsl], debt /det/, doubt /daʊt/, subtle [ ˈsʌt(e)l], hope /heʊp/, drive /draɪv/, gave /ɡeɪv/, though /ðeʊ/, through /θruː/, daughter /ˈdɔːte(r), guitar /ɡɪˈtɑː(r)/, guidance /ˈɡaɪd(e)ns/, guild /ɡɪld/ .
Bənzər mənzərə fransız dilində də mövcuddur:
Homme-/om/, herbe- /erb/, hotel- /otel/, honneur- /onur/, harpe- /arp/, beaucoup- /boku/, Peugeot- /Pejo/, Voltaire- /Volter/, parlent- /parl/, bras - [bra], prix - [pri], lit - [li], achat - [aşa], placard - [plakar], corps - [kor], elles marchent - [elmarş], ils portent - [ilport], ils agitent - [ilzajit] , elles adoptent - [elzadopt], porter - [porte], imiter - [imite], fond- /fon/, argent- /arjon/, mais- /me/, epoux- /epu/, champ- /şam/, chat- /şa/, cadres- /kadr/, banc- /ban/, nez- /ni/ vs.
Ərəb və fars dillərinin də orfoqrafiyası ilə orfoepiyası arasında xeyli fərqlilik olduğunu xatırlatmaq faydalı olar. Bu nümunələr ərəb dilinə aiddir:
خلوا , كفروا, مشوا, واعبدوا ,تواصوا ,واسجدوا , نَاعْبُدُوا , َاغْفِرْلَنَا , قالوا , عملوا ,سجدوا ,كانوا
Yazılışı ilə tələffüzü müxtəlif olan aşağıdakı sözlər isə isə fars dilindədir:
خواهر, خواجه , خویش , خواب , خواستن , خوان, استخوان, خوار , غمخوار,خواهیش
Göründüyü kimi, ruslar, ingilislər, fransızlar, ərəblər, və farslar öz dillərinin orfoqrafiyalarında tarixi-ənənəvi prinsipdən əl çəkməmişlər. Bizim dilimizdə apostof işarəsini qaldıranda bir hörmətli alimimiz apostrof işarəsinin qaldırılması nəticəsində tonlarla mətbəə boyasına, kağıza qənaət olunacağını, çap və yazı işinin əhəmiyyətli dərəcədə sürətlənəcəyini “əsas” gətirmişdi. Nədənsə, rusların öz orfoqrafiyalarında mühafizə etdikləri “ ъ” və “ ь” işarələrindən, ingilislərin çox sözün sonunda oxunmayan “e” hərfini, ərəblərin bəzi izafət birləşmələrində və sözlərdə oxunmayan ا ,و ,ى ,ل fars dilində müxtəlif sözlərdə oxunmasa da saxlanılan “ و “ hərfinin mövcudluğunu unutmuşdu dəyərli mütəxəssisimiz. Gələcək nəsillə keçmiş nəsil arasında sələf-xələf əlaqəsinin itməməsi naminə, qədimdə yazılanların qüsursuz, tam və təfərrüatı ilə gələcək nəslə ötürülməsində problem yaşanmaması üçün onlar öz dillərini haqlı olaraq qayğı ilə qoruyurlar.
Məsələn, mübaliğəsiz demək olar ki, bu günkü iranlı gənclərin asanlıqla, heç bir əziyyət çəkmədən Rudəkini, Firdövsini, Sədini, Hafizi; müasir ərəblərin “Qurani- Kərim” başda olmaqla heyrətamiz sərbəstliklə Əbu Nuvvası, Əntərəni, Cahizi, İmrul Qeysi, İbn-əl-Əsiri, İstəxrini, İbn Əbd Rəbbihini; ingilislərin V. Şekspiri, F. Bekonu, D. Defonu, C. Svifti; fransızların Monteni, Korneli, Lafonteni, Molyeri, Rasini, Monteskyönü; rusların Kantemiri, Fonfizini, Krılovu, Karamzini, Lomonosovu, Derjavini vb oxuyub başa düşmələrinin başlıca səbəbi orfoqrafiyaya mühafizəkar münasibət bəsləmələri, dillərində olan sözləri qayğı ilə qoruyub saxlamalarıdır. Biz 1929-cu ilin yanvar ayının 1-dən 1939-cu ilin dekabr ayının 31-ə qədər latın qrafikasını işlətdik ( indi işlətdiyimiz hərflərdən bir qədər fərqli şəkildə: c,ç, y, ç, ğ, ı, ö, ü, j fərqli yazılırdı ), 1940-cı ilin yanvar ayının 1-dən kiril əlifbasına keçdik, 1958-ci ilin yanvar ayının 1- dək gərəksiz yerə “э, ю, ё, я, й, ц, щ” hərflərini və “ь, ъ” işarələrini də tətbiq etməyə başladıq. Sonra 1959- cu ildə həmin hərfləri və işarələri orfoqrafiya qaydalarımızdan çıxartdıq və bu dəfə 1961-ci ilə qədər rus dilində “o” hərfi ilə yazılıb “a” şəklində tələffüz edilən sözləri “a” hərfi ilə, “ц” ilə olanları “ts”, “щ” ilə yazılanları “şş” şəklində yazmağa başladıq: Maskva, qalxoz, sotsialist, dotsent, borşş vs. Yaxşı ki, bir müddət sonra bu yanlışlıq aradan qaldırıldı. Dilimizin fonematik təbiətini unudaraq bənzər şəkilləri öz nitqlərində ətalətlə hələ də davam etdirənlər vardır: lakal, palis, atel, satsial, afsay, afşor, aftalmoloq, akulist vs. Unudulur ki, bizim dildə “o” səsi “a” kimi tələffüz edilsəydi millət “oduna-adun, dolmaya-dalma, oyuna-ayun, bolluğa-balluq, oğula-ağul, dolaba-dalab” deyərdi.
Milli kimliyimizin göstəricisi olan dilimizi hamılıqla qorumalı və bu şərəfli vəzifənin yerinə yetirilməsində bütün qüvvələri ilə fəaliyyət göstərən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna ciddi kömək və qayğı göstərilməli, dilimizin inkişafı naminə gərəkli bütün tədbirlər həyata keçirilməlidir.
Paylaş: